Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır (Mustafa Kamal Atatürk).
Müəllimlik peşəsi bütün dövrlərdə ən hörmətli, dəyərli və müqəddəs peşə olub. Müqəddəs peşə sahibi olan müəllimlər öz fədakarlıqları, sədaqətləri ilə şagirdlərinə bilikdən başqa bir ürək və ruh zənginliyi bəxş ediblər. Müəllim zülmətdə yanan nurdur, cəhaləti elmin qılıncıyla yox edən, qəlbiylə insanlara yaxınlaşan şəxsiyyətdir. O, gənc nəslin mənəvi aləminin memarıdır, cəmiyyətin etibar etdiyi şəxsdir.
Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə nə qədər dəyər versən də azdır. Müəllimlər haqqında yazmaq mənim üçün çox məsuliyyətlidir, eyni zamanda şərəfverici və qürurverici bir haldır. Mən özum də ziyalı ailəsində doğulmuşam, bu peşənin daşıyıcısı və təmsilçisiyəm. Məhz buna görə adları artıq əfsanəyə çevrilmiş, yaddaşlarda həkk olunmuş müəllimlərdən yazmağı özümə borc bilirəm. Düşünürəm ki, gənc nəsil onları tanımalı və dəyərləndirməlidir. Belə müəllimlərdən biri İslam Musayevdır.
İslam Şamil oğlu Musayev 1921-ci ildə Borçalı mahalının Lüksemburq (Bolnisi) rayonunun Sayalıoğlu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi Pedaqoji Məktəbinə qəbul olmuş, bir il sonra köçürmə yolu ilə Marneuli Türk Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir. 1940-cı ilin yanvarında təhsil nazirliyinin qərarına əsasən Axırkələk bölgəsinin Baqdanovka rayonunun Sağamoy kəndinə göndərilmişdir. Bu kənd həmin rayonda Azərbaycan türklərinin yaşadığı ən böyük məntəqə idi. Dünyəvi məktəblərin fəaliyyət göstərməsinin çox çətin olduğu bir dövrdə İslam müəllim ilk türk ibtidai sinfini açmağa nail olmuşdur. İki nəfər həmkarı ilə birlikdə təhsil uğrunda əsl mübarizəyə başlayan İslam müəllimin həyatı dəfələrlə təhlükədə olsa da bu, onu əzmkarlıqla getdiyi yoldan döndərməyib. O, 1941-ci ildə öz arzusu ilə müharibəyə yollanmış və Marşal Jukovun komandanlıq etdiyi 1-ci Ukrayna cəbhəsində vuruşaraq Almaniyaya qədər getmişdir. Qələbə gününü Oder çayı sahillərində qarşılamış, 1-ci və 2-ci dərəcəli Döyüş Şöhrəti, “Qızıl Ulduz”, “Berlinin azad olunmasına görə”, “İgidliyə görə” və bir çox orden və medallarla təltif olunmuşdur.
Dəfələrlə yaralanmasına baxmayaraq yenidən cəbhəyə qayıtmışdır. 1945-ci ildə müharibədən qayıdıb doğma Sayalıoğlu kəndindəki məktəbdə müəllim, eyni zamanda kolxozda mühasib işləmişdir. İslam müəllim öz doğma kəndindən başqa Daşlıqullar (indiki Muxrana), Qoçulu (indiki Çapala) və Sarallar kəndlərində də müəllim kimi işləmiş, gənc nəslin təhsili, maariflənməsi və inkişafı uğrunda fədakarlıqla, əzmlə çalışmışdır. 1962-ci ildə Əsmələr kəndinə köçüb bütün ömrünü bu kəndlə bağlamışdır. İslam Musayev 2012-ci ildə vəfat etmişdir.
İslam müəllimin yolunu bu gün nəvəsi Araz Musayev davam etdirir. Araz müəllim Parlaq Gələcək Gənclər Mərkəzinin təsisçisi və rəhbəridir. O, babasının təhsil, tərəqqi, inkişaf və maarifçilik ideyalarının daşıyıcısı və yorulmaz davamçısıdır. Araz müəllimə babasının başladığı, özünün isə əzmlə və sevgiylə davam etdirdiyi müəllimlik fəaliyyətində uğurlar arzulayıram!
Leyla YUSİFOVA