Universitetdə psixologiyadan test keçirildi, sual belə idi ki, filan vəziyyətə düşsən necə hərəkət edərdin? Cavablar çox müxtəlif idi. Hamı məntiqlə, ağılla, səbirlə çıxış yolları göstərirdi. Professor 20-21 yaşlı gənclərə baxıb təmkinlə gülümsəyirdi. Növbə mənə çatanda qaşları çatıldı, həmişə hamıdan çox sual verən, fəal tələbə ciddi şəkildə susmuşdu. Onun mənə diqqəti sanki auditoriyanı ayıltdı. Sual dolu baxışlar məni əhatəyə aldı. Professor:

 

– Sənin cavabın maraqlı olar, Borçalı qızı.

 

Sakit başımı yellədim:

 

– Mən deyə bilmərəm, müəllim.

 

– Niyə?

 

Müəllimin maraqla verdiyi sual hamının olmazın diqqətini tamamilə mənə yönəltdi. Məcbur ayağa qalxdım. Bir neçə saniyə susdum və hamıya nəzər salıb dedim:

 

– Yaxın dostunun xəyanətini bu gün biz açıq başla dinlədik və bir nağıl kimi ağılla məsləhət verə bilərik. Özümü nə qədər ağıllı hesab etsəm də, o vicdansız hadisə başıma gələrkən təbii şəkildə nə yaşayacağımı deyə bilmərəm. Ola bilər, kimisə qətlə də yetirə bilərəm, təbii ki, sonra peşman olmaq şərtiylə... dəyməzmiş düşünəcəkdim, amma zamanında nə edəcəyimə qəti əmin deyiləm.

 

Professor müəllimimiz üzünü auditoriyaya çevirdi:

 

– Razısınızmı, gənclər?

 

Fikir ayrılığı yarandı. Professor əliylə sakitliyi bərpa işarəsi verdi və kürsüsünə yaxınlaşıb qeyd kitabını götürdü:

 

– Sizi zamanın həyat meydanına buraxıram. İnşallah, heç vaxt qərarınızdan peşman olmayasınız, – deyib qəribə bir təbəssümlə otaqdan çıxdı. Təbəssüm sanki Cokonda müəmması kimi çox mücərrəd idi. Ya o müəllim tələbələrin saflığına güldü, ya təcrübəsizliyinə, ya da mənəm deyən qürurlarına istehza etdi, çünki yaş fələyə kələk deyirdi.

 

O vaxtdan illər keçib, bilmirəm doğrudan da eləyəm, ya yox, amma mən heç kimsənin əməlinə istehza etmədim, daxilində hikmət axtardım, əlbəttə, baxır hansı vəziyyətə; həmişə düşündüm ki, Allah dediyimiz tale yazarı bizə düşüncə veribsə, nə xoş halımıza. Düşünməzdən fərqli olaraq ağılla addım atmalıyıq, öz məsuliyyətsizliyimizi şeytanın üstünə atmadan addımlamalıyıq. Fiziki qüsuru yoxsa sıradan biri “bilmirəm” sözünü deməməlidir, deyirsə günah özündədir. Hə, bax istehza istiqaməti ona yönəlməlidir. Yəni insanın edə bilməyəcəyi heç nə yoxdur. Edə biləcəkləri içində səhv qərarları, o cümlədən də “mən olsam elə etməzdim, belə edərdim, o səhvdir, bu düzdür” sindromudur. Biz başqasının yerinə necə qərar verə bilərik axı?

 

Həyatda yüzlərlə qətllər, intiharlar olur. İnanıram ki, qatillərin 90 faizi sonra peşman olur, intihar həddi də həmçinin, o elə bir an ki, beyin yalnız baş vermiş hadisə üzərində düşünür, qəti nəticəni, sonrakı peşmançılığın faydasız olacağını düşünmür. O an yalnız kinin, nifrətin əsirisən. Yaxud da lazımsız mübahisələri müzakirə edənlər haqlı tərəfi axtararkən də özünü həmin adamların yerinə qoysalar belə düzgün qərar verə bilməzlər. Heç vaxt! Çünki o təpkini – zərbəni yalnız yaşayan bilə bilər. Zərbənin ağırlığı isə orqanizmin fiziki gücündən asılıdırsa, söz zərbəsinin təsiri də qürürdan, mənəvi dəyərdən də asılıdır. Fiziologiyada bir-birinin əksi olan iki nəfər yoxsa, deməli, insanlar da bir-birindən fərqlidir. Eyni əks təsiri heç vaxt edə bilməzlər. Təhqirin dərəcəsi təhqir olunanın götürümü ilə tərs mütənasibdir. Kimin üçünsə adi söz digəri üçün acı səslənə bilər.

