“Bəs oradakı, ümumi təhsil islahatının təqdimatında gördüyümüz orta pillə haradadır?!. Demək olar ki, məktəbin orta pilləsi ləğv edilib...” – EDU.ARİS.GE ilə müsahibəsində Qafqaz Universitetinin professoru və Təhsil Nazirliyində milli tədris planının inkişafı üzrə keçmiş koordinator Niko Silaqadze bildirib.
Mütəxəssisin qiymətləndirməsinə görə, təhsil naziri tərəfindən təqdim edilmiş plana əsasən, 9 illik baza təhsili və 2 illik orta pillənin 1 ilinin repetitorium olması nəzərdə tutulur. Bu, “orta pillədə ümumi təhsil komponentinin olmaması” deməkdir.
– Cənab Niko, bizim söhbətimizin əsas mövzusu ümumtəhsil islahatında orta pillənin real “olub-olmamasına” aiddir. Ancaq buna qədər 2 dekabrda təhsil nazirinin təqdim etdiyi məktəb təhsil islahatı konsepsiyasını qiymətləndirərdiniz. Təqdimatdan sonra sizin təəssüratlarınız necə idi? Nə təqdim edildi, nə götürdük?
– Çox sevinirəm ki, orta pillə haqqında söhbət edəcəyik. Nazirliyin ikincidərəcəli populist mesajlarla (məktəbli formaları, telefonların qadağası, birinci siniflərin qeydiyyatı və s. ) islahat gündəliyi yaratmaq istədiyi vəziyyətdə çalışmalıyıq ki, ən vacib məsələlər diqqətdən kənarda qalmasın.
Ümumi təəssüratım, əlbəttə, kəskin şəkildə mənfidir. Demək istəmirəm ki, bizi sadəcə məsxərəyə qoyurlar. Nazirin təqdimatında gördüyümüz 8 bənd həqiqətən də bu gün məktəbdə olan problemlərlə əlaqədar vəziyyətin analizini əks etdirmirdi. Keyfiyyətli təhsilə və onun bərabər şəkildə əlçatanlığına nə səbəb olur. Müəyyən olunmuş istiqamət-problemlər və onların həlli yolu üçün təklif edilən məqsədlər arasında səbəb-nəticə əlaqəsi də görünmürdü.
Bizə təqdim edilən konsepsiya deyil, piar-bəyanatlar toplusu idi. Onlar vasitəsilə “iki dovşan tutmağa” çalışırlar: Bir tərəfdən Baş nazirə sübut edirdilər ki, necə “bacarıqlıdırlar”. Digər tərəfdən isə ictimaiyyətin konservativ əhval-ruhiyyəli qismi qarşısında ölkəni liberalizm ideologiyasının təsirindən necə “qoruduqlarını” immitasiya edirdilər.
Birinci dəfə kimsə həqiqətən buna aldana bilər, amma bu uzun müddət davam edə bilməz. Mövcud olmayan liberalizmdən danışmaqla şəxsi kompetensiyasızlığını örtə bilməzsən.
Mən milli tədris planı departamentindəki həmkarlarımın necə susmasına təəccüblənirəm və öz sükutları ilə nazirin saxta ittihamları ilə razılaşırlar. Sizin qazet vasitəsilə onlardan soruşmaq istəyirəm: Bu qədər müddət milli tədris planı liberal idi? Bu qədər müddət liberalizm ideologiyasını kurikuluma salmağa çalışırdıq, yaxud əksinə – kurikulumun hansısa ideoloji platformanın xeyrinə tərəf əyilməsinə nəzarət edirdik?
Ümid edirəm nazirlikdə kiminsə “institusional ləyaqəti” olmasa da, özünə hörməti qalıb və təqdimatda səsləndirilən məsxərələri cavabsız qoymayacaq.
