Təhsilin İdarəedilməsi üzrə Məlumat Sistemi (EMIS) tərəfindən 2026-2027-ci tədris ili üzrə müəllim və xüsusi müəllim hazırlığı təhsil proqramlarının arayışı dərc olunub.

 

“Yeniyol.ge” “edu.aris.ge”yə istinadən xəbər verir ki, iyulun 30-da dərc edilən arayışda aplikantların 2026-2027-ci tədris ili üçün müraciət edə biləcəkləri ali təhsil müəssisələri, təhsil proqramları və qəbul yerləri haqqında məlumatlar yer alır.

 

Təhsil Nazirliyinin məlumatına görə, müəllim və xüsusi müəllim hazırlığı təhsil proqramlarına qəbulu 12-si dövlət, 6-sı isə özəl olmaqla 18 ali təhsil müəssisəsi elan edir. Dövlət tərəfindən təsis edilmiş ali təhsil müəssisələrində sözügedən proqramlar üzrə təhsil tam olaraq dövlət tərəfindən maliyyələşdirilir.

 

Cari qəbul çərçivəsində ümumilikdə 2302 yer elan olunub ki, bunlardan 2112 yer müəllim hazırlığı təhsil proqramı, 190 yer isə xüsusi müəllim hazırlığı təhsil proqramı üçün nəzərdə tutulub.

 

“Müəllim və xüsusi müəllim hazırlığı təhsil proqramları müvafiq standarta əsaslanan, gələcək müəllimlərin və xüsusi müəllimlərin peşəkar kompetensiyalarının inkişafına xidmət edən 60 kreditlik ali təhsil proqramlarıdır. Proqramların müddəti ən azı bir tədris ilidir və onlar uğurla başa vurulduqdan sonra müvafiq sertifikat verilir.

 

Müəllim hazırlığı təhsil proqramına qəbul müvafiq fənn üzrə əldə olunmuş nəticələr və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş imtahanlar əsasında həyata keçirilir. Xüsusi müəllim hazırlığı təhsil proqramına qəbul üçün isə baza peşə bacarıqları və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş imtahanları uğurla vermək vacibdir”, – deyə EMIS-dən bildiriblər.