Etnik azlıqların ali təhsil müəssisəsinə qəbul olunması üçün güzəştli sistem heç bir ölkədə yoxdur. Gürcüstanda güzəştli sistemin qəbul edilməsi ehtiyacı ilk milli imtahanlar dövründə yaranıb. 2005-ci ildən məlum oldu ki, məktəb qeyri-gürcüdilli şagirdlərə qeyri-bərabər akademik bilgi verir. Bu isə onları qəbul imtahanları üçün rəqabətsiz edirdi.
Gürcüstanın Təhsil və Elm Nazirliyi 2005-2010-cu illərdə etnik azlıqların ali təhsil müəssisələrinə qəbul olunması imkanlarını artırmaq üçün müxtəlif mexanizmlərə müraciət etdi. Ancaq heç bir strategiya əlverişli nəticə vermədi. 2010-cu ildən isə nazirlik qərar verdi ki, güzəşt siyasətinin ən radikal formasına – “kvota sisteminə” müraciət etsin.
Abituriyentlər ana dilində yalnız ümumi qabiliyyət imtahanı verirlər. Hər etnik icmadan ən yüksək bal toplamış 100 tələbəni dövlət gürcü dili üzrə birillik kursda hazırlayır və bütün bakalavr pilləsini maliyyələşdirir. Kvotadan kənar qalmış tələbələr isə dil öyrənməyə 2250 lari ödəyirlər. Onlar üçün kursu başa vurduqdan sonra istənilən ümumi pulsuz bakalavr proqramı da pulludur. Nazirlik bu yanaşmanı belə əsaslandırır: Əgər tələbə bir güzəştli proqramdan yararlanırsa, o zaman ikincidən yararlanmaq hüququ olmamalıdır.
“1+4 proqramının bu gün də mövcud olması dövlətin qeyri-gürcüdilli məktəb şagirdlərinə keyfiyyətli təhsil təklif etməməsinin təsdiqidir. 12 il ərzində şagirdə dövlət dilini öyrədə bilmir, qeyri-bərabər şəraitə salır və sonra isə ona deyir, etiraf edirəm ki, çatışmazlıqlar var, bunu düzəltmək üçün sənə belə bir sistem təklif edirəm, amma sən bunun üçün mənə pul ödəməlisən. Bu halda isə ictimaiyyətin böyük əksəriyyəti gürcü dilini bilmədiyinə görə azlıqların icmasını günahlandırır. Gürcüstan faktiki olaraq öz vətəndaşlarına dövlət dilini pulla öyrədən yeganə ölkədir”, – deyə ictimai fəal, “Salam” platformasının üzvü Aytac Xəlilli bildirir.
O, həmçinin qeyri-gürcüdilli qrupların bu günə qədər güzəştli sistemdən yararlanması haqqında da danışır. Özü 1+4 proqramından imtina edib və bütün imtahanları verib. O, yaxşı gürcü dili müəllimi olan uğurlu şagirdlərin arasına düşüb. Xatırlayır ki, əvvəl məktəbdənkənar əlavə gürcü dili dərnəyi var idi və həftədə üç dəfə Qardabanidən gəlmiş müəllim şagirdlərə məktəbdəcə gürcü dili öyrədirmiş. İndi həmin proqram yoxdur.
“Məktəbdə gürcü dili üçün xüsusi dərsliklər var. Həmin dərsliklər yalnız dil öyrənmək üçün nəzərdə tutulub və bu biliklə necə ədəbiyyat imtahanı verə bilərsən? Proqramda iştirak etmək istəməməyimin səbəbi bu idi ki, universitetlərin ümumi yanaşması, metodologiyası yoxdur. Bəzi universitetlərdə, hətta, bunların hamısına qeyri-ciddi yanaşırlar. Faktiki olaraq məktəb proqramıdır. Gürcü dilini tam bilmədiyinə görə etnik azlıqlar onsuz da peşə mənimsəməkdə çətinlik çəkirlər və bu şəxslər sünii olaraq sadələşdirilmiş proqramlarla necə rəqabətli kadrlar ola biləcəklər?” – Aytac Xəlilli deyir.
