Təhsil həyatını SSRİ dövründə başa vuran bir şəxs üçün on iki il məktəbdə oxumaq ömründən bir-iki ilini boşa xərcləmək kimi görünə bilər. Onlar orta məktəbi onuncu və ya on birinci sinifdə bitirdikləri üçün on iki il oxumaq onlara vaxt itkisi kimi gəlir. Bu yanaşmanın kökündə həm tarixi vərdişlər, həm də təhsil sistemlərinin zamanla dəyişməsi dayanır. SSRİ-də təhsil sistemi uzun illər ərzində 10 illik model əsasında qurulmuşdu. 1958-ci ildən sonra bəzi respublikalarda və bölgələrdə 11 illik sistem tətbiq edilsə də, əksər insanlar üçün 10 illik təhsil standart olaraq qalırdı. Bu sistemdə məzunlar daha erkən yaşda əmək bazarına atılır və ya ali təhsil müəssisələrinə daxil olurdular. SSRİ sistemində təhsil daha intizamlı və akademik nəticələrə yönəlmiş olsa da, şagirdlərin şəxsi inkişafı və yumşaq bacarıqlarının inkişafına az diqqət yetirilirdi. Bu modeldə əsas məqsəd məzunları sürətli şəkildə işçi qüvvəsinə çevirmək və ixtisaslı kadr kimi yetişdirmək idi.
Statistika göstərir ki, 1980-ci illərdə SSRİ-də orta təhsil səviyyəsi üzrə məzunların 70 %-i texniki peşə məktəblərinə və institutlara yönəlirdi. Bu sistemdə şagirdlər əsasən konkret bir ixtisasa yönəldilir və əmək bazarına tez inteqrasiya olunurdu. Amma heç nəyin əbədi olmadığı dünyada SSRİ də öz təhsil sistemi ilə tarix kitablarının səhifəsində öz yerini aldı. Buna baxmayaraq, bəzi ölkələrdə hələ də orta məktəb on bir illikdir. Lakin bu gün Gürcüstan həmin ölkələrin siyahısına daxil deyil.
2006-cı ildən etibarən Gürcüstan Bolonya prosesi adlanan Avropa standartlarına uyğun olan təhsil sisteminə keçib. Bolonya prosesi 1999-cu ildə İtaliyanın Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirləri tərəfindən imzalanan Bolonya Bəyannaməsi ilə rəsmən başladı. Prosesin əsas məqsədi Avropa ali təhsil məkanının yaradılması, Avropa ölkələri arasında təhsil sistemlərinin uyğunlaşdırılması və Avropa ali təhsilinin dünya miqyasında rəqabət qabiliyyətinin artırılmasıdır. Gürcüstanda təhsilin bu sistemə uyğunlaşdırılmasının əsas məqsədi şagirdlərin bilik və bacarıqlarını beynəlxalq standartlara uyğunlaşdırmaq, onların ali təhsil müəssisələrinə daha hazırlıqlı daxil olmasını təmin etməkdir.
Bolonya prosesi təhsil sistemini orta və ali təhsil olmaqla iki əsas pilləyə bölür. Bolonya sisteminə keçid çərçivəsində Gürcüstanda orta təhsil müddəti 12 ilə çatdırılmışdır. Bu sistem ibtidai (6 il), əsas orta (3-4 il) və tam orta təhsil (2-4 il) olmaqla üç pilləyə ayrılır. İbtidai siniflərdə şagirdlər oxumaq və yazmaq, ədəd və rəqəmləri tanımaq, toplama-çıxma, vurma-bölmə kimi riyazi əməlləri; ətraf mühit, heyvanlar, bitkilər, hava, su və digər təbii hadisələr haqqında ilkin və təməl biliklərə sahiblənirlər. Əsas orta məktəbdə isə əsasən fundamental (ana dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, anatomiya və s.) fənlər tədris olunur. Bunlarla yanaşı təsviri incəsənət və musiqi fənləri də bu siyahıya daxildir, amma təəssüf ki, dırnaq içində tədris olunurlar.
