Şagirdlərin məktəbli forması geyinməsi ilə əlaqədar ictimaiyyətdə fikir müxtəlifliyi var. Bəziləri hesab edirlər ki, məktəbli formaları vasitəsilə uşaqlar bərabər şəraitdə olurlar, digərləri isə bunun rahat olmadığını deyirlər.

 

Qeyd edək ki, Gürcüstanın ictimai məktəblərində forma geyinmək müəcburiyyəti yoxdur. Ancaq qadağan da edilməyib və bəzi təhsil müəssisələrinin rəhbərləri bu məsələni daxili tənzimləmə ilə həll edirlər.

 

Maraqlıdır, ictimai məktəb direktorları bu haqda nə düşünürlər – məktəbli forması olmalıdırmı? Məsələ ilə bağlı “etaloni.ge” məktəb direktorlarının fikirlərini öyrənib:

 

Manoni Mamulaşvili – Kobuleti bələdiyyəsinin Lekvi kəndinin 1 saylı ictimai məktəbinin direktoru:

– Şəxsən mən hamı üçün eyni formanın olmasını mühüm hesab etmirəm. Çünki bugünkü şagirdlərin müxtəlif tələbatları və baxışları var. Ancaq hesab edirəm ki, uşaqların geyimi məktəbə uyğun olmalıdır. Ola bilsin, uşağı standart çərçivəyə salmayaq, amma şagirdin şagird olduğu hiss olunmalıdır. Müvafiq geyim ola bilər, ancaq bu, uşaqların zövq və tələbini sıxışdırmamalıdır, eyni zamanda məktəbə uyğun şəkildə getmək məsuliyyəti daşımalıdırlar.

 

Məktəbli formasının müsbət tərəfi kimi uşaqlar arasında sosial fərqin bilinməməsini qeyd edə bilərik. Elə hallar var ki, uşağın ailəsinin bahalı geyimlər almaq üçün imkanı yoxdur. Bu zaman uşaqda müəyyən komplekslər yarana bilər. Həmçinin uşağın necə görünmək və geyinmək istəyi ilə bağlı seçim hüququnu da nəzərə almalıyıq.

 

Bizim zamanımızda məktəbli forması vacib idi. Bir-birimizlə kimin daha ağ köynəyi var deyə yarışırdıq da. O zaman da məktəbli formasını bir az fərqli tikdirmək imkanımız var idi.

 

Vera Koçiaşvili – Kaxaber Breqvadze adına Tercola bələdiyyəsinin Qoqni ictimi məktəbinin direktoru:

– Mənim 60-dan çox yaşım var və mən şagird olanda forma xoşagəlməz idi. Xatırlamaq üçün isə xoşdur... Əgər şagirdlərin özünün forma geyinmək istəyi olarsa, mənə də qəbuldur. Amma məktəbli formasının bəzi uşaqlarda müəyyən komplekslər yaratmasını düzgün hesab etmirəm. Kompleks dedikdə nəyi nəzərdə tuturam – şagirdin özünü rahat hiss edə bilməyəcəyi formanı bəyənə bilmərəm. Şagird olduğum zaman formaya qarşı etirazım olmayıb, amma rutin və bezdirici idi. Hər gün eyni geyimi geyinməli olurduq. İndiki baxışdan yaxşı idi, ancaq o zaman başqa cür fikirləşirdim.

 

Badri Qeladze – Xulo bələdiyyəsinin Danisparauli kənd ictimai məktəbinin direktoru:

– Fikrimcə, məktəbli forması geyinmək məqsədəuyğundur. Amma valideyn və uşaqların fikrini nəzərə almaq lazımdır. Məktəbli formasının müsbət tərəfi odur ki, hamı məktəbə səliqəli şəkildə gələcək. Bərabər şəraitdə olmaq şagirdlərdə stimul yaradacaq. Mənfi tərəfi isə odur ki, şagirdin bir, ya iki forması olmalıdır. Bəzi ailələrdən isə məktəbə üç uşaq gedir. Bu məsələ,ola bilsin, ailələrə maddi təsir göstərsin.

 

Mən şəxsən sovet dövründə təhsil almalı olmuşam və qalstuk da taxmışam. Formaya görə narahatlıq hiss etmirdim və hamının eyni şəkildə görsənməsi xoşuma gəlirdi.

 

Kote Qoqiaşvili – Tercola bələdiyyəsinin Rupoti ictimai məktəbinin direktoru:

–  Fikrimcə, məktəbli forması olsa yaxşı olar. Amma mütləq deyil. Məktəbli formasının da mənfi tərəfləri var. Məsələn, valideynlərin iqtisadi vəziyyəti. Çünki uşağa birdən artıq forma lazım ola bilər. Doğrudur, məktəbli forması müxtəlif faktorları həll edir, hamı eyni şəraitdə olur, amma mənfi təsiri də var. Mənim vaxtımda forma geyinmək vacib idi, ancaq məktəbli formaları haqqında o zaman da müxtəlif fikirlər var idi.

 Mənbə: etaloni.ge