O hesab edir ki, məktəblərdə dilin tədrisinin təkmilləşdirilməsi üçün ən mühüm ilkin şərtlərdən biri dili bilən etnik azlıqların müəllimlik peşəsinə daxil olma mexanizmlərinin yaradılmasıdır.
A.Xəlilli izah edir ki, Gürcüstanda qeyri-gürcüdilli məktəblərin əsas hissəsi etnik azlıqların məskunlaşdığı bölgələrdə – Kvemo Kartli, Samtsxe-Cavaxeti və Kaxetidə yerləşir.
“Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzinin” göstəricilərinə görə, hər üç bölgənin qeyri-gürcüdilli məktəbində ümumilikdə 6818 müəllim işləyir. Müəllimlərin yaşından, eləcə də onların ixtisas və dövlət dilini bilmə səviyyəsindən irəli gələrək müəllimlərin yeni nəsillə əvəz edilməsi məsələsi gündəlikdə durur. Ancaq müsahibimizin sözlərinə görə, bu məsələnin, mövcud tələblə, işlə təmin etmə bazarında nə dərəcədə həyata keçirilməsinin mümkünlüyü müzakirə olunacaq vacib mövzudur.
“Son zamanlar çox sayda gənclər öz regionuna müəllim olaraq qayıtmağı düşünür. Ancaq vakansiyalar yoxdur. Yaşlı müəllimlər məktəbdən getmək istəmirlər. Həm də, bir müəllim bir neçə fənni tədris edir. Mənim məktəbimdə, məsələn, tarix, Azərbaycan dili və təbiət fənnini eyni müəllim tədris edir. Daxili rüşvət və nepotizm çox böyük problemdir. Mənim dostumdan müəllim olaraq işə başlaması üçün pul istədilər. Son zamanlar direktorlar tərəfindən belə hərəkətlər tez-tez baş verir və bu, adi hala çevrilib”, – Aytac Xəlilli deyir.
Jurnalist Harut Malxasyandan da 1+4 sistemini qiymətləndirməyi xahiş etdik. O, 2014-cü ildə gürcü dili hazırlıq proqramını keçib. Sonra isə Tbilisi Dövlət Universitetinin Sosial və siyasi elmlər fakültəsini bitirib.
O, hesab edir ki, etnik azlıqlar üçün ali təhsil istiqamətində şərait baxımından atılmış ilk addım – 1+4 proqramı həqiqətən də effektivdir və bu effektiv proqramlardan biri deyil, hətta, yeganə effektiv proqramdır:
“Məsələ budur ki, Gürcüstanın müstəqillik günündən bu günə qədər etnik azlıqların təhsil və inteqrasiyası baxımından real dəyişikliklərə səbəb olacaq başqa heç bir belə genişmiqyaslı proqram həyata keçirilməyib”.
Kvota sistemi qəbul olunduqdan sonra Gürcüstan ali təhsil müəssisələrinə qəbul olan etnik azlıq tələbələrinin sayı ciddi şəkildə artdı və bu tendensiya bu günə kimi qorunub saxlanılır. Sosial Ədalət Mərkəzinin statistikasına görə, 2010-cu ildə 247 tələbə ali təhsil müəssisəsinə qəbul olmuşdursa, bu gün bu rəqəm 1231-ə qədər artıb.
Harut Malxasyan qeyd edir ki, tələbələrin sayının artması ilə yanaşı kvota sayına da yenidən baxılmalıdır. Hər il 100 azərbaycanlı və 100 erməni abituriyent maliyyələşdirmə qazanır. Ancaq təxminən 1200 tələbədən 900-ü azərbaycanlı, 300-ü ermənidir. Belə çıxır ki, hər üç erməni gəncdən biri qrant qazanır, azərbaycanlılarda isə bu, hər doqquz gəncdən birini təşkil edir.
