Gürcüstanda peşə təhsili şəbəkəsi genişlənir. Təhsil, elm və gənclər naziri Givi Mikanadze parlamentdə interpelyasiya formatında çıxışı zamanı bildirib ki, bir neçə regionda yeni təhsil müəssisələrinin tikintisinə artıq bu il başlanılır.
Nazirin sözlərinə görə, bu gün ölkə miqyasında 29 dövlət peşə kolleci fəaliyyət göstərir, həmçinin təxminən bir o qədər də özəl peşə təhsili müəssisəsi var. Nazir bildirib ki, dövlət həm mövcud şəbəkənin gücləndirilməsini, həm də regionlarda yeni təhsil məkanlarının yaradılmasını planlaşdırıb.
“Sizə deyim ki, biz əhatə dairəsini genişləndiririk. Bu il Martvilidə, Axalkalakidə peşə məktəbinin tikintisinə başlayırıq; bu il Qurcaanidə şərabçılıq istiqaməti üzrə peşə məktəbinin tikintisinə başlayırıq; Tbilisidə iki məkanda peşə məktəbinin tikintisini planlaşdırırıq, Qori Universitetinin nəzdində peşə məktəbinin tikintisini nəzərdə tutmuşuq, həmçinin Lentexidə, bizə bina verilən kimi orada Lentexi və Saqeri əhalisinə dəstək olacaq peşə məktəbinin açılışını edəcəyik”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, nazirlik mövcud peşə məktəblərini həm infrastruktur, həm də proqramlar baxımından gücləndirməyi planlaşdırır.
“Məqsədimiz peşə məktəblərini həm infrastruktur, həm də proqramlar baxımından gücləndirməkdir. Proqramları tələsik deyil, tədqiqatlara əsaslanaraq daxil etməliyik ki, regionun spesifikasına və əmək bazarının tələblərinə real cavab versin. Məsələn, Bolnisidə peşə məktəbinin tikintisi başa çatıb və proqramların avtorizasiyasına başlanmalıdır, bu, tamamilə tibbi təmayüllü istiqamət olacaq, orada əczaçılıq, tibb bacısı və stomatologiya istiqamətləri öyrədiləcək. Borjomidə, infrastrukturu kifayət qədər böyük olan “Tori” peşə məktəbində turizm və meşə təsərrüfatı istiqamətləri üzrə təhsil müəssisəsi yaradacağıq və bu cür formasiya ilə həm əhatə dairəsinin genişləndirilməsini, həm də əhaliyə dəstək olmağı davam etdiririk”, – deyə G.Mikanadze qeyd edib.
Nazirin bəyanatına əsasən, Gürcüstanda peşə təhsili həm dövlət, həm də özəl məktəblərdə dövlət tərəfindən tam maliyyələşdirilir ki, bu da sistemin əlçatanlığını daha da artırır və gənclərə məşğulluq üçün daha çox imkanlar yaradır.
Mənbə: edu.aris.ge