Türkiyədə təhsil almaq istəyən gənclərimizi nəzərə alaraq Gürcüstanda "Türkiyə təqaüdləri" proqramının təbliğatı üçün səfərdə olan Yurtdışı Türklər və Akraba Topluluklar Başqanlığının koordinatoru Mustafa Yakupoğlu ilə görüşüb müsahibə aldıq. Müsahibəni sizə təqdim edirik.
Yeni Yol: "Türkiyə təqaüdləri" nədir və kimlər bu proqramdan faydalana bilər?
Mustafa Yakupoğlu: "Türkiyə təqaüdləri" Türkiyə Cümhuriyyətinin beynəlxalq tələbələrə təklif etdiyi ali təhsil proqramıdır. 1992-ci ildən davam edən bu layihə 2012-ci ildə "Türkiyə Bursları" markası adı ilə təkmilləşdirilmişdir. Bu proqlamla istəyənlər Türkiyədə bakalavr, magistratura, doktorantura və araşdırma sahəsində Türkiyədə təqaüdlə ali təhsil ala bilirlər.
Yeni Yol: Bəs "Türkiyə təqaüdləri" çərçivəsində hansı imkanlar verilir?
Mustafa Yakupoğlu: "Türkiyə təqaüdləri" proqramı ilə tələbələrə bir çox imkanlar təqdim olunmaqdadır. Bunları qısaca olaraq belə izah edə bilərik: abituriyent bu proqramı qazandığı təqdirdə onun yataqxana ilə təmin olunması bir çox digər proqramlardan fərqlənməkdədir. Başqa təqaüd proqramlarından fərqli olaraq, tələbə hər hansı bir univrsitetdən dəvət almadan birbaşa "Türkiyə təqaüdləri" proqramı vasitəsilə tələbənin özünün seçmiş olduğu universitetə qəbul edilir. Bununla yanaşı, xaricdən gələn tələbələrin dərslərinə fokuslanmaları üçün biz onların bütün ehtiyaclarını qarşılayırıq. Buraya yataqxana ilə təmin etmə, sağlamlıq sığortası, nəqliyyatla təmin etmə və tükr dili hazırlıq kursları daxildir. Həmçinin xaricdən gələn tələbələrin təhsil haqqını ödəyərək onlara dəstək oluruq. Bu bəhs olunan xərcləri "Türkiyə təqaüdləri" proqramı aidiyyatı orqanlara ödəməkdədir. İmkanlar çox geniş və əhatəlidir. Bununla yanaşı, universitet həyatından başqa tələbələrin akademik çalışmaları yönündə də özlərini yetişdirmələri üçün fərqli seminarlar, konfranslar və təcrübə proqramları da həyata keçirilir.
Yeni Yol: Müraciətlər nə zaman başlayır və yaş məhdudiyyəti varmı?
Mustafa Yakupoğlu: "Türkiyə təqaüdləri" proqramının artıq hər kəs tərəfindən qəbul edilmiş bir müraciət tarixi vardır. Hər ilin 10 yanvar – 20 fevral ayları arasında, haradasa 40 günlük bir müraciət zamanı təyin olunmaqdadır. Bu tarix 2023-cü il üçün də dəyişməz olaraq qalmaqdadır. Müraciətlər "turkiyeburslari.gov.tr" səhifəsi üzərindən həyata keçirilməkdədir. Müraciət, dediyimiz kimi, yalnız internet üzərindən həyata keçirilməkdədir. Bu mərhələdə abituriyent şəxsi səhifəsini açır, məlumatlarını yükləyir və təhsil almaq istədiyi fakültələri və universitetləri seçərək qeydiyyatdan keçir. Qeydiyyat zamanı abituriyentin qiymət vərəqəsinin surəti, müvəffəqiyyətlərini göstərən sənədlərin surətləri tələb olunur. Həmçinin onların məqsəndlərini bilmək və sözlü imtahanda iştirak etmələrinə köməkçi olması üçün də niyyət məktubu istənilməkdədir. Bu proses cəmi 30-40 dəqiqə içərisində tamamlanacaq bir prosesdir.
