“İnsan qəlbində nəyi daşıyırsa dünyaya baxanda onu görür”. Bu sadə, lakin dərin mənalı sözlər həyatımızın bir çox sualına cavab verə bilər. Bəzən dünya bizə çox zalım, çətin və ədalətsiz görünür. Bəzən də eyni dünya bir başqası üçün sevgi, gözəllik və mənalarla doludur. Halbuki hər iki insan eyni küçədə gəzir, eyni havanı udur, eyni xəbərləri oxuyur. Fərq haradadır? – Fərq baxışdadır. Daha doğrusu, qəlbin aynasında.

 

Qəlb – insanın daxili dünyası, duyğularının, düşüncələrinin, inanclarının və əxlaqının mərkəzidir. İnsan əgər içində kin, nifrət, narazılıq və pessimizm daşıyırsa hər şeyə bu duyğularla yanaşacaq. O, heç vaxt bir uşaq təbəssümündə saf sevinc görməyəcək, bir damla yağışda Allahın mərhəmətini hiss etməyəcək. Halbuki qəlbi təmiz olan, içində sevgi, mərhəmət və ümid daşıyan insan üçün hər şey bir işarə, bir ilahi gözəllik olur.

 

Qurani-Kərimdə bu mövzu ilə bağlı belə buyurulur: “Əgər Allah onların qəlblərinə nur verməmişsə onların heç bir nuru ola bilməz” (Nur surəsi, 40).

 

Burada Allahın nuru, yəni hidayəti və mənəvi baxış qabiliyyəti qəlbi işıqlandıran bir hal kimi təqdim edilir. Yəni insanın dünyanı necə gördüyü çox vaxt onun qəlbində hansı nuru daşımasından asılıdır. Bir hadisəni iki fərqli insan tamamilə zidd şəkildə anlaya bilər. Kimsə bir imtahanda uğursuz olduqda bunu həyatının sonu kimi qəbul edə bilər, digər biri isə bunun özünü daha da inkişaf etdirmək üçün bir fürsət olduğunu düşünə bilər. Fərq qəlbdəki niyyətdən, dünyagörüşündən və Allaha olan baxış tərzindən qaynaqlanır.

 

Psixologiya bu məsələni “daxili şərh mexanizmi” adlandırır. Yəni insan baş verənləri necə yozursa ona görə reaksiya verir. Bu isə birbaşa onun daxilindəki vəziyyətdən – qəlbində daşıdığı duyğulardan asılıdır. Bir insan mənfiliklə doludursa, o zaman ən gözəl sözlər belə onun üçün qıcıq doğura bilər. Digər tərəfdən, içi sevgi ilə dolu biri sərt tənqiddə belə düzəlmək üçün xeyir axtarar.

 

Müdriklərdən biri buyurur: “Göz gözdür, amma görmək qəlbə bağlıdır”. Bu cümlə də göstərir ki, fiziki baxış kifayət deyil. Həqiqəti görmək üçün qəlb gözü ilə baxmaq lazımdır. Gəlin bir anlıq düşünək: gün ərzində qarşılaşdığımız insanlara necə baxırıq? Onları rəqib kimi, yük kimi, ya sadəcə təsadüfi varlıqlar kimi görürük, yoxsa hər bir insanı bir dünya, bir hekayə, bir yaradılmış kimi qəbul edirik? Bax, bu sual qəlbimizin halını göstərən güzgüdür.

 

Əgər dünya bizə soyuq və mənasız görünürsə, bəlkə də problem dünyada deyil, bizdədir. Bəlkə biz öz qəlbimizi təmizləməli, ora sevgi, şəfqət və iman yerləşdirməliyik. Bəlkə də biz insanlara baxışımızı dəyişməliyik ki, həyat da dəyişsin. Həyat bizim öz iç dünyamızın kənara əks olunmuş surətidir. Əgər bu surətin daha gözəl olmasını istəyiriksə əvvəlcə qəlbimizi gözəlləşdirməliyik. Çünki insan qəlbində nəyi daşıyırsa dünyaya baxanda onu görür.

 

 

Hacı BƏKİROĞLU