Mən oğlanam və balet studiyasına gedirəm. Bu dəhşətdir, çünki nə baleti sevirəm, nə də sinif yoldaşlarımın, qonşuların məni məsxərəyə qoymasına dözə bilirəm. Amma anam və nənəm heç nə başa düşmürlər – güclə mənə balet tamaşaları göstərirlər, baletin tarixini, müxtəlif baleronların hekayələrini danışırlar, inandırmağa çalışırlar ki, mən başa düşmürəm. Başa düşürəm, amma insanlardan qorxuram, mənə gülürlər, əslində bunu aşmalıyam. Ailə üzvlərimi isə inandıra bilmədim ki, məsxərə xoşuma gəlmir, baleti də həqiqətən sevmirəm. Həm də anam xəstədir, bunu yeni bilmişik və nənəm həmişə təkrar edir: “Yazıq ananın arzusunu həyata keçirməlisən, baletdən əl çəkməməlisən!”
Artıq bayıra çıxmaqdan iyrənirəm. Balet dərsləri axşam saat 7-də başa çatır. Qışda qaranlıq olanda asandır – həyətdən elə keçirəm, heç kim məni görmür. Yayda isə qaranlıq gec düşəndə həyətə girməyə utanıram. Məhəllə oğlanları söz atırlar; anamla, yaxud nənəmlə birlikdə olanda bu cəhənnəm yolunu keçib binaya girənə kimi hündürdən mənə gülürlər. Anam da, nənəm də bu gülüşləri eşidirlər, amma buna heç bir əhəmiyyət vermirlər. Məni də öyrədirlər ki, elə edim guya eşitmirəm. Bu isə mümkün deyil. Bilmirəm, onlarda necə alınır, məni isə hər söz elə ağrıdır, sanki mənə zərbə vururlar, hətta zərbədən də betər!
Ötən il dəhşətli hadisə baş verdi. Onda balaca idim, çox təsirləndim. İndi bir az böyümüşəm və xatırlamaq daha asandır. Qısası, tənəffüslərdən birində sinif yoldaşlarım yenə mənə gülməyə başladılar. Müəllim məni qoruyurdu, ancaq heç kim ona qulaq asmırdı. Müəllim həmişə sanki öz-özünə danışırdı. Çünki səsi aşağıdır və uşaqlar da dinləməyi sevmirlər. Müəllimdən ya qorxmalısan, ya da sevməlisən. Bizim müəllimi nə sevmirlər, nə də ondan qorxmurlar. Ona görə də, elə çıxır ki, həmişə öz-özünə danışır. Mən əvvəl dinləyirdim. İndi mən də dinləyə bilmirəm. Çünki həmişə eyni şeyi təkrar edir, yeni heç nə danışmır. Bu məsxərə zamanı mən də dözə bilmədim və sinif yoldaşlarımdan birini vurdum. Onun dostu isə kitabla dolu ağır çantanı mənim başıma çırpdı. Elə ağrıtdı ki, ağlamağa başladım. Məlum oldu ki, beyin sirkələnməsi keçirmişəm və bir neçə həftə evdə yatdım.
Həmin günlərdə baletə getmədiyimə görə sevinirdim, buna görə də heç sağalmaq istəmirdim. Həkimlər məktəbə qayıtmağıma icazə verəndə, elə bildim sinif yoldaşlarım məni peşman olmuş vəziyyətdə qarşılayacaqlar, amma bunun əksi baş verdi. Məni görən kimi gülməyə başladılar, necə ağladığımı yamsılayırdılar. Başıma çanta vurulduğunu, ağladığımı tamaşaya qoyub göstərirdilər. Mənə qızbibi deyirdilər.
İndi başqa məktəbdə oxuyuram. Burada baletə getdiyimi bilmirlər. Bilmirəm nə zamana kimi gizlədəcəyəm. Anamın sağlamlıq vəziyyəti isə daha da ağırlaşır. Nənəm həmişə ağlayır. Mənim isə yenə də baletdən zəhləm gedir. Amma studiyaya getməkdən əl çəkə bilmirəm, çünki anama yazığım gəlir.
Müəlliflər: Maia Sarişvili, Aleks Çiqvinadze.
“Mənimlə dostluq et! Məktəbdə təkəm!” kitabından.
Kitab məktəb şagirdləri tərəfindən təqdim edilmiş real hekayələrə əsaslanır və İlia Ədalət İnstitutunun “Məktəbdə bullinqə qarşı sistem yaradılması üçün advokatlaşdırma/ “Mənimlə dostluq et! Məktəbdə təkəm!” layihəsi çərçivəsində hazırlanıb. Layihə “Açıq Cəmiyyət – Gürcüstan”ın maliyyə dəstəyi ilə həyata keçirilir.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə edən: Aynurə Əliyeva