– Deyirsiniz ki, konsepsiyanın vəzifələri arasında hətta səbəb-nəticə əlaqəsi belə görünmürdü. Bununla nəyi nəzərdə tutursunuz? Yəni təqdim olunan çağırışların 8 maddəlik siyahısı ilə onların həlli mərhələlərinin – yenə 8 maddə şəklində verilməsi – bir-biri ilə əlaqələndirilməyibmi?
– Əlaqələndirilməyib. Uyğunsuzluqlar o qədər açıq-aydındır ki, bu barədə danışmaq belə utancvericidir:
• Deyirlər ki, fundamental fənləri və onların ‘əhatəsini’ gücləndiririk, paralel olaraq isə məktəbdən bir sinfi çıxardılar. Təkcə bir sinfi yox, faktiki olaraq iki ili kəsdilər — 11-ci sinif repetitorium elan edildi və bu da yalnız abituriyent ehtiyaclarına xidmət edəcək. Maraqlıdır, həmin fənnə indiyə qədər olduğundan daha az saat verilirsə, “əsas fənlərin” gücləndirilməsi necə olmalıdır?
• Proqramın yüklü olması problemdir və xarici dillər, incəsənət, musiqi və idmandan başqa praktiki olaraq bütün fənlərin tədirisinin gücləndirilməsini anons ediblər (aydın oldu ki, nazir “əsas fənlərdə” nəzərdə tutur: gürcü dili və ədəbiyyatı, tarix, coğrafiya, fizika, kimya, biologiya, riyaziyyat).
Maraqlıdır, bu qədər fənni həm gücləndirməyi, həm də proqramı yüngülləşdirməyi necə planlaşdırırlar?
• Deyirlər ki, yenilənən tədris resursları üzərində işləmək prioritetimizdir, amma indiyədək resursların inkişafı prosesində nazirliyin əsas dayağı olan nəşriyyatlar bu işdən kənarlaşdırılıb.
Maraqlıdır, resursların daim yenilənməsini hansı resursla planlaşdırırlar? Ümid edirəm ki, bunu indiyə qədər əməkdaşlıq etdikləri konkret nəşriyyatların eyni müəlliflərini (kitablarına qrif verilməyən müəlliflər) kirayələmək yolu ilə bacaracaqlarını heç kim ciddi düşünmür.
• Maliyyələşdirmə modeli problemdir deyirlər və problemin həlli yolu olaraq yenə də bu gün mövcud olan həmin modeli təklif edirlər.
Maraqlıdır, niyə bu model digər nazirlərdən fərqli olaraq Mikanadzenin əlində daha yaxşı işləyəcək?
• Təhsil pillələri arasında əlaqəni gücləndiririk deyirlər və 12-ci sinfin seçim olaraq “qarma-qarışıq” ideyasını qəbul ediblər ki, insan, ümumiyyətlə, ali təhsilə keçidin necə, nəyi nəzərə almaqla baş verəcəyini başa düşmür.
Bu kimi bir çox uyğunsuzluqlar müəyyən etmək lazımdır, amma düşünürəm ki, konseptual olaraq heç kimin heç nəyi düşünməməsinə əmin olmaq üçün bu da kifayətdir.
Müşahidə edin, nazir milli tədris planı barədə ümumiyyətlə danışmayıb. Heç nazirliyin digər vəzifəliləri bu baxımdan ictimaiyyəti məlumatlandırmağa tələsmirlər.
Müqayisə üçün, təqdimatda konkret deyildi ki, “yeni” müəllimin peşə inkişafı sxemi 2026-cı ilin yanvarında təsdiqlənəcək, tədris planı barədə isə heç nə deyilməyib (nəsə hazır olsaydı mütləq deyərdilər).
Maraqlıdır ki, əgər “konsepsiyada” deyilənlərin müvafiq kurikulumu alınacaq, ya alınmayacaq, o zaman, ümumiyyətlə, nədən və niyə danışırıq. Arxasında müvafiq milli tədris planı durmayan konsepsiyaların təqdim edilməsinin nə mənası var.
