Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi məktəblərdə çin dilinin tədris olunacağı ilə bağlı açıqlama verib. Məlumatda bildirilib ki, çin dili hazırda 15 məktəbdə əlavə xidmət kimi tədris olunur.
“İctimaiyyətin məlumatlandırılması məqsədilə bildiririk ki, milli təhsil planına əsasən bütün şagirdlər üçün vacib olan, 1-dən 12-ci sinfə kimi tədris olunan ilk xarici dil ingilis dilidir. İkinci xarici dilin tədrisi 5-ci sinifdən başlayır və bu, şagird/valideynin öz istəyi ilə seçə biləcəyi istənilən dil ola bilər.
Məktəb şagirdə seçim etmək üçün ən azı iki xarici dil təklif etməyə məcburdur.
Bu gün məktəb şagirdlərinin fransız, alman, italyan, türk və ya başqa dilləri seçmək imkanı var. Hər hansı dilin tədrisi halında nazirlik müvafiq olaraq hazırlıq işləri görməli, proqramları təsdiqləməli, dərsliklər işləməli, müəllimlər hazırlamalı, tədris prosesi standartını müvafiq şəkildə idarə etməlidir.
İndiki mərhələdə çin dili 15 məktəbdə əlavə xidmət olaraq tədris olunur. Çin dilinin öyrənilməsinə tələbin çox olduğuna görə Tbilisi Dövlət Universitetinin Sinologiya Katedrası ilə əməkdaşlıqla müvafiq standartların yaradılması üzərində işlərə başlanılacaq.
Bizim məqsədimiz şagirdlərə rəngarəng seçim təklif etməkdir və gürcü dilini öyrənməyin gücləndirilməsi ilə yanaşı, yeniyetmələrin ən azı iki xarici dildə ünsiyyət qurmasının inkişafına dəstək olmaqdır” – məlumatda deyilir.
Mənbə: edu.aris.ge