– “Türkiyə təqaüdləri” proqramı haqqında məlumat verərdiniz.

 

“Türkiyə təqaüdləri” Türkiyə Cümhuriyyətinin beynəlxalq tələbələrə istiqamətlənmiş Türkiyədə təqaüdlə ali təhsil proqramıdır. Proqramın prioritet məqsədi dünyadakı müvəffəqiyyətli tələbələrə fürsət verərək beynəlxalq standartlarla təqaüdlü təhsil almalarını təmin etməkdir. Bununla yanaşı, məqsəd Türkiyə ilə digər ölkələr arasındakı qarşılıqlı əməkdaşlığın inkişaf etdirməsi və akademiyadan sənətə, iqtisadiyyatdan ədəbiyyata, texnologiyadan arxitekturaya qədər bir çox sahədə regional və qlobal inkişafa töhfə verməkdir.

Türkiyənin ali təhsil üçün təqaüd proqramları 2012-ci ildən “Türkiye Bursları” adıyla tanınmış və Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığının (YTB) koordinasiyası ilə işlərin icrasına başlanılmışdır.

“Türkiyə təqaüdləri” ölkələr arasındakı ictimai, mədəni, siyasi və iqtisadi bağları genişlətmək və inkişaf etdirmək baxışı ilə beynəlxalq tələbələrə Türkiyənin ən prestijli universitetlərində təhsil və təqaüd almaq imkanını təmin etməyi qarşısına məqsəd qoymuşdur.

 

– Tələbələr niyə məhz “Türkiyə təqaüdlərinə” müraciət etməlidirlər?

 

– “Türkiyə təqaüdləri” universitet və fakültəyə yerləşdirmə, aylıq təqaüd, təhsil haqqı, sağlamlıq sığortası, sığınacaq, türk dili kursu, təyyarə bileti, ödənişsiz akademik və mədəni proqram imkanlarıyla dünyanın ən əhatəli təqaüd proqramıdır. Proqram beynəlxalq tələbələrə Türkiyənin ən prestijli ali təhsil olacqlarında təhsil və təqaüd imkanı təmin etməkdədir.

 

– İndiyənə kimi “Türkiyə təqaüdləri”nə ümumi olaraq nə qədər müraciət edən olub və onlardan  nə qədəri qəbul olunub?

 

– “Türkiyə təqaüdləri”nə 2012-ci ildə 42 minə qədər müraciət olunmuşdursa, bu rəqəm 2023-cü ildə 163 fərqli ölkədən 117.300 müraciətə çatmışdır və ildən-ilə müraciət edənlərin sayında sürətli artım müşahidə edilməkdədir. “Türkiyə təqaüdləri” çərçivəsində hər il təxminən 5 min beynəlxalq tələbəyə təqaüd verilməkdədir. Hazırda “Türkiyə təqaüdləri” proqramından faydalanaraq 15 min tələbə təhsilini davam etdirməkdədir.

 

– Proqrama ən çox hansı ölkələrdən müraciət olunur?

 

– “Türkiyə təqaüdləri”nə ən çox Cənub Asiya, Orta Asiya, Afrika və Orta Şərq ölkələrindən müraciət edilməkdədir.

 

– Müraciət edənlər Türkiyənin daha çox hansı universitetlərini və ixtisasları seçirlər?

 

– Gürcüstanlı tələbələr ən çox Ankara Universiteti, Qazi Universiteti, Hacettepe Universiteti, Bursa Uludağ Universiteti, Atatürk Universiteti, Anadolu Universiteti, İstanbul Universiteti, Marmara Universiteti, Sakarya Universiteti və Qaradəniz Texniki Universitetini seçirlər. Ən çox müraciət olunan ixtisaslar isə bunlardır: beynəlxalq əlaqələr, türk dili və ədəbiyyatı, idarəetmə, iqtisad, ilahiyyat, tibb, turizm administrasiyası, kompüter mühəndisliyi, inşaat mühəndisliyi, sosiologiya, tarix, jurnalistika.

