Dünyamız çox gözəl bir yerdir. Yaşadığımız şəhər, məkan çox gözəldir. İnsanlarımız haqqında bunu deyə bilməyəcəm. Çünki çox pis qəlbli insanlar var, pis düşünən, hər şeyə pis tərəfdən baxan, etmək istədiyi bir şeyi başqasının düşüncəsinə buraxan... Məsələn, “eşiyə çıxma, geridən baxan nə deyər”, “bunu geyinmə, dalınca yüz söz deyərlər”, “saçını açıq qoyma, deyəcəklər özünə ər gəzir” və sair...

 

Nəyə görə axı? Mən hələ də baş aça bilmirəm. Kimin kimdə nə işi var. İnsanlar başqalarının həyatlarına qarışmağı özlərinə haqq bilirlər. Belə insanlara başqalarına dedikləri sözü özlərinə deyincə, mənim həyatım səni niyə maraqlandırır deyirlər. Amma mənim saçım, mənim geyimim, mənim harasa getməyim səni maraqlandıra bilər. Və bunu artıq bir iş, bir peşə halına gətirib çıxarıblar. Boşluqdan bilməyirlər nə etsinlər. Ya birinin ailə həyatını yıxmalıdırlar, ya da kimisə bir-birinə qırdırmalıdırlar. Ona görə də bu tip insanlar çox təhlükəlidirlər. Məncə onlar jurnalistlərin yerinə keçməlidirlər. Çünki kim harada, kiminlə nə edirdi, haradan gəlib, haraya gedirdi suallarını çox verirlər.

 

Yenə dar görüşlü fikirlər, eybəcər danışıqlar... İnsanlar dəyişən deyil. Düşünürəm, bəlkə bir gün hər şey yaxşı olar, bəlkə sabah olmasa da, amma bir gün... Bəlkə də bu dünyanı biz dəyişək?..

 

Deyirlər, qız uşağı oxumaz! Niyə? Öz əli pul tutub, sizə möhtac olmayacağı üçünmü? Qız maşın sürə bilməz! Niyə? Heç kimə ehtiyacı olmayacağı üçünmü? Makiyaj edə bilməz, gəzməyə gedə bilməz və daha nə qədər bilməzlər... Niyə axı?

 

Nəyə görə övladlarınızın həyatını qısaldırsınız? Niyə imkan vermirsiniz ki, dünyagörüşləri ola? Amma oğlana hər şey olar. Qıza qadağandır. İstərdim ki, “ona olar, buna olmaz” söhbəti olmasın. Baxın, zaman su kimi axıb gedir. Biz həyatda nəyi qazana bilmişik? Onun-bunun arxasıyca danışmaqdan başqa heç nəyi.

 

Hər şeyi bir kənara buraxın. Kim kiminlə sevgilidir, kim kimdən ayfon istəyib, kim boşanıb... – bunları boş verin! Enerjinizi belə şeylərə xərcləməyin.

 

Necə nail ola bilərəm, uğur qazana bilərəm deyə fikirləşin. Həyatda çox gözəl şeylər var. Məsələn, boş vaxtlarınızda çiçək əkə, kitab oxuya, şeir yaza, rəsm çəkə, pianino çala bilərsiniz... Mən boş vaxtlarımda albom düzəldirəm, çiçəklərimi sulayıram, çəmənlikdə uzanıb quşların səsini dinləyirəm... Bunları siz də edə bilərsiniz – insanlardan, dedi-qodudan uzaq, sakit bir məkanda. Bəlkə onda ağlınız yaxşılığa işləyər, pisliyə deyil.

       

                    Müəllif: Sübhanə Abdullayeva