SOSİUM

13. QIRMIZI FƏNƏRLƏRİN TUTQUN İŞIĞI VƏ YA YALANÇI CƏNNƏT

 

Niderland cəmiyyətinin necə yaşadığını, nəylə nəfəs aldığını, hansı dəyərlərə üstünlük verdiyini öyrənmək, dərk etmək və bu ölkə barədə, onun insanları barədə düzgün qənaət çıxarmamız üçün bizim bu ölkəyə təşrif buyurmamız, az da olsa burada yaşamamız, müşahidələr aparmamız gərəkdir. Yəni buranın özündən buraya baxmamız lazım. Biz hərdən Avropaya münasibətdə müxtəlif fobiyalarımıza bürünərək çıxış edirik. Hətta bu fobiyalarımızdan əziyyət çəkmiş kimi də görünürük. Bizim Avropaya can atmamız, Avropaya üz tutmamız bu fobiyalarımızın fonunda baş verir. Afrikadan, Asiyadan, Latın Amerikasından Avropaya axışanların çoxluğu bizim Avropa sevməzliyimizin doğru olmadığının təsdiqi kimi görünür. Bizim avrofob olmamız nədən qaynaqlanır? Bunun bir səbəbi olmalı deyilmi? Bunu bir-iki cümlə ilə anlatmağa çalışacam. Və mənim fikirlərimlə razı olub-olmamanız da sizin öz işiniz. Fikrimcə, bizi avrofob yapan beynimizdə Avropanın əxlaqsız bir obrazının oturuşması ilə bağlı olmalıdır. Zaman-zaman Şərq-Qərb mədəniyyətlərinin fərqli olması, avrosentrizm nəzəriyyəsinin ortaya atılması, İkinci Dünya müharibəsindən sonra “soyuq savaş”ın yaratdığı ideoloji savaş bu obrazın yaranmasında, şəkillənməsində mühüm rol oynamışdır. Bu bir psixoloji haldır və biz bundan imtina etməliyik. Düzdür, Avropada insanlar bizim alışmadığımız bir sıra azadlıqlara malikdirlər. O sıradan da seks azadlığına. Bu azadlıqdan yararlanıb, bunu özünə peşə seçənlər də var. Avropanın İtaliya, İspaniya kimi ölkələrində küçə fahişələrinin olması da bəllidir. Fahişələrin xidmətlərini təklif etdikləri, açıq fəaliyyət göstərdikləri müəssisələr – saunalar, fahişəxanalar da mövcuddur. Bu qədim peşə ilə məşğul olmaq azaddır, şəxsin öz seçimidir, öz istəyidir. Bu da bir biznesdir. Kapitalizm cəmiyyətinə “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” prinsipi yaddır, bu prinsip burada işləmir, heç nəyə yaramır. Kapitalizmdə hər şeyin alınıb-satıldığı məlumdur. Qədim peşəni özlərinə peşə seçənlərin sahib olduqları, bazara çıxarıb sata biləcəkləri əmtəə isə onların bədənləridir. Bədənini müvəqqəti olaraq başqalarının istismarına və ya başqalarına icarəyə verən şəxs bunun qarşılığında aldığı haqla özünün və ailəsinin keçimini təmin edir. Bu adamlara isə ətrafdakılar çox normal münasibət bəsləyərək onlarla qonşuluq edir, dost olurlar. Fahişəliklə məşğul olanlar, bu sektorda çalışanlar kimlərdir? Qırmızı Fənərlər küçəsində gördüklərimə əsaslanıb, fahişəliklə məşğul olanlar arasında ağ, qara, sarı – hər irqdən adamın olduğunu söyləyə bilərəm. Mənim sizə nə yalanım? Bədənini bazara çıxaranlar arasında Şərqi Avropa ölkələrindən gələnlərin daha çox olduğunu da söyləmək olar. Bu, Nidelandın qonşuluğunda yerləşən Almaniyada da, Belçikada da müşahidə edilir. Amersfortda yaşayarkən, seks sektorunda daha çox qeyri-hollandların məşğul olduğunu müşahidə etmişdim və bunu əminliklə söyləyə bilərəm. İnternet üzərindən seks xidmətləri təklif edənlər arasında da hər irqdən, hər dindən olanları aydınca görmək olar.

