Bir nəfər kor yaz günəşinin altında dayanıb Günəşi öyürdü:
– Ey İşıq Okeanı! Ey möcüzələr möcüzəsi! İndi gör sənin boyda möcüzəni Yaradanın özü nə dərəcədə böyük olmalıdır!
Bu, kənarda dayanıb dinləyən bir nəfərə çox təsir edir. Heyrətini gizlədə bilməyib soruşur:
– Qardaş, axı bu necə olur? Sən günəşi görməyə-görməyə ona bu qədər tərif deyirsən?
Kor belə cavab verir:
– Gözlərim tutulan gündən günəşi qəlbimə-ruhuma köçürdüm, qardaş! O vaxtdan sanki qəlbimdən doğmağa başlayır günəş. Amma kor olmayanların çoxu günəşə sadəcə olaraq ətrafdakı digər əşyalara baxan kimi baxırlar. Qəlbinin gözü ilə gör, qardaş, qəlbinin gözü ilə!
Əlbəttə, günəşi qəlbə köçürmək də bir Sənətdir. Çünki əslində hərənin qəlbində öz məxsusi günəşinin olmağı çox mənalı, çox həyati, çox da lirikdir! Qalır bu günəşdən kiminsə könüllü imtina eləməyinə, ya da son nəfəsə qədər öz günəşinə sadiq qalmağına – bunlar hamısı bir yerdə könül məsələsidir!
Məsələn, mənə gəlincə, adamlar görmüşəm ki, gecələr günəş üçün ağlayırlar, gündüzlər isə könüldən göylərə baxıb günəşi görməyə ərinirlər. Yox, yox, nə fotodermatoz, nə fotodermatit xəstəlikləri var, nə də əriməkdən qorxurlar e, bəlkə də gizlin saxladıqlarının işıqda görünəcəyindən ehtiyatlanırlar. Kim bilir...
Amma bir dəfə biri Mirzə Qələmə deyibmiş:
– Evin tikilsin (yaxşı ki, yıxılsın deməyib), mənim vaxtımmı var ki, günəşə də baxam? Unutma: vaxt – puldur, vaxt – günə baxmaqla günəbaxan olmaq deyil!
...Doğrudan da, günəş hamı üçün doğurmuş, amma heç də hamını nurlandırmırmış, hamını aydınlatmırmış.
Günəşlə birgə oyanmadıqları, şəfəqlərlə-şüalarla oynamadıqları, sevgi bəsləmədikləri bir yana, günəşi, günəş misilli həqiqətləri, haqq adamları ləkələyənlər də istənilən qədərdir. Əlbəttə, elmdə, məsələn, astronomiyada “Günəş ləkələri”ndən danışılır. Amma bu, ayrı mövzudur, arada-sırada heç biz girən kol olmur. Amma, bizim Qalaktikanın məlum olan 200 milyard ulduzundan biri olan Günəşi öz qəlblərindəki kiçik günəşlərlə bərabər yaşadaraq səmimi qovşaq eləyən “günəşcillər”i ləkələyənləri, Mirzə Qələminki olmasın, Diogenin tüpürcəyinə tuş olsunlar!
Diogen demiş...
...orada ayla, illə, burada müxtəsər dillə, bizim eradan əvvələ gedəsi oluruq.
Vaxtı ilə Diogenin vətənində hesab edirdilər ki, Günəş – Heliosun, yəni mifoloji təsəvvürlərə görə günəş tanrısının arabasıdır. Adamlar da bunu qəbul edirdilər. Çünki adamlara həmişə iki şey lazım olub: çörək və tamaşalar! İlk Olimpiya oyunlarına araba yarışları da daxil idi. Və təbii ki, hər atlet də öz arabasını Heliosun arabası hesab edirdi. Bu da yarışlardakı udmaq ehtirasını alovlandırırdı... Onda Anaksaqor adlı filosof ilk olaraq axına qarşı getdi. Dedi ki, Günəş – heç də Heliosun arabası deyildir! Aləm (qədim Yunanıstan) dəydi bir-birinə! Amma bütün təfərrüatlara toxunmayaq. Müxtəsəri, bu cür düşüncəni təbliğ etdiyinə görə Anaksaqoru həbsə atdılar. Yazıq uzun müddət ölüm hökmünü gözlədi...
Bəlkə də unudulmaz Diogen illər sonrası elə unudulmaz Anaksaqoru nəzərdə tutaraq belə buyurmuşdu: “Günəş öz şüalarını təzəklə dolu xəndəklərə də toxundurur, amma qətiyyən bulanmır”.
Bu olumlu-ölümlü dünyada xeyli adam da elə təzək olaraq qalırmış.
Üstü – bəzək, içi – təzək olmağın faciəsindən arazbarı azmı yazılıb?
...Amma sən birisinin təzək olmağına deyil, bəzəyə kor-koranə tonnaj-tonnaj bağlanaraq kiçik günəşlərə kin və ədavət bəsləməyinə, təəssübkeşliyinə bax! İfrat dərəcədə fanatizmini, “qeyrət” çəkməkdə ifrata varmağını, “fədakar”casına tərəf saxlamağını demirəm. Şərin – adı pasportda necə gedirsə eləcə də yazıram – nəinki özünün, hətta kölgəsinin təəssübünü çəkməyini deyirəm! Siz ana dilimizdə “kölgə”ni heç böyük hərflə yazan gördünüzmü? Sonra deməyin ki demədi. İşdi-şayəd, onun həndəvərlərində, hüdudlarında “kölgə” sözünü birdən kiçik hərflə yazarsınız ha! Bəs deyirdiniz kölgənin təəssübü, təəssübkeşi olmur! Noooldu?.. Yoxsa unudulmaz Konfutsi boş yerəmi demişdi: “Əgər bir yerdə kiçik insanların kölgələri böyüyürsə, demək o yerdə Günəş batır”.
Əlbəttə ki, yer üzündə həyatın mövcudluğu səbəblərindən birinin, yəni Günəşin biryolluq batıb-batmamağı bütün ulduzlardan yuxarıda olan Yaradanın əmrindədir!
Amma unutmayaq: buralarda batabatda olan kiçik günəşlər də var!..
P.S.
...Böyük İskəndər özünü günə verən Diogeni görüb dayanmış və təəssübkeşliklə: “Sənə nə kömək edə bilərəm?” – deyə soruşmuşdu.
Böyük ustad belə cavab vermişdi: “Köməyiniz lazım deyil, lütfən, günəşin qabağını kəsməyin”!
...“Günəşin qabağını kəsənlər”dən başqa hamıya səslənirəm: Diogenin heyranıyam. Bu, bir!
İkincisi, “Google”yə İbrahimxəlil yazırsan – mənim adım gəlmir, unudulmaz İbrahimxəlil xanın adı gəlir. “Günəşin qabağını kəsənlər”in (onlar hər əsrdə var!) ucbatından Xan bağında qanı axıdılan İbrahimxəlil xanın! Amma Diogen yazırsan, onda mənim adım da gəlir. Yoxlaya bilərsiniz, sadəcə olaraq Diogen haqqında olan şeirimin bircə bəndinə, bəlkə də bircə misrasına istinad eləmək lazımdır:
Kim yoğurub-yapdı bunca gil adamları?..
...ucqar yerdə gil adamlar gülə şərdilər!
Mən çəlləkdə yaşamadım Diogen kimi;
Diogeni lağa qoyub gülüşərdilər...
İBRAHİMXƏLİL