İnsanoğlu özünü aldadıb boşuna giley-güzar etməyi nə qədər də sevir. Əlimizlə yıxdığımız, uçurub pərişan etdiyimiz gəncliyin gəldiyi vəziyyətlə necə də üzümüz qızarmadan giley-güzar etməyi bacarırıq.

 

Əlimizlə cırmadıqmı həya pərdəsini? Parça-parça edib atmadıqmı ayaqlar altına? “Mən edə bilmədim, uşağım etsin” sözlərini deyə-deyə gəncliyə zərbəni biz vurmadıqmı? “Başqaları edir, mənimki geridə qalmasın” sözlərini özümüzə qalxan edib, arxasına sığındıq. Əlbir olub gələcəyimiz olan gəncliyi yazıq etdik. Hətta sevinə-sevinə, qürurlana-qürurlana etdik bunu. İndi durub “zəmanə belədir, gənclərə söz keçirmək olmur, varı-yoxu anlamırlar” deyə giley-güzar edirik. Yanlış yolda olduğumuzu, gələcəyimizi düşünmədiyimizi dərk etmədik.

 

Üstünlüyü geyimdə, libasda, dəbdə gördük. Düşünmədik ki, libasla, geyimlə üstünlük olmaz, üstünlük libaslar içindəki insanların şəxsiyyətləri ilə bəlli olur. Görünüş, gözü boyamaq, gözdən pərdə asıb əsl görünməsi gərəkəni gizləməkdir. Haradan gəldiyi məlum olmayan libaslar içərisinə niyə gizlətdik ki, biz gəncliyin şəxsiyyətini? Niyə qoymadıq gələcək nəsil şəxsiyyəti ilə var olmağı bacarsın, görünüşü ilə deyil. Bu zərbəni biz vurduq gəncliyə, kənardan başqaları gəlib bu zərbəni endirmədi. Bizim əlimiz olmasa başqaları bunu edə də bilməzdi.

 

Bir məkana girərkən, bir məclisdə söz deyərkən görünüşlə qarşıdakıları aldadıb etibar qazanmağa çalışdıq, ancaq bu qədər çırpınmağa gərək varmı? Saf, təmiz gəncliyi buraxsaydıq var olduqları kimi saglam düşüncələri və təmizlikləri ilə ləyaqət, etibar qazanardılar, görünüşlə deyil.

 

İndi durub şikayətlənməyin, giley-güzar etməyin, bir faydası olmaz. Gələcəyə, gəncliyə zərbə üstünə zərbə vurduq, düşünmədik ki, bu zərbə özümüzə dönəcək, özümüz öz əlimizlə dönülməsi çətin olan yollara itələdik gənclərimizi.

 

Bu gündən sonra fəryadlar fayda verməz. Qarşısını almaq üçün yeni yollar, yeni metodlar düşünməliyik və ya bu yolla gedən gəncliyə baxaraq səssiz fəryadlar etməliyik. Seçim bizimdir, hələ də gec deyil. Gənclik gözəldir, gələcək gözəldir əslində. Gəlin gec olmadan çiçək qədər təravətli olan gəncliyimizi yanlış yönləndirmələrdən əlbir olaraq qurtaraq.

 

Lamiyə HACIYEVA

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi

Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri