“Danışmaq dilin sözlər vasitəsiylə düşüncəni şifahi olaraq izah etməsidir” deyə ifadə olunur ensiklopediyada. Danışmağın insana məxsus bir xüsusiyyət olduğu da heç kimə sirr deyil. Əgər bu xüsusiyyətin yalnız insana xas olduğunu deyiriksə, o zaman bu nemətin dəyərini də yaxşı bilmək lazımdır. Allahın insana vermiş olduğu nemətlərin ən böyüklərindən biri də danışmaq olmalıdır yəqin ki.
Bu nemət insana bəxş edilibsə, bu o demək deyil ki, insan ağzına və ağlına gələn hər şeyi danışmalıdır.
Ətrafımızda çox danışan insanlara da rast gəlirik, heç danışmayanlara da. Çox danışdıqları halda heç bir şey izah edə bilməyənlər də var, heç danışmadıqları halda çox şey izah edənlər də...
Bizə verilmiş bir nemət olan danışmağın dəyərini bilmək üçün, dili gözəl şəkildə istifadə edə bilmək üçün, oxumaq, söz xəzinəsini inkişaf etdirmək, düşüncə dünyasını zənginləşdirmək lazımdır. Əgər bunlarsız danışmağa cəhd edəriksə bu gün küçələrimizdə yerli-yersiz istifadə edilən küfr dolu sözləri, mənasız müzakirələri danışmış olarıq. Bəzən də çox danışmaq insanı yerli-yersiz sözləri tələffüz etməyə gətirib çıxarır.
Həzrət Peyğəmbər “Ya xeyir danış, ya das sus” buyurur. Buradan da görürük ki, çox danışmaq insana xeyirdən çox zərər gətirir.
Bəzən gecələri təmiz hava almaq üçün eyvana çıxırsan ki, gözün, könlün açıla, onda da görürsən ki, bir neçə gənc, həttə yaşları uşaq yaşı deyə biləcəyimiz bir neçə nəfər toplaşıb ya biədəb-biədəb danışır, ya oğru aləmini müzakirə edir və ilaxır. Düşünürsən ki, bu gənclər niyə gedib evlərində oturmurlar, boşuna nəfəslərini tükədirlər. Ən azından, evdə oturub bir kitab oxusalar danışdıqları da mənalı olar və sözləri də doğru, düzgün tələffüz edərlər. Tələffüz demişkən, danışıqda düzgün tələffüz etmədikləri yetmirmiş kimi, bir də danışdıqları səhvləri elə o cür də yazıya tökürlər.
Bizim insanlarda bir də belə bir anlayış var ki, əgər bu adam susursa, heç nə danışmırsa bu adam heç nə bilmir. Biz də özümüzü çoxbilmiş olaraq göstərmək üçün başlayırıq ağlımıza və ağzımıza gələni danışmağa. Daha düşünmürük ki, qarşımızdakı bu mövzuda bəlkə də bizdən daha məlumatlıdır. Bu hadisənin də toylarda və ya yas mərasimlərində daha çox şahidi oluruq. Bir də görürsən ki, çayxanalarda domino oynamaqdan başqa şeylərə vaxt tapmayan biri siyasətçilərə siyasət dərsi verir, atom parçalayıq, yeni texnika icad edir...
Danışmaq, ifadə edə bilmək yalnız sözlərləmi reallaşır? Sözlərin ifadəyə köməkçi elementlər olduğu kimi, bir də bədən dili vardır. Üzümüzün aldığı şəkil, rəftarımız, hərəkətlərimizlə də çox şey izah edə bilərik. Doğru-düzgün danışmağı bacaranlar sözlərinin daha təsirli olması üçün bir də bədən dilinə müraciət edərlər.
Sonda onu da qeyd edim ki, ən çətin şey danışmaqdır. Hələ bir də Allah adına, Peyğəmbər adına söz söyləyirsinizsə bu daha da çətin olur. Bu mövzularda məlumatı olmadığı halda rahatca danışanları gördükdə isə narahat olmamaq əldə deyil. Bunun üçün dəlilsiz, sübutsuz da danışmamaq lazımdır. Danışanları da bu şüur ilə dinləmək lazımdır.
Yunus Əmrə buyurur ki:
“Söz ola – kəsə savaşı,
Söz ola – kəsdirə başı,
Söz ola – zəhərli aşı
Yağ ilə bal edə bir söz”.
İnsanlar “danışa-danışa anlaşarlar” deyiblər, amma cəmiyyət olaraq bunu hələ də bacara bilmirik kimi gəlir mənə...
Nəyi, harada və necə danışmağı bacara biləcəyimiz günlərin də gələcəyini ümid edirəm...
Müəllif: Hacı Bəkiroğlu