Gecikmək biz insanların adətidir. Müxtəlif səbəblərlə və bəhanələrlə gecikirik. Gecikirik və sonra peşman oluruq. Demək olar ki, gecikmək artıq bəzilərimizin həyatında adət halını alıb, adiləşib. Əvvəlcə məktəbə gecikmək, sonra ali təhsil ocağına, sonra işə və s. Gecikə, gecikə gedirik.
Saydığım bu gecikmələr bəhs edəcəyim gecikmənin yanında çox cılız olsa da, etiraf edək ki, böyük məsələlər elə kiçik məsələlərdən formalaşır (məsuliyyətli olmaq hər zaman üz ağardar).
Həyatda elə şeylər var ki, orada gecikmək böyük səhv eləməkdir, ömrü boyu vicdanı narahat olmaqdır. Vicdan narahat olanda da yaşamaq çətin olur.
Bəli, biz insanlara vaxtında, sağlığında dəyər verməyə gecikirik. Gecikirik, sonra da peşman oluruq. Atalarımız yaxşı deyib: sonrakı peşmançılıq fayda verməz. İnsanların sağ ikən qədrini bilmək, onlara sağlığında qiymət vermək lazımdır. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, böyük şairimiz Cabir Novruz dillər əzbəri olan “Sağlığında qiymət verin insanlara” şeirində çox gözəl ifadə etmişdir:
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır…
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
Ya ölənmi diriləcək?
Xoşum gəlmir
Bu köhnəlmiş adətlərdən,
Xoşum gəlmir…
Bu misralarda aydın görünür ki, insan həyatdan köçəndən sonra onun yeri görünür, ancaq onda da hər şey gec olur. Yəni dünyasını dəyişmiş insanlar haqqında xoş sözlər demək, onları yad etmək onları bizə geri gətirmir. Sağlığında onlara qiymət vermədiyimizə görə nə qədər heyifsilənsək də artıq bunun əbəs olduğunun fərqinə varırıq.
Xatırlayıram, gözəl yazıçımız Zahid Xəlilin “Qabarlı əllər” hekayəsini oxuduqdan sonra bir müddət hekayənin təsiri altında qalmışdım. Atası dünyasını dəyişəndə balaca oğlanın yeddi yaşı var idi, anası özünü oda-közə vuraraq gecə-gündüz tarlada çalışaraq yoxsulluqla oğlunu böyütmüşdü. Ana taxıl zəmisinə gedib sahənin kənarına tökülmüş başaqları ay işığında bir-bir toplayırdı. Sonra həmin buğdanı kirkirədə çəkərək un halına gətirir və oğluna çörək bişirirdi. Oğul boya-başa çatandan sonra anasının min əziyyətlə qazandığı bir tikə çörəyə ortaq olmamaq üçün işə düzəlmək fikrinə düşür. Universiteti bitirib professor olur, bir neçə illiyə onu xarici ölkəyə işləməyə göndərirlər. Lakin bu illər ərzində oğul bir dəfə də olsun anasına baş çəkmir. Ana oğlunu çox gözləyir, oğul gəlib çıxmır. Professor uzun müddətdən sonra doğma kəndinə qayıdanda qonşu Cəfər kişi evin açarlarını ona verərək anasının bir ay əvvəl dünyasını dəyişdiyini bildirir. Cəfər kişi professoru qəbiristanlığa aparır, professor qara mərmər üzərində qabarlı əlləri ilə kirkirə çəkən anasının şəklini görəndə donub qalır. Nə qədər çalışsa da, göz yaşlarını saxlaya bilməyib pıçıltı ilə “Məni bağışla, ana, çox gecikdim, borcumu verə bilmədim” deyir.
Yazıçı çox mühüm məna daşıyan və bütün zamanlarda aktual olan bir məsələni gündəmə gətirmişdir. Hekayə əsas mesajı təsirli formada bizə çatdırır. Ümumiyyətlə, nəzər salsaq görərik ki, bir çox dəyərli yazıçılarımız və şairlərimiz öz əsərlərində bu mövzuya toxunmuşlar.
Bir sözlə, hər kəsin əməyi sağlığında dəyərləndirilməli, hər kəs sağlığında ikən layiq olduğu qiyməti almalıdır. Elə yaxşı deyiblər, hər şey öz vaxtında və yerində gözəldir.
Dilarə TƏHMƏZOVA