GÜRCÜSTANIN TƏHSİL VƏ ELM NAZİRİNİN

SƏRƏNCAMI №57/ნ

2010-cu il 14 iyul

Tbilisi şəhəri

Müəllimin Peşə Etikası Kodeksinin təsdiq edilməsi haqqında

“Ümumi təhsil haqqında” Gürcüstan qanununun 26-cı maddəsinin birinci bəndinin “შ​1დ” altbəndinin, “Gürcüstanın Təhsil və Elm Nazirliyinin müddəanın təsdiqlənməsi haqqında” Gürcüstan hökumətinin 2004-cü il 21 may N37 sərəncamı ilə təsdiqlənmiş müddəanın 2-ci maddəsinin 2-ci bəndinin “პ.ი” altbəndi və 3-cü maddəsinin 2-ci bəndinin “მ” altbəndi əsasında sərəncam qəbul edirəm:

1. Əlavə edilmiş Müəllimin Peşə Etikası Kodeksi təsdiq edilsin.

2. Sərəncam yayımlanan kimi qüvvəyə minsin.

D. Şaşkin

 

Müəllimin Peşə Etikası Kodeksi

Başlıq I

Ümumi müddəalar

Maddə 1. Anlayış və məqsəd

1. Müəllimin Peşə Etikası Kodeksi (bundan sonra – “Etika Kodeksi”) ümumtəhsil müəssisəsi müəlliminin peşə davranışı qaydalarını müəyyən edir. Həmin qaydalarla müəllimin peşə kompetensiyasının keyfiyyəti qiymətləndirilir və müəllimdən şagirdlər, valideynlər, müəllimlər və məktəbdə işləyən digər şəxslərlə münasibətdə bu qaydaların qorunması tələb olunur.  

2. Etika Kodeksinin məqsədi müəllimin vacib peşə davranışının vahid qaydalarını tətbiq etməkdir.

3. Məktəbin daxili qaydası Etika Kodeksinə əsaslanmalıdır.

 

Maddə 2. Tənzimləmə sahəsi

Etika Kodeksi Gürcüstan vətəndaşı olan, xarici ölkə vətəndaşı olan və vətəndaşlığı olmayan, ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərə aiddir.

 

Başlıq II

Etika Kodeksinin strukturu

Maddə 3. Peşə kompetensiyası

1. Müəllim peşə öhdəliyini yerinə yetirən zaman müstəqil, vicdanlı və qərəzsizdir.

2. Müəllim pedaqoji fəaliyyəti həyata keçirən zaman Gürcüstan qanunvericiliyi və Etika Kodeksinin normaları ilə hərəkət edir.

3. Müəllim şagirdlərdə demokratik və vətənpərvər dəyərlərin formalaşmasına dəstək olur.

4. Müəllim öz peşə fəaliyyəti, ədalətliliyi, qarşılıqlı hörməti, insan hüquqlarının müdafiəsi, sağlam həyat tərzi qaydaları və ətraf mühitin mühafizəsində şagirdlərə nümunə olur.

5. Müəllim Gürcüstan qanunvericiliyi ilə tətbiq edilmiş qaydaya əsasən şagirdlər, valideynlər, müəllimlər və məktəbdə işləyən digər şəxslərlə əlaqədar məlumatın gizliliyini qoruyur.

6. Müəllim öz fəaliyyəti zamanı həmişə punktualdır və səliqəli geyinir.

7. Müəllim etika normalarına uyğun, dolğun və şagirdlərin başa düşdüyü dildə danışır.

8. Müəllim pedaqoji fəaliyyəti üçün ayrılmış vaxtdan milli tədris planı ilə nəzərdə tutulmuş tədris məqsədlərinə nail olmaq üçün istifadə edir.

9. Müəllim məktəbin əmlakını qoruyur və məktəb resurslarından məqsədyönlü şəkildə istifadə edir.

10. Müəllim peşə və ya institusional üstünlüklərdən şəxsi məqsədləri üçün istifadə etmir.

11. Müəllim özünün davamlı peşəkar inkişafının qayğısına qalır.

 

 Maddə 4. Şagirdlərlə münasibət

1. Müəllim təhsil prosesində yaranan çətinlikləri aradan qaldırmaq üçün şagirdin məsləhətçisi funksiyasını yerinə yetirir və şagird istəsə, ona şəxsi problemlərini həll etməkdə kömək edir.