 

Niderland 2020-ci ilin yanvarından özünün ikinci adı olan Hollandiyadan imtina etdiyini rəsmiləşdirdi. Bu addan imtinanın bir çox səbəbləri olmamış deyil. Onların arasında “seks” və “narkomaniya cənnəti” imicindən qurtulmaq istəyi də var. Bizim əxlaq normalarımızla tərs gələn “seks” və “narkomaniya cənnəti” kimi təsisatların Hollandiya adı ilə birgəliyi, bu adla assosiasiya olunması ondan imtinanı başa düşülən edir. Qısa kəssəm, Hollandiya adından imtina Niderlandın yeni imicinin dizayn edilməsi ilə nəticələnməlidir. Niderland bununla üzündəki Hollandiya adlı maskadan imtina edərək, öz həqiqi simasını dünyaya göstərmək niyyətindədir. Haydı, düşərli olsun!

 

Bizim Niderlandda mövcud olan seks və narkomaniya azadlığına buradan, Niderlandın içərisindən qiymət verməmiz üçün gözümüzlə gördüklərimizin, müşahidələrimizin, gəldiyimiz qənaətlərin təqdimatı üçün əsil məqamın yetişdiyini düşünürəm.

 

Və artıq Qırmızı Fənərlər küçəsinə kiçik bir gəzintiyə çıxmağın məqamıdır. Niderlandı dünyada “seks cənnəti” kimi tanıdan, Amsterdamın lap göbəyində yerləşən bu məkana yol alaq. Nədən ki, Qırmızı Fənərlər küçəsi şəhərin seks simvoludur, seks turizminin mərkəzidir. Buranın təsviri olmadan ələ aldığımız mövzunun yarımçıq qalma ehtimalı da bizim o küçəyə getməmizi tələb edir.

 

Qırmızı Fənərlər küçəsi Amsterdamın Dam meydanının beş addımlığında yerləşir. Evlərin arasından dar keçidlərdən birbaşa küçəyə çıxmaq mümkündür. Əslində dar keçidlərdə də qırmızı fənərlərin yandığını, öz xidmətini təklif edən seks işçilərinin şüşə vitrinlərə yapışmış bədənlərini görə bilərsən. Qədim Romanın evin qapısında müştərilərini gözləyən, keçənləri yoldan çıxarmaq istəyən doride adlanan fahişələri kimi, burada da fahişələrin müştəri tovlamaq üçün dəridən-qabıqdan çıxdığını görmək olar. Qırmızı Fənərlər küçəsinin atmosferi ora çatmamışdan hiss olunur. Addımbaşı rastına çıxan, müştərilərinə xidmət üçün vaxtın gec olmasına baxmayaraq, hələ də açıq olan restoranlar, kafe-barlar, müxtəlif hədiyyələr, əsasən də erotik aksesuarlar satan dükanların bolluğu diqqətini cəlb edir. Adamların çoxluğu da diqqətdən yayınmır. Qırmızı işıqların, tünd qırmızı pərdələrin get-gedə daha çox nəzərə çarpması Qırmızı Fənərlər küçəsinin lap yaxınlıqda olduğunun xəbərçisidir.

 

Restoranlardan yayılan müxtəlif qoxular arasında marixuananın başgicəlləndirici qoxusu dərhal hiss olunur. Bu dar keçidlərdə gördüyün mənzərələr – boğuq qırmızı işığa, tox qırmızı pərdəyə bürünmüş hücrələr, geniş şüşə vitrinlər arxasında üzünə-gözünə soyuq-saxta təbəssüm qonduran, küçədən keçən hər kəsə potensial müştəri kimi baxıb, bədənini nümayiş etdirən fahişələr, erotik əşyalarını az qala keçənlərin gözünün önünə düzərək, nə şopinq məqamıdır mesajını verən dükanlar, səssiz-səssiz yürüyən insanlar sanki böyük bir pantomim tamaşasının başlayacağından xəbər verir. İnsanların çoxluğuna rəğmən səssizliyin ətrafdakı hər şeyə hopması səni görünənlərin həmin tamaşa üçün hazırlanmış dekorasiya, adamlarınsa oyunçu olmasına inandırır.