 

El arasında qeybət dediyimiz maraqlı müzakirə növü son vaxtlar qınaq mövzüsü kimi geniş vüsət alıb. Hamı bir-birini qınayır: “Yox, əşşi, düz etməyib, bu belə olmalıydı, belə edilməliydi, gərək belə etməyəydi, elə olaydı...” Kimsə düşünmür ki, axı mən onun yerində deyiləm, o yaşadığını mən yaşamıram, həmin an o cümlənin dəyəri hansı psixoloji vəziyyət yaradır, nə dərəcədə təhqirli alınır...

 

Məncə, hər bir şüurlu insan özünə zərər verən addıma getməz (təbii ki, istisnalar var). Yəni kimsənin zərərini kimsə ondan yaxşı bilməz. Odur ki, başqalarının həyatını müzakirə etməyək! Qınamaq çox asandır. Qınanmaqdan qorunmaq üçün qınamayaq!

 

P.S.

 

Bakıda bir qonşumuz vardı, yaşlı qadın idi. Bir gün işə gedəndə yol yoldaşı olduq. Təsadüfən rastımıza çıxan digər qonşu – boşanmış bir gəlin mənə salam verdi, özümü eşitməzliyə vurdum. Qadın bunu sezdi və “Yoxsa sən də bunu qınayırsan”, – dedi. Yalan demədim, düzü də etiraf etmədim. Susdum.

 

Qadın dedi:

 

– Sən ağıllı gəlinsən, xoşum gəlir səndən, amma günahdan qorun, bala. Mənim ərim öldü, 3 uşaqla qaldım, 1-2 il maraqlanan oldu; kənardan gələnlə ailə dolanmaz, amma yenə az-çox oldu, tədricən kəsildi... qınamırdım, sovetlər təzə dağılmışdı, hamı ailəsini güclə dolandırırdı, mən yaddan çıxdım. Mühasib işləyirdim, maaşlar da bəzən bir neçə ay gecikirdi. 3 uşaqla çox çətin idi. Vəziyyətimi bilən bir iş yoldaşım dedi ki, istəsən bir evə səni köməkçi düzəldim, qoca kişidir, oğlu İsraildə yaşayır, yaxşı pul verər, sənin kimi dürüst adam axtarır. Razılaşmazdımmı? Elə yorulmuşdum ehtiyacdan.

 

Beləcə işdən sonra gedib kişinin yeməyini bişirir, paltarını yuyur, evini yığışdırırdım. Sağ olsun, oğlu mənə o dövrə görə çox miqdarda maaş verirdi. Hərdən gələndə uşaqlarıma, özümə geyimdən tutmuş əşyalara qədər gətirərdi. Beləcə o ailənin hesabına 3 oğulu oxutdum, yerləşdirdim. Sağ olmuşlar kişi öləndən sonra da mənə, oğlanlarıma kömək etdilər ki, atamızın üstündə haqqın var.

 

Bilirsən mənə nələr demədilər: biri dedi ərə gedib, biri dedi, əşşi, nə bilim nələr... amma bircə nəfər demədi ki, bəs necə dolansın?!. Bax məni yandıran o idi ki, illərlə halımı soruşmayanlar indi vaxt tapıb qeybət edirdilər. Mənim gücüm nəyə çatardı? Yalnız onu deyirdim ki, ay Allah, onları sənə tapşırıram. Allah mənə haqq verdi, amma onlar nahaqlarıyla cəzalansalar da haqqı anlamadılar.

 

Odur ki, qızım, amandı, bilmədiyin heç nəyi danışma, böhtanın cəzası ağırdır.

 

Esmira ƏLƏKBƏRLİ