21 yaşlı Ruslan Ömərov ingilis dili filologiyası üzrə tələbədir. Paralel olaraq isə pedaqogikanı öyrənir. O, təəssüf edir ki, çox az bal fərqinə görə təhsilini pulsuz davam etdirəcək 100 tələbə arasına düşə bilməyib. Gürcü dilini təkmilləşdirmək üçün məktəbin son üç ilini güclü hazırlaşıb – fərdi hazırlıqlar, müəllim və onun kəndində yeganə etnik gürcü ailə nümayəndəsi olan gürcü sinif yoldaşının köməyi ilə çalışıb. Ümumi qabiliyyət üzrə hazırlıq üçün Dmanisidən Marneuliyə gedirmiş. Bu isə hazırlıq xərcini artırır, keyfiyyəti isə daha da pisləşdirirdi. Ruslan Ömərov hazırlıq kursunun nə dərəcədə effektiv olub-olmaması sualına belə cavab verir:
“Mənim üçün hazırlıq kursu az-çox effektiv idi. Bal sistemi ilə qiymətləndirsəm 10 baldan 7 bal qeyd edərdim. Bu proqramdan əlavə, müstəqil olaraq, əlavə video və ya yazılı materiallardan da istifadə edirdim. Təhsil prosesinin yalnız formal olmasını, dərs mühiti ilə kifayətlənməni çatışmazlıq hesab edirəm. Proqramın iştirakçısı olan şəxslər əlavə olaraq qeyri-formal aktivliklərə qoşula bilmirlər. Bu aktivliklərdə ana dili gürcü dili olan adamlarla ünsiyyət qura bilərdilər. Çox adam müstəqil şəkildə bunu bacara bilmir. Çünki gürcü dilini kifayət qədər bilməməkləri buna kompleks yaradır. Proqram həqiqətən ideal deyil, düşünürəm, məktəb, məktəbəqədər təhsilin təkmilləşdirilməsi baxımından planlı və konstruktiv addımlar atılmalıdır. Bundan sonra bu proqrama ehtiyac da qalmayacaq”.
1+4 proqramında dövlət siyasətinin çoxsaylı çatışmazlıqları gizlənir – məktəbəqər təhsilin aşağı əlçatanlığı, mədəni qapalılıq, qeyri-effektiv dərsliklər və proqramlar, aşağı kvalifikasiyalı müəllimlər, universitet proqramlarının düşünülmədən seçilməsi, abituriyentlərin bazar tələbləri və işlə təmin edilmək üçün mühüm aspektlər haqqında məlumatsız olması, universiteti bitirmənin aşağı və işsizliyin yüksək göstəricisi, dövlət xidmətlərində monoetniklik... – siyahını sonsuza qədər davam etdirmək olar.
“Yaşıl Qafqaz”ın 2016-cı il araşdırmasına görə, Kvemo Kartli bələdiyyələrinin yerli özünüidarələrində işləyənlərin ümumi sayı 17 %-dir, Kvemo Kartli əhalisinin 49 %-ni isə qeyri-dominant qruplar təşkil edir. Bu problemin həlli üçün Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının dəstəyi ilə “1+4 təcrübə proqramı” həyata keçirilir. “Edu.aris.ge” təcrübə keçdiyi qurumlarda neçə nəfərin işlə təmin edilməsi haqqında statistika əldə etməyə çalışdı. Aydın oldu ki, belə statistika yoxdur. Dövlət strukturları, ümumiyyətlə, etnik baxımdan mühüm statistikanı qeydə almırlar. Bu da böyük problemdir.
Bəzi problemlərə baxmayaraq, qəbul olmaq istəyənlərin sayı ilə yanaşı dil bilənlərin sayı da ildən-ilə artır. Etnik azlıq nümayəndələri isə dövlətdən dövlət dilinin tədrisi kimi müsbət öhdəlikləri həyata keçirməyi daha çox tələb edirlər. Artıq bir ildən çoxdur ki, “Gürcü dilini pulsuz öyrət” kampaniyası aparılır. Nazirlik kampaniyanın təşkilatçılarına bildirib ki, dəyişikliklər planlaşdırılır, ancaq nə zaman və hansı dəyişikliklərdən söhbət getdiyini konkret vurğulamayıblar.
Yazı “edu.aris.ge” saytından götürülərək gürcü dilindən Azərbaycan dilinə tərcümə edilmişdir.
Yazının müəllifi: Keti Baxtadze
Tərcüməçi: Aynurə Əliyeva