Tbilisi Dövlət Universitetində (TDU) gürcü dilinin məcburi fənn kimi tədrisi payız semestrindən başlayıb. Bu öhdəlik ali təhsil müəssisələrinə cari ilin iyunundan qanunla müəyyən olunub – universitetlərdə gürcü dilinin tədrisi yenidən məcburi oldu və bu, bütün gürcüdilli təhsil proqramlarının tələbələrinə aiddir.
Tələbələr dövlət dilinin xüsusi kursunu tədrisin birinci akademik ilində, azı bir semestr müddətində keçməlidirlər (birinci və ya ikinci semestrdə). Dövlət dilinin tədrisi isə yeni tədris kursunun hazırlanması və ya mövcud tədris kursunun dəyişdirilməsi yolu ilə həyata keçirilməlidir.
Təhsilin Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzdən indiki mərhələdə bizə cavab vermirlər ki, neçə universitet birinci semestrdən etibarən kursu hazırlayıb və tətbiq edib. Lakin Tbilisi Dövlət Universitetinin timsalında daha çox məlumat əldə edə bildik.
İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Keyfiyyətin təmin edilməsi xidmətinin rəhbəri Şota Potolaşvili bildirib ki, dövlət dili kursunun həyata keçirilməsi üçün hazırlığa yayda başlayıblar və bu, bir çox fakültələrdə artıq həyata keçirilib.
Şota Potolaşvili: “Bizim üçün proses daha sadə oldu, çünki gürcü filologiyası üzrə sahə istiqamətimiz var, tələbələrə dərs keçirik və buna uyğun olaraq sillabusun (Sillabus – ali məktəblərdə, gimnaziya və liseylərdə tədris olunan fənlərin, keçilən konkret mövzuların izahını müəyyən şərhlərlə verən xüsusi proqram – Red.) hazırlanması xüsusi çətinlik yaratmırdı. İlk mərhələdə əsas sillabusu humanitar elmlər fakültəsi – gürcü filologiyası istiqaməti hazırladı. Prosesə müvafiq mütəxəssislər də cəlb olunmuşdu. TDU-da bu tədris kursunun və akademik dairənin bir hissəsinin müəyyən bir kombinasiyasını yaratdıq. Sillabusu elə şəkildə tərtib edib tələbələrə təqdim etmişik ki, onu praktik olaraq artıq həyata keçiririk. 7 fakültədən 3 fakültədə bu semestrdən başladıq, qalan 4 fakültədə isə ikinci semestrdə başlamağı planlaşdırırıq ki, həm mühazirələrin oxunması üçün lazım olan insan resursu, həm də digər maddi-texniki resurslar düzgün bölüşdürülmüş olsun. Buna uyğun olaraq, bizdə bu kurs modifikasiya olundu – birbaşa “Dövlət dili kursu” adlanmır, onun adı “Akademik məqsədlər üçün gürcü dili”dır.
Fərqli fakültələr öz spesifikasını nəzərə aldılar, daha sonra isə bu əsas sillabusu digər fakültələrlə paylaşdıq və onlar öz ehtiyaclarına uyğun şəkildə dəyişiklik etdilər”.
– Hansı tədris proqramının tələbələri üçün gürcü dili kursu birinci semestrdən başlayıb?
– Humanitar elmlər fakültəsi, sosial-siyasi elmlər fakültəsi və psixologiya, təhsil elmləri fakültəsi. Hüquq, iqtisadiyyat, tibb – dəqiq və təbiət elmləri fakültələrində bu kursu artıq yaz semestrində başlayacağıq.
– Konkret məsələlərdən danışsanız, dərsin gedişində nə baş verir? Tələbə nə öyrənir, hansı biliyi əldə edir və hansı fəaliyyətlər nəzərdə tutulub?
– Mövzulara gəldikdə, sillabusda yer alan məsələlər təsdiqlənmiş qaydada göstərilən mövzuları – həmin 4 məsələni (1. Ümumi hissə. 2. Ədəbi dilin normallaşdırılması problemləri. 3. Stilistika. 4. Gürcü elmi terminologiyası. – Red.) – tam şəkildə əhatə edir və bundan əlavə, digər mövzular da inteqrasiya olunub. Təbii ki, biz qanunvericiliklə müəyyən edilmiş nəticələrə əsaslanırıq, lakin bu öyrənmə nəticələri mütləq universal və unikal olmaya da bilər; əlavə olaraq başqa öyrənmə nəticələrinə də yönələ bilər. Əlbəttə, bütün bunlar kredit həcminə uyğun şəkildə hesablanır: daha sonra kreditlərin sayı saatlara vurulur, mühazirə-seminar saatlarına bölünür və s.