 

– İndiyə kimi Gürcüstandan nə qədər tələbə müraciət edib?

 

– Bu günə qədər Gürcüstandan “Türkiyə təqaüdləri”nə 2770 tələbə müraciət edib, 806 gürcüstanlı tələbəyə təqaüd verilib. Gürcüstanlı tələbələr daha çox bəşəri və ictimai elmlərə üstünlük vermişlər.

 

– Gürcüstandan tibb fakültəsinə müraciət etmək istəyən tələbələrin sayı çoxdur, lakin müraciət bölməsində bununla əlaqəli məlumat tapılmır. Bu haqda nə deyə bilərsiniz?

 

– Sağlamlıq elmləri (tibb, stomatologiya və əczaçılıq) namizədləri üçün minimum akademik müvəffəqiyyət 90 %-dir. Gürcüstanlı tələbələrin də ən çox seçdiyi sahələrdən biri olan tibb fakültəsi ən çox müraciət olunandır. “Türkiyə təqaüdləri” daxilində ən çox rəqabətin yaşandığı sahələrdən biri olması səbəbindən də tibb fakültəsini müəyyən sayda ən müvəffəqiyyətli tələbələr qazanırlar. Buna görə də tibb fakültəsini seçən namizədlərin güclü rəqabətə hazır olmaları və ən müvəffəqiyyətli namizədlər arasına girmələri lazımdır.

 

– Müraciət nə zaman başlayır və proqrama necə müraciət etmək olar?

 

– Müraciətlər hər il 10 yanvar – 20 fevral tarixləri arasında “Türkiyə Bursları”nın veb-səhifəsində (https://www.turkiyeburslari.gov.tr) onlayn olaraq ödənişsiz həyata keçirilir.

 

– Kimlər müraciət edə bilərlər?

 

– Türkiyədə bakalavr, magistr, doktorantura dərəcələrində təhsil almaq istəyənlər, araşdırma ilə məşğul olmaq istəyənlər və aşağıda qeyd olunan şərtlərə sahib olan tələbələr dünyanın istənilən yerindən müraciət edə bilərlər.

Müraciət üçün əsas meyarlar:

Minimum akademik müvəffəqiyyət meyarı:

· Bakalavr namizədləri üçün minimum akademik müvəffəqiyyət – 70 %;

· Magistratura və doktorantura namizədləri üçün minimum akademik müvəffəqiyyət – 75 %;

· Sağlamlıq elmləri (tibb, stomatologiya və əczaçılıq) namizədləri üçün minimum akademik müvəffəqiyyət – 90 %.

Yaş meyarı:

· Bakalavr proqramları üçün – 21 yaşa qədər;

· Magistratura proqramları üçün – 30 yaşa qədər;

· Doktorantura proqramları üçün – 35 yaşa qədər;

· Araşdırma proqramı üçün – 45 yaşa qədər.

Uyğunluq:

· Bütün ölkələrin vətəndaşları;

· Məzunlar və ya mövcud təhsil-tədris ilinin sonunda məzun olacaq şəxslər;

· Araşdırmaçılar və alimlər.

 

– Proqrama müraciət etmək üçün hansı sənədlər tələb olunur?

 

– Müraciət sistemi üzərindən yaradılan fərdi hesaba şəxsi məlumatlar, təhsil haqqında məlumatlar və ünsiyyət məlumatları yüklənir.

 

– “Türkiyə təqaüdləri” proqramı ilə təhsil alanları gələcəkdə nə gözləyir?

 

– “Türkiyə təqaüdləri” proqramı Türkiyənin ən əhəmiyyətli universitetlərində beynəlxalq standartlarla təhsil almaq imkanını təqdim etməklə akademik və peşə inkişaflarına hər anlamda böyük töhfə verməkdədir. Dünya üzrə 150 mindən çox Türkiyə məzununun mövcudluğu və hər il bu məzunların sayının artması Türkiyədə təqaüdlə təhsil almanın üstünlüklərinin bir isbatıdır.