Yeni Yol: Abituriyent sadəcə bir sahə üzrəmi qeydiyyatdan keçir, yoxsa bir neçə fakültə və ya fərqli universitetlər seçmə hüququna sahibdirmi?
Mustafa Yakupoğlu: Əlbəttə, müraciət zamanı bir neçə fakültə və universitet seçmək mümkündür. Xüsusilə də bakalavr üçün bir neçə seçim etmək şansına sahibdirlər. Təbii ki, magistratura və ya doktorantura üzrə təhsil almaq istəyənlər öz bakalavr sahənələrinə uyğun olaraq seçim etsələr daha çox şansa sahib olarlar. Əgər dəqiq cavab verəsi olsaq onu deyə bilərəm ki, 12 fakültə və 12 universitet şeçmə şansına da sistem icazə verir.
Yeni Yol: Bəs bu proqram vasitəsilə təhsil alıb məzun olan tələbələr sonra işlə təmin olunurlarmı?
Mustafa Yakupoğlu: Təbii ki, bayaq da qeyd etdiyim kimi, "Türkiyə təqaüdləri" proqramı tələbələrin qeydiyyatından, Türkiyədə təhsil müddətini, hətta məzuniyyətdən sonrakı dövrdə onların işlə də təmin olunmasını əhatə edən bir təqaüd proqramıdır. Bizim təxminən 30 ölkədə 33 məzunlar dərnəyimiz bu gün aktiv olaraq fəaliyyət göstərməkdədir. Təhsil müddəti ərzində də onları iş dünyası ilə tanış etmək məqsədi ilə təcrübə paylaşma proqramlarına təşviq edirik. Bu mövzuda da, xüsusilə məzunlar dərnəklərimizin vasitəsilə və başqanlığımızın fəaliyyətləri ilə də onların işlə təmin olunmalarına köməkçi olmaqdayıq.
Yeni Yol: Türkiyədə verilən diplomların keçərliliyi dünyada, xüsusən də Gürcüstanda hansı səviyyədədir?
Mustafa Yakupoğlu: Bizlər bu proqram çərçivəsində Türkiyənin ən prestijli universitetləri ilə əməkdaşlıq etməkdəyik. Gürcüstan mövzusunda isə bizim diplomların qəbulu söz mövzusu belə deyil. Çünki Türkiyədə təhsil aldıqdan sonra diplomun tanınması mövzusunda Gürcüstan vətəndaşlarının heç bir sıxıntı yaşamayacaqlarını könül rahatlığı ilə ifadə edə
bilərəm.
Yeni Yol: Tez-tez qarşılaşdığımız sualı sizə yönləndirim: "Türkiyə təqaüdləri" proqramı çərçivəsində təhsil alan tələbələr məzun olduqdan sonra Türkiyədə qalıb fəaliyyət göstərə bilərlərmi, yoxsa vətənlərinə dönmələri üçün hər hansı bir şərt varmı?
Mustafa Yakupoğlu: Əlbəttə ki, biz təhsil verdiyimiz tələbələrin vətənlərinə qayıdaraq xalqına və ölkəsinə faydalı olmağını istəyirik, bu yöndə də məsləhətlərimizi veririk. Əgər Türkiyədə qalıb ölkəsinə və millətinə buradan da fayda verə biləcəksə, işləmək icazəsi alaraq Türkiyədə qalıb işləməsinə biz qarşı çıxmırıq. Hətta üçüncü bir ölkədə də gedib işləyə bilərlər. Ancaq "Türkiyə təqaüdləri" proqramının əsas məqsədi məzun olduqdan sonra tələbənin öz vətəninə qayıdaraq oradakılara fayda verə bilməsidir.
Yeni Yol: Müsahibəniz və bizə ayırdığınız vaxt üçün sizə təşəkkür edirik! İnşallah ki, gənclərimiz üçün də faydalı bir müsahibə olacaq.
Mustafa Yakupoğlu: Biz də sizə təşəkkür edirik ki, bu fürsəti bizə verdiniz. Sizin vasitənizlə, inanırıq ki, bir çox gəncə "Türkiyə təqaüdləri" proqramını tanıda bildik. "Yeni Yol" qəzetinə də uzun ömürlü yayım həyatı diləyirəm!