Ömür adlı çıxdığımız bu enişli-yoxuşlu yolda günlər bir-birini qovaladıqca ölümə bir addım da yaxınlaşdığımızın fərqində belə olmadan sürətlə irəliləyirik. Hətta bəzən qarşımıza bir təqvim qoyub düşünürük ki, 2 ay sonra filan şey olacaq, 15 gün qalıb, filan yerə gedəcəyik. Kaş ki bir az tez çata o gün. Fərqində belə deyilik ki, həsrətlə gözlədiyimiz o bir gün, hətta bir neçə saat üçün ömürdən günlər axıb gedir. Bu qaçhaqaçda, bu qovhaqovda nə edirik, hara tələsirik, özümüz də bilmirik. Hətta hər doğum günündə bir-birimizi böyük bir şövqlə təbrik edirik ki, ömrünün bir ili də geridə qaldı. Amma düşünmürük ki, nə etdim, nələrə sahib oldum, nələri qazandım bu ötən zaman ərzində. Bunlar bir yana dursun, düşünmürük ki, bu dünyanın bir də o dünyası var və biz o dünya üçün hansı “azuqə”ni görə bilmişik. Ölümü nə qədər xatırlamışıq? Ümumiyyətlə, heç yadımıza düşübmü?
Bir zamanlar türk telekanallarından birində “Küçük kıyamet” adlı bir dini-əxlaqi veriliş yayımlanırdı. Orada yolunu azmış insanlara bir mələk əvvəlcədən ölümü xatırladırdı ki, hər etdiyin günahda və ya hər hansı bəlli bir hərəkətdə ölümü xatırla, yoluna düzəl. Kaş ki bu gün biz insanların da doğrudan da elə bir xatırladıcımız ola... Axı biz unutqan varlıqlarıq. Xeyirimizə olan, oyanmamıza səbəb olacaq şeylərin varlığını unuduruq, hələ çox israr edən olsa manqurtlaşa da bilirik. Ətrafımızdakıların ucuz sevgisini qazanmaq üçün, onları güldürmək üçün “kim gəlib o dünyadan, xəbər gətirən varmı” deyə soyuq, şit zarafatlarımızdan da qalmırıq. Allah axırımızı xeyirə çıxarsın.
Deyirlər, əvvəllər qədim türklərdə belə bir gözəl adət var imiş, başlarına çarşafdan hazırlanmış dolaq-dolaq, əmmaməyə bənzər papaq qoyarlarmış, xüsusilə də padşahlar, sultanlar və digər vəzifə və hüquq sahibləri. Ömür bitib həyatdan köçən zaman həmin papaq açılar, çarşafdan kəfən biçilər və mərhumu bu çarşafla dəfn edərlərmiş. Buna görə hətta onlara “kəfənini başında gəzdirənlər” ifadəsi işlənərmiş. Bunda isə məqsəd o imiş ki, papaq başa ağırlıq etdikcə həmişə ölümü xatırlaya, adil davrana, ədalətli qayda-qanunlar, hökmlər verə. İndi burax papağı, kəfəni, başımıza dəyirman daşı da keçirsən, ölümü xatırlada bilməzsən. Əksinə, onunla da fəxr edib böbürlənərik ki, mənim daşım səninkindən daha böyükdür. Çünki biz əbədi yaşayacağımızı düşünən yaradılmışların “ən alisi”, yer üzünün əşrəfi, unutqan insanlarıq.
Kəfən demişkən, dəhşətli işlər baş verir, kəfəndə belə ayrıseçkilik var, ay qadan alım. Bahalı parçadan, zər-zibadan, nə bilim, hətta bəzən xalçadan da döşəyənlər var altına, “rahat” olsun deyə. “Desinlər” naminə. Bəlkə də yazığın sağlığında heç xalça üstə oturmağa ixtiyarı olmayıb, nə rahatlıq görüb ailədə, nə hörmət. Anlamırıq ki, o dünyada rahatlıq üçün, öləndə altına xalça salmaq lazım deyil, sağ ikən çalışmaq lazımdır. Çalışmaq, bəli, amma bahalı xalçalar almağa yox, soyuqdan titrəyən bir yoxsula libas, aclara bir qab isti yemək, yetimlərə bir nəvazişli sığal, bəzən də bir məsum gülümsəmə səbəbi olmaq üçün.
Sözdə cahillik dövründə yaşamış “kəfənini başında gəzdirənlərlə” dünyanı tutub duracaq kimi yaşayan “müasir” bizlər, eyni dünyanın fərqli insanları. Deyəcək bir tək söz qalır, vaxtı yetişib Mizan qurulan zaman bizləri də onların hörmətinə əfv eyləsin Allah, bizlərə də onlar kimi İman və Quran ilə getməyi nəsib etsin, inşallah!
Lətafət KƏRİMOVA