Falçılıq qədim dövrlərdən bəri insanların gələcəyi öyrənmək, naməlum hadisələri anlamaq və həyatlarını yönləndirmək üçün üz tutduğu bir fenomendir. Müxtəlif mədəniyyətlərdə fərqli formalar olsa da, onun əsas prinsipi qeyri-maddi qüvvələr vasitəsilə insan taleyini oxumağa, dəyişməyə əsaslanır.

 

Falçılığın tarixi min illər əvvələ gedib çıxır. Qədim Misirdə kahinlər, Babil və Yunanıstanda orakullar, Şərqdə isə astrologiya və kahinlik geniş yayılmışdı. Qafqazda da falçılığa heç də az rast gəlinmirdi.  Tarix boyu burada falçılıq fərqli formalar almış, mistik inanclar və dini baxışlarla iç-içə keçmişdir. Qədim türklərin şaman ayinlərindən tutmuş, islam və xristianlıq təsiri altında formalaşan falçılıq ənənələrinə qədər bu regionda falçılıq həm qorxu, həm də maraq obyekti olmuşdur. Lakin zaman keçdikcə, insanların bilikləri artdıqca bunun yalnız xurafat olduğu, insanların yalnız psixoloji təsir altında bu kimi inanclara üz tutduğu aydınlaşdı. Elmin və məntiqin inkişafı ilə insanlar falçılığın qeyri-rasional olduğunu dərk etməyə başladılar. Buna baxmayaraq, bu hamıya şamil edilmirdi və insanlar elmdən üz döndərərək bu batil inanclara üz tuturdular.

 

“Millətim kitabı bağlayıb kənara qoyanda, oğul-uşaq evləndirmək üçün falçıya üz tutanda əmin oldum ki, bu xalqın savad almağa meyli olmayacaq və bu, illər keçsə belə dəyişməyəcək”. Bu sözlər  Azərbaycan ədəbiyyatında realizm və maarifçilik ideyalarının öncüllərindən biri, məşhur yazıçı, dramaturq, publisist və “Molla Nəsrəddin” jurnalının banisi Cəlil Məmmədquluzadəyə aiddir, hansı ki, onun maarifçi mövqeyini və xalqın savadsızlıq, mövhumat və cahillikdən qurtulması üçün duyduğu dərin narahatlığı əks etdirir. O, hələ bundan bir əsr əvvəl xalqın kitabdan uzaqlaşmasını, elm və biliyə yox, batil inanclara güvənməsini cəmiyyətin əsas problemlərindən biri kimi görürdü. Hər nə qədər zaman dəyişsə, texnologiya inkişaf etsə də bu problem dəyişmədi, əksinə, buqələmun rəngini dəyişərək mühitə adaptasiya olduğu kimi, müasir texnologiyalarla həyatımıza uyğunlaşdı. Tək işi uyğunlaşmaq olmadı. Müalicəsi olmayan xəstəlik kimi qanımıza keçdi, genetik irs kimi nəsildən-nəslə ötürülərək 2025-ci ilə gəlib çıxdı. İnsanın təbiət qarşısındakı acizliyindən yaranan bu inanclar bu gün yalnız savadsız adamların deyil, ali təhsilə sahib olanların da qanında dolaşır. İnsanların bu cahana sığmayıb kosmosda şəhər qurmağa can atdığı bu dövrdə bəziləri qıfılla, şamla bəxt açıb-bağlayırlar, ölüləri dirildə bildiyini iddia edən şeyx Nəsrullah obrazı kimi, dırnaqarası mollaların yazdığı “dualarla” müalicə olurlar, iş və təhsil həyatında “uğurlu” olub, çoxlu “pul” qazanaraq “varlanırlar”. Sonra qazandıqlarının müəyyən miqdarını yenə həmin “mollalara” xərcləyib, “göz-nəzər duası” yazdırıb, var-dövlətlərini güvənc altına alırlar. Beləcə, həm onlar varlanır, həm “mollalar”.

 

Ümumiyyətlə, bu işlərə baş qoşmaq siqaret çəkməyə alışmaq kimidir desək, yəqin yanılmarıq. Yəni bir dəfə “mollaya getsən”, bu, alışqanlıq halına gələ bilər. Belə bir nümunə verək: Məşhur bir Azərbaycan müğənnisi böyük bir konsertdən əvvəl falçıya müraciət edib və falçı ona səhnədə uğur qazanacağına dair müsbət proqnoz verib. Müğənni konsertində gözləniləndən daha çox uğur qazandığını düşünərək, gələcəkdə daha çox falçılara müraciət etməyə başlayır. Bu nümunə falçılığın və bu işlə məşğul olan “mollaların” cəmiyyətdə necə geniş yayıldığını və hətta məşhur insanlar arasında belə təsir yaratdığını göstərir. Özü də bu falçılar elə-belə adamlar olmurlar, onlar polifunksiyalı şəxslərdir ki, bir əməllə və bir neçə sətir sözlə evləndirmək-boşatmaq, öldürmək-yaşatmaq, almaq, satmaq, aləmi bir-birinə qatmaq, “Dəğdəğəha fətəndi/Tübbəl-kəra kərəndi/Tübbəl-kümü kümuha/Biyəndi, yəndi, yəndi”, – deyib Parisi partlatmaq və bir çox işlər görə bilirlər. Hələ onun kart falı, qəhvə falı, əlifba və nömrələrlə fal (numerologiya) kimi növləri də mövcuddur. Bunlardan ən çox yayılanı isə ulduz falıdır (astroloji proqnozlar).

