Həyat elə qəribədir ki, bir gün qadın olduğun üçün zəif adlandırıla, bir gün də yenə eyni səbəbdən təbrik ala, xoş sözlər eşidə bilərsən. Bu günləri bir-biri ilə müqayisə edək desəm, riyaziyyatı çox zəif bilən biri belə doğru cavabı asanlıqla tapa bilər.

 

Adətən hər il mart ayının səkkizinci günü xüsusi bayram ab-havasında qarşılanır. Ailədə, qohumda, qonşuda olan bütün qadınlara təbriklər ünvanlanır, hədiyyələr verilir, xoş sözlər söylənilir. Hətta təbrik eləməsən səndən inciyib-küsən belə olur. Hər gün qadın cinayətini, qadına qarşı zorakılığı təbliğ edən seriallarda o gün “normadan” kənara çıxılaraq qadının dəyərindən danışılan bölümlər yayımlanır. Həmin günün sabahı isə həyat yenə öz normal axışına geri qayıdır.

 

Hər kəs təsdiqləyər ki, bu günlərdə əsasən təbriklər, hədiyyələr qarşı cinsdən gözlənilir. Amma bu mövzuda mənim düşüncəm fərqlidir, hətta sizlərə bir təklifim də var. Məncə, heç bir kişi bizə bir qadının verə biləcəyi qədər böyük bir hədiyyə verə bilməz. Ona görə də xanımlara təklifim budur ki, gəlin hər gün hədiyyələşək. Necəmi? – İndi sizə bunun yollarını açıqlayacağam, hətta daha effektiv olsun deyə belə xitab etmək istəyirəm: ay ana, ay nənə, ay xala, ay bacı!

 

Unutma ki, sənin başqa bir həmcinsinə verə biləcəyin ən böyük hədiyyən dəstəyindir. İnan, dəstək olmaq, hər şeydə qüsur axtarmaqdan əl çəkmək qarşındakı insanın da, sənin də həyat keyfiyyətini artırır. Həyata baxış bucağını dəyişdirməklə qazanılan və paylaşılan xoşbəxtlikdən gözəl nə hədiyyə ola bilər ki?

 

Məsələn, gəlin ömrünü təhsilə həsr etmiş, cəmiyyəti üçün faydalı işlər görən qadını uğurlu sayarkən, gənc yaşda evlənmiş, cəmiyyət üçün faydalı övlad böyüdən anaları uğursuz saymayaq. Həmçinin ailə qurmamış bir qadını dəyərsiz görüb, onun qazana biləcəyi ən böyük uğurun evlilik olduğunu düşünməyək. Əlləri, saçları baxımlı olan bir qadını gözəl sayarkən, həyatın eyni şərtləri ilə qarşılaşmamış, çalışmaqdan əlləri yara olmuş, stresdən saçları seyrəkləşmiş qadını çirkin saymayaq. Bir kişini yeni vəzifəyə təyin olanda təbrik etdiyimiz kimi, bir qadını da haqqında uzun-uzadı müzakirələr aparmadan təbrik edə bilək. Namus sözünü sadəcə qadına, şərəf sözünü sadəcə kişiyə aid etməyək. Bir qadın cinayəti olanda ağlımıza ilk “yəqin nəsə pis iş görüb ki, əri də öldürüb” düşüncəsi gəlməsin...

 

İndi də deyəcəksiniz ki, bunları kişili-qadınlı – hamımız etməliyik. Niyə sadəcə qadınlar etməlidir kimi yazıbsan? – Elə yazmamışam, əslində, sadəcə olaraq, çevriliş yolunda ilk addımı qadınlardan görməyi nə qədər çox istədiyimi vurğulamışam. Baltalara özümüzdən sap düzəltməyək demişəm...

 

Unutmayaq ki, bu təmtəraqlı qeyd etdiyimiz günlərdə aldığımız çiçəkləri, gülləri boyayan öz hüquqları üçün mübarizə aparmış qadınların qanıdır. Bizim üstümüzə düşən isə geridə qalan üç yüz altmış dörd günü rəngini azad gələcəkdən alan ağappaq çiçəklərlə bəzəməkdir.

 

Hürnisə ƏHMƏDOVA