Təsviri incəsənət dərsində şagirdlərə müxtəlif texnikalarla (akvarel, qrafika, heykəltaraşlıq və s.) işləməyi, kompozisiya qurmağı və vizual ifadə bacarıqlarını inkişaf etdirməyi öyrətməli, eyni zamanda, incəsənət tarixi və üslubları ilə tanış etməlidirlər. Musiqi dərsində isə şagirdlər musiqi nəzəriyyəsi, müxtəlif musiqi alətləri, ritm və melodiya anlayışları ilə tanış olmalı, həmçinin dünya və milli musiqi mədəniyyəti haqqında biliklər əldə etməlidirlər. Amma təəssüf ki, məktəblərimizdə nə akvarel var, nə də bir musiqi aləti. İl sonunda məktəbə təhvil verilən kitablar içərisində ən yeni qalanları da məhz elə bu iki fənnə aid dərsliklərdir. Bir zamanlar həmin dərsliklər gürcü dilində olduğu üçün heç qapağını da açan yox idi. Dərs uşaqlara “ürəyiniz nə istəyir çəkin” metodu üzrə keçirilirdi. Sonradan artıq kitablar Azərbaycan dilində çapdan çıxmağa və ya tərcümə olunmağa başladı. Amma yenə də “metod” dəyişmədi. Musiqi dərsində isə “metod” 1990-cı illərdə çap olunmuş kitabdan bəstəkarların avtobioqrafiyasını dəftərə köçürüb, evdə öyrənib, gələn dərs danışaq ardıcıllığından ibarət idi və yenə də belədir. Ona görə də bizim uşaqlarda musiqiyə, rəsmə, teatra, heykəltaraşlığa maraq yoxdur. Çünki onlar bunların nə olduğunu bilmirlər, tanımırlar.
Tam orta məktəbdə isə şagirdlər əsasən ali təhsil almaq üçün universitetə və ya peşə məktəblərinə hazırlaşırlar. Artıq məktəblərdə fənlərin sayı azalır və əsas 4-5 fənn tədris olunur. Tam orta məktəbi başa vurduqdan sonra Bolonya sisteminin ikinci pilləsinə, ali təhsilə keçid alırıq. Ali təhsil aşağıdakı kimi qurulub:
Bakalavriat (3-4 il) – Tələbələr ali təhsil üzrə baza biliklərini əldə edirlər. Magistratura (1-2 il) – Daha ixtisaslaşmış biliklər və elmi araşdırmalara yönəlik təhsilə imkan verir. Doktorantura (3-4 il) – Akademik və elmi-tədqiqat yönümlü təhsil mərhələsidir. Bu pillədəki mərhələləri keçən tələbələr əsasən diplom almağa konsentrasiya olurlar. Özünü inkişaf etdirmək, xüsusi bacarıqlar qazanmaq və ya bacarıqlarını inkişaf etdirmək bizə bir az uzaqdır. Ona görə də sonda seçdiyimiz ixtisas üzrə işləyə bilmədikdə və ya ümumiyyətlə, işsiz qaldıqda təhsil sistemimizi və ölkədəki ekonomik və siyasi vəziyyəti günahlandırırıq. Məktəbdə yarımçıq və yetərsiz metodlarla təhsil sistemimizin fokuslandığı məqsədindən uzaq qaldığımız azmış kimi, universitetin bizə təqdim etdiyi imkanlardan da istifadə etməyərək vaxtımızı puç edirik.
Nəticə olaraq, Bolonya sistemində 12 il təhsil almaq vaxt itkisi deyil, əksinə, keyfiyyətli və məqsədyönlü təhsil üçün bir fürsətdir. Əsas problem isə bu imkanlardan düzgün istifadə olunmaması və təhsilin formal yanaşmalarla məhdudlaşmasıdır.Vaxt itkisi bizə məktəblərdə yarı-yarımçıq keçirilən dərslər və universitetdə “başımızı dolandırmağımızdır”.
Çiyalə OSMANOVA