– Siz təqdimatdan sonra yazırdınız ki, bu konsepsiya cəmiyyətə nə deyir: “Məktəb şagirdi milli imtahanlara hazırlaya bilmir, buna görə də bu gün onun orta pilləsinin repetitorium elan edilməsi anons edildi. Eləcə də məktəb karyera hazırlığını təmin edə bilmir və ona görə də məktəbə peşə təhsilini gətiririk, qeyri-müəyyən peşə istiqamətli proqramlardan danışırıq. Ümumi təhsilin orta pilləsinin ümumtəhsil funksiyasını itiririk” – bu, şagird üçün nə deməkdir?
– Bu o deməkdir ki, qərar qəbul edənlər məktəbin funksiyasını düzgün başa düşmürlər. Məktəb “hazırlıq mərkəzi” deyil. O, şagird və müəllimin məhdud zaman çərçivələri və “imtahan qızdırması”nın yaratdığı stres olmadan əməkdaşlıq etməli və inkişaf üzərində çalışmalı olduqları bir məkandır. Nazir təqdimatında bir dəfə də olsun “subyekt” olaraq şagirdi qeyd etmədi. Əvəzində məktəbə ali və əmək bazarı üçün uşağın pis hazırlanmasına görə töhmət verir və töhmətə əsaslanaraq “innovativ idea” – repetitoriumu inkişaf etdirdi.
Yaxşı, bu faktı təsdiq edə bilərik ki, ümumi təhsilin orta pilləsində proqramların tərtib edilməsi zamanı (daha çox ibtidai, baza pilləsində) ali təhsil, yaxud peşə təhsili komponenti daha çox nəzərə alınmalıdır. Amma bu o demək deyil ki, ümumi təhsilin orta pilləsində bu iki komponent aparıcıdır. Yekun siniflərdə yenə də ümumi təhsil ideyası, dəyərlərin əldə edilməsi, təhsil materialının subyektləşdirilməsinə istiqamətlənmək əsasdır, aydındır ki, əgər “hazırlıq mərkəzindən” deyil, məktəbdən danışırıqsa.
Repetitoriumdan danışmaq sadəcə ayıbdır – başqa cür deyə bilməzsən. Yəqin yalnız Gürcüstanda belə təşəbbüs nazirin dilindən səsləndirilə bilər və buna ictimaiyyətdən reaksiya göstərilməz.
Təəccüblənirəm ki, ötən il “CAT” imtahanlarına görə İmtahanlar üzrə Milli Mərkəzlə mübarizə aparan milli tədris planı idarəsinin ekspertləri niyə susurlar. Xatırladım ki, “CAT” imtahanları ilə bağlı bu sonuncunun məktəb həyatında oynadığı rol mübahisəli idi. Onun rəhbərliyi ilə təhsil prosesində “ağırlıq mərkəzi” imtahan hazırlığına keçirdi və buna görə real tədris məqsədləri “oyundan kənar vəziyyətdə” qalırdı.
Sual yaranır: indi məsələ necədir? Məktəbə birbaşa repetitorium adı verildikdə bu problem niyə gündəliyə qayıtmadı? Tədris planının aparıcı ekspertləri niyə Təhsil Nazirliyinin indiki administrasiyasına qarşı zamanında İmtahanlar üzrə Milli Mərkəzlə apardıqları kimi mübarizə aparmırlar?
– Əgər bu günkü konsepsiyanı analiz etsək, orta pillədən məktəbdə nə qalıb? Belə çıxır ki, məktəb indi özü şagirdlərə ali məktəb imtahanları üçün təlim keçəcək? Bir fikir də səsləndirildi ki, 12-ci sinfi çıxarmaqla müəllimlərin əməkhaqqı azalır, məhz bu repetitorium da bu çatışmazlığı doldurmaq üçündür. Deyə bilərik ki, yenə də indiyə kimi qazandığımız şagirdlər qazanacağıq?