 

Bunların hər biri müasir zəmanə ilə ayaqlaşmış və bugünkü dünyada falçılıq böyük bir kommersiya sektoruna çevrilmişdir. Xüsusilə sosial media və internet üzərindən fal xidmətləri geniş yayılıb. Astrologiya proqramları, fala baxma xidmətləri, hətta süni intellektlə işləyən falçılar belə mövcuddur. Bununla belə, bu sektorun böyük bir hissəsinin insanları manipulyasiya etmək və maddi qazanc əldə etmək üçün qurulduğu danılmazdır. Yəni uzun sözün qısası, bəzi şəxslər açıq-aşkar insanların avamlığından istifadə edərək pul qazanırlar. Bunun bütün səbəbi savadsızlıqdan irəli gəlir desəm boş olar, çünki ali təhsilli, təlim-tədris işi ilə məşğul ola şəxslərin belə cəfəngiyyatlara inandığının dəfələrlə şahidi olmuşam. Bəs insanlar niyə falçılara inanırlar?..

 

Psixoloji araşdırmalara görə, burada əsas amillərdən biri psixoloji təsir və inanc ehtiyacıdır. İnsanlar qeyri-müəyyənliklər qarşısında çarəsiz qaldıqda onlar üçün təhlükəsizlik hissi yaradan şeylərə inanmağa meyilli olurlar. Bundan əlavə, “özünü yerinə yetirən proqnoz effekti” də var. “Özünü yerinə yetirən proqnoz effekti” ilk dəfə Robert K.Merton tərəfindən təklif edilmişdir. O, bu fenomendən ilk dəfə 1948-ci ildə “The Self-Fulfilling Prophecy” adlı məqaləsində bəhs etmişdi. O, bu effekti sosial davranış və münasibətlər üzərindən izah edərək, insanların inanclarının və gözləntilərinin necə reallığa təsir etdiyini göstərmişdi. Mertonun fikrincə, bir proqnoz və ya inanc bir cəmiyyətdə və ya fərddə fəaliyyət göstərərək həmin inancın və ya proqnozun gerçəkləşməsinə səbəb ola bilər. Bu anlayış sosial elmlər və psixologiyada geniş istifadə olunur və insanların necə düşündükləri, inandıqları ilə reallığı necə formalaşdırdıqları arasında əlaqə qurur. Yəni falçılığa inanmaq savaddan, insanın məntiqindən deyil, psixologiyasından asılıdır.

 

Əslində, elmin və məntiqin gücünü qəbul etmək, təcrübəyə və sübutlara əsaslanmaq bəzən çox insanlar üçün çətin ola bilər. Falçılıq insanlara onların həyatlarını asanlaşdırma, təsəlli tapma və qərar vermə yollarını təqdim etdiyi üçün elmdən uzaqlaşmalarına səbəb olur. İnsanlar narahatlıqları və qeyri-müəyyənlikləri ilə mübarizə apararkən falçılığa müraciət edərək bu problemlərdən qısa yolla qurtulmağa çalışırlar. Bəzən isə öz rahatlıqlarını kiminsə bədbəxtliyində axtarırlar. Onlar bu batil inanclarını insanları, hətta öz doğmalarını ayırmaq, onlara xətər yetirmək kimi bəd əməllər üçün istifadə edirlər. Bax, burada “özünü yerinə yetirən proqnoz effekti “ də yalan çıxır. Bəlkə o, Amerika və Avropa ölkələrində özünü daha yaxşı doğrulda, psixologiyada araşdırma mövzusu ola bilər, lakin bizim lüğətimizdə falçılıq artıq “bədəməl” mənasını bildirir. Bax, bunun səbəbi psixologiya deyil, bizdəki avamlıqdan, savadsızlıqdan, elm kitabını bağlamağımızdan qaynaqlanır. Nə qədər ki, insanlar faktlara və sübutlara əsaslanan düşüncə tərzini qəbul etməyəcəklər bəd əməl və batil inancların cəmiyyətdəki yeri dəyişməyəcək və gələcək nəsillərə faydasız bəd miras qalacaq.

 

Çiyalə OSMANOVA