Müəllifi Məmməd Həsənli olan “Dəlisən, dəli” şeirini teatral formatda səsləndirdiyim üçün bəziləri məni tənqid etdi. Əslində, tənqid də demək olmaz, çünki dodaqlarının arasından paxıllıq atəşi tökülürdü. Bəyənməyə bilərsən, hər kəsin öz işi, öz zövqü var. Mən də çox adamı bəyənmirəm, amma bu o demək deyil ki, bəyənmədiyim adam iş görmür. Onun da öz izləyicisi, öz auditoriyası var. Guya şeir belə oxunmazmış, guya sözün bədən dilinə, hərəkətə çevrilməsi onun mahiyyətini pozurmuş. Bu yanaşmanı doğru hesab eləmirəm.
Şeir təkcə oxunan mətn deyil. Şeir nəfəsdir, ritmdir, daxili qışqırıqdır, bəzən də susaraq deyilən fəryaddır. Bu sözləri bir çox qələm adamlarından eşitmişəm və haqlıdırlar. Tarix boyu şeir səsləndirilib, bədənlə, musiqi ilə bir arada olub. Aşıqlar sazla oxuyub, dərvişlər şeiri zikr kimi səsləndirib, böyük şairlərin misraları teatr səhnələrində monoloqa çevrilib. Məsələn, onlardan biri, rus şairi Vladimir Mayakovski şeirlərini səhnədə, bəzən teatral jestlərlə təqdim edirdi. Tamaşaçılar onun şeirini eşitməklə yanaşı, hiss edirdi, yaşayırdı. Deməli, sözün səhnəyə çıxması onun təbiətinə zidd deyil, əksinə, kökünə qayıtmasıdır.
“Dəlisən, dəli” şeiri içində üsyan, ağrı, qırılma daşıyan bir mətndir. Belə bir şeiri sakit oxumaq onun ruhunu yarımçıq göstərməkdir. Mən onu teatral formatda təqdim etməklə şeiri oynamadım, onun içindəki gərginliyi, psixoloji partlayışı göstərməyə çalışdım. Teatr yalan danışmaq sənəti deyil. Teatr daxildə olanı göstərmə sənətidir. Şeir də elədir, bu ikisi birləşəndə söz sadəcə eşidilmir, həm də yaşanır. Tamaşaçı şeiri oxumadan da hiss edir, anlayır. Bəziləri “şeir belə olmalıdır”, “teatr elə olmalıdır” deyə sənəti çərçivədə saxlamaq istəyirlər. Amma sənət çərçivəni sevmir. Sənət nəfəs kimi azad olanda yaşayır. Əgər bir şeir səhnədə insanın içini silkələyirsə, deməli o şeir orada yerini tapıb. “Dəlisən, dəli” şeirini səhnədə səsləndirəndə onun gizli qışqırığını açdım. Və inanıram ki, söz səhnədə yaşayırsa və ya səhnədə göstərilirsə daha canlı, ölümsüz görünür.
Bəli, Rəsul Rza, Məmməd Araz və digər Azərbaycan şairlərinin şeirləri də aktyorlar tərəfindən teatr səhnəsində və monoloq formatında səsləndirilib. Şeir səhnədə olmalıdır – bunu mən demirəm, şeirin özü deyir. Bundan bir neçə il əvvəl Xəlil Rza Ulutürkün “Azadlıq” şeirini “BEEZ” Uşaq Teatrının aktyorları ilə səsləndirmişdik, 7 yaşındakı uşaqların ilk işi idi və pis də alınmamışdı. Mən aktyoram və öz baxış bucağım var, necə görürəmsə, elə də səhnələşdirirəm.
Ümumiyyətlə, bu gün bir çox şairlərin şeirlərinə baxsaq görərik ki səsləndirənlərin əksəriyyəti aktyorlardır və doğrudan da şeirə ruh verirlər. İnanın, bəzən elə gözəl səsləndirmələrə qulaq asıram, amma şeiri apar tulla (Bunun əkisini də görürəm, şeiri qiraətçi pis günə qoyur). Deməli, şeirə ruh verən qiraətçidir. Təbbi ki, hər şeir səsləndirənə də qiraətçi demək olmaz.
Bu gün könül istərdi ki, daha çox qiraətçilərimiz olsun, gənclərimizdə maraq, demək olar ki, çox azdır, hətta deyərdim qadın qiraətçilərimiz yoxdur. Təbii ki, söhbət Gürcüstanda yaşayan azərbaycanlılardan gedir. Ola bilər ki, var, amma özlərini göstərmirlər. Olsa, pis olmaz. Bəli, reallıq budur, bu gün şeiri tamaşaçıya sevdirən qiraətçilərdir, aktyorlardır, onu səhnələşdirən rejissorlardır. Şeir səhnədə olmaz deyənlər, bu qədər pesimist olmayın.
Binəli İslamoğlu