Əvvəllər cəmiyyətimizdə nəsillərarası münasibətlər xüsusi əhəmiyyət kəsb edirdi. Dədələr, babalar ailənin və ümumilikdə cəmiyyətin ağsaqqalı sayılar, öz həyat təcrübələri ilə gənclərə yol göstərər, onlara düzgün istiqamət verərdilər. Kiçiklər isə böyüklərə hörmətlə yanaşar, onların sözünü diqqətlə dinləyər, davranışlarını özlərinə örnək götürərdilər. Bu qarşılıqlı münasibət cəmiyyətin mənəvi dayaqlarından biri idi və insanlar arasında sağlam bağların formalaşmasına xidmət edirdi.

 

Bizlər də bu böyüklərin sözünün sadəcə nəsihət olmadığına, həyatın süzgəcindən keçmiş bir həyat təcrübəsi olduğuna inanmışdıq. Onların söylədikləri çətin anlarda gənclərə dayaq olur, doğru qərar verməkdə yol göstərirdi. Gənclər böyüklərin nəsihətindən güc alar, onların həyat tərzindən ilhamlanar və öz gələcəklərini daha sağlam əsaslar üzərində qurmağa çalışardılar.

 

Lakin bu gün bəzən fərqli bir mənzərə ilə qarşılaşırıq. Nəsihət yerinə ikili davranışlar, iki sözdən birinin kobud ifadələrlə müşayiət olunması, etik çərçivədən kənar hərəkətlər getdikcə daha çox müşahidə edilir. Bəzi hallarda böyüklər özləri gənclərə örnək olmaq əvəzinə, onların gözündə nüfuzlarını itirəcək davranışlar sərgiləyirlər. Bu isə gənclərin böyüklərə olan hörmətini sarsıdır, onların düzgün nümunə axtarışında məyusluq yaşamasına səbəb olur.

 

Ən narahatedici məqam isə odur ki, bu cür halların artması nəsillər arasında uçurumu daha da dərinləşdirir. Gənclər artıq təkcə nəsihətə deyil, həmin nəsihətin arxasında dayanan davranışa baxırlar. Əgər sözlə əməl arasında uyğunsuzluq varsa, deyilənlər öz təsir gücünü itirir və inandırıcılıq zəifləyir.

 

Əslində isə gənclərin böyüklərdən öyrənəcəyi çox şey var: səbir, təmkin, həyat təcrübəsi, ailə və milli-mənəvi dəyərlərə bağlılıq. Amma bu dəyərlər yalnız sözlə deyil, davranışla ötürülür. Çünki gənclər eşitdiklərindən daha çox gördüklərinə inanırlar. Onlar üçün ən təsirli dərs, göz önündə baş verən real davranışdır.

 

Məsələn, bir ağsaqqal gəncə “vaxtını səmərəli istifadə et, kitab oxu, özünü inkişaf etdir” deyirsə, lakin özü gününü çayxanalarda və ya yol kənarlarında məqsədsiz şəkildə keçirirsə, bu nəsihətin heç bir təsiri olmaz. Əksinə, belə ziddiyyət gəncin düşüncəsində şübhə yaradır və deyilən sözlərin dəyərini azaldır.

 

Cəmiyyətin sağlam inkişafı üçün böyüklərin sözü ilə əməli arasında uyğunluq olmalıdır. Gənclərə hörmətlə yanaşmaq, onları anlamağa çalışmaq, etik və məsuliyyətli davranış sərgiləmək nəsillərarası dialoqun əsas dayaqlarıdır. Unutmaq olmaz ki, tərbiyə yalnız öyüd-nəsihətlə deyil, nümunə ilə verilir.

 

Bu baxımdan hər bir böyüyün üzərinə böyük məsuliyyət düşür. Onlar yalnız sözləri ilə deyil, davranışları ilə də gənclərə yol göstərməlidirlər. Çünki bugünkü gənclər sabahın cəmiyyətini formalaşdıracaq əsas qüvvədir və onların necə formalaşması birbaşa bu gün gördükləri nümunələrdən asılıdır.

 

Əgər bir ağsaqqal, və ya valideyn hər gün evə içkili halda gəlirsə, oğluna və ya nəvəsinə alkoqol qəbul etmə, siqaret çəkmə deməyinin heç bir təsiri qalmayacaq. Çünki bu gənc düşünəcək ki, əgər bu söylədikləri zərərlidirsə o zaman özü niyə qəbul edir?!

 

Unutmamalıyıq ki, ən güclü nəsihət sözlə deyil, nümunə ilə verilir. Babaların, ağsaqqalların davranışı gənclər üçün yol göstərən bir işıq olmalıdır. Əks halda, biz bir-birimizdən öyrənmək əvəzinə, bir-birimizdən uzaqlaşacaq, cəmiyyət olaraq mənəvi dəyərlərimizi itirmək təhlükəsi ilə üz-üzə qalacağıq.

 

Hacı Bəkiroğlu