2. Müəllim şagirdi şifahi və ya fiziki təhqir etmir, ona emosional (psixoloji) təzyiq göstərmir.

3. Müəllim öz şagirdinə qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa, əlavə ödənişli təhsil xidmətləri göstərmir.

4. Müəllim münaqişəli vəziyyətlərdə sakitliyi qoruyur, şagirdlərin fikrini dinləyir və obyektiv, ədalətli qərarlar qəbul edir.

5. Müəllim təhsil prosesi ərzində şagirdin sağlamlığının, şəxsi təhlükəsizliyinin və əmlakının qorunmasının qayğısına qalır.

6. Müəllim şagirdlərə nümunə olur və sağlam həyat tərzi üçün mühüm olan dəyərlərin, bacarıqların formalaşmasında kömək edir.

7. Müəllim şagirdlərlə münasibət zamanı mənəvi və əxlaqi normalara riayət edir.

8. Müəllim şagirdlərin fikrinə hörmət edir, onlara ideyalarını və baxışlarını sərbəst olaraq ifadə etmək üçün hər şəraiti yaradır.

9. Müəllim şagirdlərlə dini (dini maarifləndirmə fəaliyyəti ilə məşğul olan məktəblərin müəllimləri istisna olmaqla) və siyasi təbliğatla məşğul olmur.

10. Müəllim şagirdin fiziki və intellektual əməyindən və ya potensialından şəxsi məqsədləri üçün istifadə etmir.

11. Müəllim cinsi, irqi, dini, milli, etnik və sosial mənsubiyyətindən, əmlak vəziyyətindən və digər xüsusiyyətlərindən asılı olmayaraq bütün şagirdlərə bərabər diqqət göstərir, xüsusi təhsilə ehtiyacının olmasına və ya fiziki imkanları məhdud olmasına baxmayaraq bütün şagirdlərin keyfiyyətli təhsil almasının qayğısına qalır.

 

Maddə 5. Valideynlərlə münasibət

1. Müəllim şagirdin validyenləri ilə əməkdaşlıq edir və lazım gələn halda onlarla fərdi görüşlər keçirir.

2. Müəllim şagirdin validyenləri ilə əməkdaşlıq edir və onlarla münasibət zamanı nəzakətli davranır.

3. Hər tədris rübünün başlanğıcında müəllim valideynlərə tədris planı və seçdiyi tədris metodları barədə izahat verir.

4. Müəllim tələb və ehtiyaca uyğun olaraq şagirdin akademik iştirakı barədə valideynə vaxtında və fərdi şəkildə məlumat verir.

5. Müəllim sinif rəhbəridirsə, ehtiyac olduğu halda, vaxtında valideynlə əlaqə qurmaq üçün bütün valideynlərin əlaqə məlumatını saxlayır.

6. Müəllim şagirdin nizam-intizam pozuntusu barədə valideynə bildirir və şagirdin məktəbin daxili qaydaları ilə müəyyən edilmiş nizam-intizama riayət etməsinə dəstək olur.

7. Müəllim şagird məktəbə gəlmədiyi və ya onun şəxsi təhlükəsizliyi, sağlamlığı təhlükə altında olduğu halda dərhal valideynə məlumat verir.

 

Maddə 6. Məktəb rəhbərliyi, müəllimlər və məktəbdə işləyən digər şəxslərlə münasibət

1. Müəllim peşə təcrübəsinə və ya şəxsi xüsusiyyətlərinə baxmayaraq, məktəb rəhbərliyi, müəllimlər və məktəbdə işləyən digər şəxslərə bərabər hörmət bəsləməlidir.

2. Müəllim əldə etdiyi bilik və təcrübəni həmkarları ilə bölüşür və onlarla əməkdaşlıq edir.

3. Müəllim məktəb mandaturu ilə əməkdaşlıq edir və onun verdiyi məlumatı nəzərə alır.

4. Müəllim məktəb rəhbərliyi ilə əməkdaşlıq edir və məktəbin inkişafı üçün planlaşdırılmış tədbirlərə öz töhfəsini verir.

 

Başlıq III

Etika Kodeksinin pozulması

Maddə 7. Etika Kodeksinin pozulmasına görə cavabdehlik

Müəllim tərəfindən Etika Kodeksinin kobud və ya davamlı şəkildə pozulması Gürcüstan qanunvericiliyi və müəllimlə bağlanmış əmək müqaviləsinə müvafiq olaraq məsuliyyətə səbəb olur.

 

Gürcü dilindən tərcümə etdi: Aynurə ƏLİYEVA