 

Qayır-qayır qaynaşan insan selinin içərisinə nə zaman qarışdığını belə fərq etmirsən. Ani çaşqınlıqdan sonra artıq Qırmızı Fənərlər küçəsinə gəlib çatdığını fərq edirsən. Küçəni uzununa bölən kanalın hər iki sahili boyunca dolaşan minlərlə insanın arasına sən də qarışırsan. Müxtəlif dillərdə danışan insan selinin yaratdığı uğultu arasında Qırmızı Fənərlərdən yayılıb kanalın sularında bərq vuran işıq mənzərələrinin seyrinə dalıb, ətrafda olanlardan baş çıxarmaq istəyirsən.

 

Və axına qarışıb küçə boyu dolaşırsan. Artıq fevral gecəsinin qaranlığı şəhərin üzərinə çökmüş, yağan yağış Niderlandın yağmur mövsümü yaşadığını xatırladır. Küçədə dolaşanlar çətirlərinin, burada əksəriyyətin gündəlik istifadə etmək üçün yanlarında gəzdirdikləri yağmurluqlarının altına girmiş, bəziləri də gödəkçələrinin başlıqları altında yağışdan qorunur. Pəncərələrindən qan qırmızısı işıq süzülən, bu işığın altında qırmızılığı daha aydın seçilən pərdələri yana çəkilmiş hücrələr və bu hücrələrin şüşələri arxasında dayanaraq özlərinin gündəlik işlərini icra etməkdə olan fahişələr tamaşa vermək üçün səhnəyə çıxmış kimi görünürlər. Bağlı qapı arxasından boylanan bu yarıçılpaq fahişə qadınlar müştəri tutmaq üçün küçədə dolaşanları seyr etməkdədirlər. Başqa çıxış yolu da görünmür. Həm hücrənin kirayəsini ödəmək, həm qazanmaq, həm də dövlətə vergi vermək tələbi var. İstəməsə belə o, müştəri cəlb etməli, ona xidmət göstərməli və əvvəlcədən sövdələşdiyi məbləği almalıdır. Hücrələrin qapısı içəridən açılır. Bu da fahişələrin təhlükəsizliyi üçün düşünülmüş bir yöntəmdir. Bəs nə bilmişdiniz? Ölkənin qanunları kimliyindən asılı olmayaraq, hamını qorumağa borcludur.

 

Şüşə vitrinlərin arxasında dayanmış bu canlı manikenlərə adi bir eksponat və ya əmtəə kimi baxıb keçənlər arasında onları mimikası ilə, əl-qol hərəkəti ilə təhqir etmək istəyənlər də az deyil. Onların ağrıları, makiyajlarının arxasında gizlətdikləri yorğunluq heç kimin eyninə də deyil. Turistlər bura bunları düşünmək üçün də gəlməyiblər. Dincəlməyə, əylənməyə gəldikləri də bəlli. Nə etməli? Bu yolu seçənlər onun məşəqqətlərinə də dözməli deyillərmi? Hər işin öz çətinliyi var demirlərmi? Bir də düşünürsən ki, soyunublarmı cəhənnəmə soyunsunlar, qara yola soyunsunlar. Bunun da dərdini çəkəsi deyilik ki? Bundan ötrü qaramı bağlayacağıq? Turistlərin əksəriyyətinin bu cür düşünməsi təbiidir.

 

Fahişələr üzlərində süni təbəssüm, öz soyuq baxışları ilə hər hücrənin qarşısında daha da tündləşən qırmızı işıqların altında qaynaşan adamlar arasından öz müştərilərini axtarmaqdadırlar. Onların baxışlarındakı soyuqluq şikarı üzərinə atılmağa hazır olan yırtıcının baxışlarını xatırladır. Bəzilərinin üz-gözündə xoşbəxtliyə, sevincə bənzəyən təbəssüm də sezmək olur. Bu da onların gün ərzində müştərilərinin bolluğu ilə əlaqədar olmalıdır. Müştəri ilə sövdələşmənin baş tutduğunu, hücrə sahibinin artıq müştəri mingirləyə bildiyini hücrələrin qapalı pərdələrindən anlaya bilərsən.

