Cəmiyyətimizdə əsas problemlərdən biri də qeyri-gürcü millətlərdən olan uşaqların ibtidai təhsilini gürcü sektorunda almasıdır. Bəlkə indi deyəcəksiniz ki, bu niyə problem olsun? Dövlət dilini hər kəs bilməlidir, bunda pis nə var? Bəlkə də qınayacaq, tənqid edəcəksiniz. Günümüzdə valideynlərin çoxu da elə bu düşüncədədirlər. 15 sentyabr onlar uşaqlarını gürcü sektorunda təhsil almaları üçün məktəbə gətirirlər. Hətta valideynlərin belə dediklərini də eşitmişəm: “Heç olmasa mən xəstələnəndə uşaq xəstəliyimin əlamətlərini həkimə tərcümə edə bilsin”.
Lakin, təəssüf ki, bu, bir müddətə kimi davam edir, 5-6-cı siniflərdə gürcü sektorunda oxuyan uşaqlar çətinlik çəkirlər, onlarda qavrama prosesi getmir. Dərslik çətinləşdikcə zəncir qırılır, sanki öyrənmə prosesi davam etmir. Daha sonra valideynlər uşaqları keçirirlər Azərbaycan sektoruna. Elə burada hər şey qarışır bir-birinə. Gəl indi öz doğma dilində hərfi tanımayan, yazıb-oxumağı bacarmayan uşaqlara 5-6-cı sinifdə dərs keç. Bu, uşağın təhsil alması üçün çətin vəziyyət yaradır. Çətinlik ona görə yaranır ki, uşaqlar gürcü dili ilə yalnız dərsdə məşğul olurlar. Dərsdən başqa hər yerdə öz doğma dillərində danışırlar.
Yəni uşaqlar nə gürcü dilini bilirlər, nə də öz doğma dillərini. Bu yerdə belə bir atalar sözü yada düşür: “İki yerə baxan çaş olar”.
Elə buna sübutdur ki, orta məktəbi gürcü sektorunda bitirən abituriyentlər milli imtahanları doğma dillərində verirlər və burada da çətinlik özünü göstərir. Fikrimcə, ən azından uşaqlar ibtidai sinif təhsilini öz doğma dillərində almalıdırlar.
Biz danmırıq, dövlət dilini hər birimiz öyrənməliyik. Demirik ki, dövlət dilini öyrənməyək. Gürcü dili dövlətimizin ümumi anlaşma dili, danışıq dilidir, onu öyrənmək hamımızın ümdə borcudur. Sadəcə olaraq, dövlət dilini öyrənmə cəhdi ucbatına anamızın bizə layla çaldığı doğma dilimizi unutmayaq. Şübhəsiz ki, doğma ana dilini bilməyənin başqa dili öyrənməsi müşkül məsələdir. Hər bir millət öz dilində yazıb-oxumağı, müzakirə etməyi, nəticə çıxarmağı bacarmalıdır. Şərqin günəşi olan Nəriman Nərimanov demişkən “Sevin, öyrənin o dili ki, ananız beşik başında o dildə sizə layla çalıb”.
Dilimiz kimliyimizə dəlalət edir. Kimliyimizi qorumaq üçün elə dilimizi qorumaqdan başlayaq!
Dilarə TƏHMƏZOVA