– Mühazirə prosesi haqqında birbaşa məlumat verərdiniz, məsələn, tələbənin kurs daxilində öyrənməli olduğu məsələlər hansılar ola bilər, bunun konkret bir müəllifin işi, tezisi olması mümkündürmü, TDU-nun xüsusi dövlət dili kursu bu baxımdan nəyi nəzərdə tutur?
– Nümunələrə gəldikdə isə, tədris və öyrənmə metodları fərqlidir, müxtəlifdir. Məsələn, gürcü dilinin tarixi, gürcü dilinin normaları, normallaşdırma problemləri var. Bunlar arasında müzakirə, qarşılıqlı əlaqə, dinləmə də daxil olmaqla sual-cavab rejimi, texniki hissə, verilənlər bazaları haqqında biliklər, müvafiq elektron resurslarla tanışlıq da ola bilər. Burada tələbələrin imkan və əlçatanlıq əldə etmələri üçün texniki element də təqdim olunur.
Tədris kursu dövlət dilinin universitet kursunun təsdiq edilmiş mövzularına və akademik yazı üzrə universitet standartlarına uyğun olaraq hazırlanmışdır və məqsədi gürcü dilinin dövlət dili, elm, təhsil dili kimi fəaliyyətinin aspektlərini vurğulamaq, tələbənin gürcü dilindən akademik məqsədlər üçün istifadə etmək qabiliyyətini inkişaf etdirmək, beynəlxalq təcrübədə müəyyən edilmiş akademik yazı prinsiplərini təqdim etmək və s.-dir.
Kurs tələbələrə dilin normallaşdırılmasının əsas məsələlərini, funksional üslubları və onların praktiki reallaşdırılması yollarını mənimsəməyə, akademik və elmi mətnlər yaratmaq bacarıqlarını inkişaf etdirməyə, sahəyə xas termin yaradıcılığının əsas prinsiplərini, mexanizmlərini mənimsəməyə, gürcü ədəbi dilinin inkişaf tarixini, müasir vəziyyətini və s. anlamağa imkan verəcək.
Tədris kursu müasir tədris metodlarına əsaslanır. Tələbələr mühazirələrdə iştirak edəcək, qrup işləri aparacaq, müstəqil yazı işi həyata keçirəcək, ara və yekun test/imtahanlara cəlb olunacaqlar. Bu proseslərin həyata keçirilməsi üçün müxtəlif metodlardan istifadə olunur: şifahi (verbal) üsul, müzakirə, debatlar, fikir fırtınası (brain storming), təqdimatlar, əməkdaşlıq yolu ilə öyrənmə, təcrübəyə əsaslanan öyrənmə və s.
Kurs tələbənin tədqiqat və analitik bacarıqlarının inkişafını təşviq edir. Tələbə etibarlı və müxtəlif mənbələrlə işləmək, müxtəlif elmi dillərdə və üslublarda yaradılmış mətnləri, terminologiyanı, akademik, elmi məzmun məlumatlarını təhlil etmək və s. bacarığına yiyələnəcək. Bu prosesdə tələbə tədqiqatın məqsəd və vəzifələrinə uyğun metodlar seçməyi öyrənir ki, bu da onun akademik özünəinamını, tədqiqat bacarıqlarını gücləndirir.
Tədris prosesi zamanı tələbə akademik və tədqiqat məsələlərini anlamaq, onları yazılı şəkildə çatdırmaq üçün praktik olaraq dövlət dilindən istifadə edir. Qeyd etmək lazımdır ki, humanitar elmlər fakültəsi və onun müvafiq istiqaməti yuxarıda qeyd olunan kursun vaxtında və effektiv şəkildə hazırlanmasında xüsusi rol oynayır.
Qeyd etmək lazımdır ki, sözügedən kursun vaxtında və effektiv hazırlanmasında xüsusi rol humanitar elmlər fakültəsinə və onun müvafiq istiqamətinə aiddir.
Mənbə: edu.aris.ge
Gürcü dilində tərcümə etdi
Aynurə Əliyeva