 

Qırmızı Fənərlər küçəsinin özəlliyi təkcə fahişələrin sərgisi ilə məhdudlaşmır. Burada teatrlaşdırılmış seks səhnələrinə baxmaq üçün xüsusi əyləncə yerləri də yaradılıb. Striptiz barlar, porno teatrlar. Bunun üçün əlini cibinə salmaq, pul xərcləmək lazım olduğunu da bilməlisən. Əslində elə bunlar turistlərin cibini tərs üzünə çevirmək üçün düşünülüb. Bu küçənin mahiyyətini tam anlamaq üçün xüsusi müəssisədə ora-burasını – bədəninin intim yerlərini təbəssümlə nümayiş etdirən pornoulduza 10-12 nəfərin ayrı-ayrı kabinələrdən eyni vaxtda tamaşa etmək imkanı var. Cəmi iki dəqiqə çəkən bu göstəri ucuz başa gəlir. Aşağı-yuxarı 2 avro. Sözarası deyim ki, istənilən fahişənin üzündəki təbəssümün yapışdırma-süni olması həmin an hiss edilir. Onların keflərindən qımışmadığı dərhal anlaşılır. Bir də düşünürsən ki, bu saxta təbəssümlər haradasa hazırlanır, mağazalarda hazır satılır, fahişələr də 5-10 avro verib alır və üzlərinə yapışdırırlar. Lazım gəldikdə də yeniləyirlər. Texnologiya əsridir, nə desən çıxar. Məsələn, mağazaya girib satıcıya deyirsən: “Zəhmət olmasa mənə beş avroluq təbəssüm ver”. O da soruşur: “Hansından? Çin malımı, Avropa istehsalımı?”. Burada hər cür erotik zir-zibil satılan mağazaların bolluğu sənin bu cür düşünmənə səbəb olur.

 

Qırmızı fənərli hücrələrdən süzülən işıq qarşıdakı kanalın sularında çəhrayı rəngdə əks olunur. Gecə olmasına rəğmən turistlərin verdiyi müftə qonaqlığa başı qarışıb yuvasına dönmək istəməyən ququşu cütlüyünün bəyaz tükləri də çəhrayı rəngə bürünüb. Fahişələrin müştəriləri, elə müştərilər də onlardan geri qalmırlar, əlcək kimi dəyişdiyi bu məkanda sadiqlik rəmzi, monoqamiya ilə bir-birinə bağlı olduğu, “getmə gözümdən, gedərəm özümdən” fəlsəfəsinin qanadlı versiyasını yaşadan, biri öldükdə o birinin də intihar etdiyi barədə əfsanələr dolaşan qu cütlüyünün burada olması çox ilginc təsir bağışlayır. Qu ailəsi bəlkə Qırmızı Fənərlər küçəsində dolaşan insanlara ilahi bir mesajı öz quş dilləri ilə çatdırmaq üçün göndərilib? Nə bilmək olar bu dünyanın işlərini?

 

P.S.

Koronavirusla bağlı Niderland hökumətinin təxirəsalınmaz tədbirlər gördüyü barədə tez-tez xəbərlərə rast gəlirdim. Rastlaşdığım xəbərlərdən biri diqqətimi daha çox cəlb etdi. Xəbərdə Niderlandın həm iqtidar, həm də müxalif partiyalarının birləşərək fahişələrə, hollandların təbiri ilə desək, seks işçilərinə sosial yardım göstərilməsi üçün hökumətə təkliflər paketi təqdim etmələrindən bəhs olunurdu. Təkliflərdə seks işçilərinin koronavirus səbəbindən müştərilərini internet üzərindən evlərində qəbul etdikləri, buna gəlirlərinin azalması və dolanışıqlarının çətinləşməsi ucbatından məcbur olduqları, bunun isə onların həyatını təhlükəyə atdığı əsaslandırılırdı. Onların əsas peşələri olan fahişəlikdən müvəqqəti də olsa uzaq tutulması, onları alternativ işlərə yönləndirməyin daha doğru yol olduğu da həmin paketdə təklif edilirdi. Əslində bu xəbərdə mənim üçün fahişələrə yardımın edilib-edilməməsi maraqlı deyildi, maraqlı olan üç partiyanın cəmiyyətin bu təbəqəsinin qayğısına qalması təşəbbüsü idi. Bax, budur sosial dövlət. Dövlət fahişəsinə də sahib durmalıdır.

 

P.P.S.

Niderlandda fahişəliyin qanuniləşdirilməsinə, seksin azad olmasına, əhalinin cinsi fəallığının yüksəkliyinə baxmayaraq, HİV/QİÇS xəstələrinin sayı ölkə əhalisinin 0,2 faizinə bərabərdir. Bunun isə nə qədər kiçik bir rəqəm olmasını söyləməyə belə gərək yox.

 

Afiq MUXTAROĞLU

Niderland