– Demək olar ki, orta pillədən heç nə qalmayıb. İndiyədək əldə etdiyimiz şagirdlə eynisini, hətta ondan da pisini qazanacağımız barədə burada iki cür fikir ola bilməz; nə vaxt olub ki, bəndlərin yerini dəyişməklə mahiyyət dəyişsin. Görünür 9+2 modelinə keçirik. Buradan 11-ci sinif repetitorium olacaq (12-ci seçim sinfi, nə olacağı barədə heç danışmağa da dəymir). Yəni ümumi təhsil komponenti üçün yalnız 10-cu sinif qalır. Maraqlıdır, bu bir il ərzində nə necə edilməlidir.
Xatırladım ki, ümumi təhsilin hər bir pilləsinin spesifik missiyası var. Orta pillənin missiyası üçün əsas sözlər bunlardır: “araşdırma”, “biliyi möhkəmləndirmə”, “maraqların fərqləndirilməsi”, “fərdi öhdəlik və muxtariyyətin yaradılması”, “ictimai həyata hazırlıq”. Bütün bunların əsası, təbii ki, əvvəlki pillələrdə qoyulur, lakin buraxılış sinifləri elə bir mərhələdir ki, bu komponentlərə xüsusi diqqət yetirilir və şagirdlərdən də başqa tip sintezlər gözlənilir (son dövrlər bu qədər tez-tez xatırladılan “dəyərlər üzrə təhsil” baxımından da məhz orta pillə həlledici əhəmiyyət daşıyır). Aydındır ki, bu komponentlərin inkişafına vaxt və hazırlıq lazımdır. Ona görə də bütün dünyada ümumi təhsil müddətinin uzadılması tendensiyası hiss olunur. Repetitoriuma çevrilmiş məktəbdə isə indiki mərhələdə heç kimin məqsədlərə etirazı olmayacaq.
Deyəcəklər ki, bunlar hamısı məktəbdə baş verirdi və bu barədə danışmağın nə mənası var. Aydındır ki, bu, demaqoqluqdur. Məktəb ona görə məktəbdir ki, ictima məktəb kimi fəaliyyət göstərməlidir. Nə Givi Mikanadzenin, nə Tamar Maxaraşvilinin, nə də ətrafda toplaşmış administrasiya-aparat elitasının belə milli əhəmiyyətli institutun funksiya-öhdəliklərini dəyişmək və “hazırlıq mərkəzinə” çevirmək hüququ yoxdur.
Bu təşəbbüs heç bir yaxşı nəticə verməyəcək. İndiyə qədər nə əldə edirdiksə yenə onu əldə edəcəyik. Sadəcə nəyisə inkişaf etdirmək və gücləndirmək üçün potensial olmayacaq (İllər ərzində orta pillə və bütövlükdə məktəbin inkişafı üçün hazırlanan bütün baxışlar, layihələr, təşəbbüslər ləğv olunacaq).
Valideynlər repetitoriuma çevrilmiş 11-ci sinfin kiməsə maddi qənaət etmək imkanı yaradacağına və uşağı həqiqətən ali məktəbə hazırlayacağına heç ümid etməsinlər. Nə zamandan bəri “toplananların yeri dəyişəndə cəm dəyişib”?
Əgər bu repetitoriumdan həqiqətən saat çatışmazlığını doldurmaq üçün istifadə edəcəklərsə, o zaman belə çıxır ki, burada yenə uşağa ona qədər də dərs keçən müəllimlər olacaq. Əgər repetitorium yalnız “xüsusilə güclü” müəllimlərin yeri olaraq elan ediləcəksə, o zaman bu saat problemi ilə heç yerə gedə bilmərik (məktəbin və orta pillənin missiyasına görə narahat olmayan müəllimlərdən xahiş edirəm, heç olmasa bu tipli faktorlara diqqət yetirsinlər).
– Bu, tədris proqramının və ya kurikulumun ixtisarına və yenidən bölüşdürülməsinə necə təsir göstərə bilər, bütün bunlar on ilə necə sığışdırılmalıdır? Hökumət bizə deyir ki, savadsız nəslin idarə olunması asandır və onların məqsədi savadlı gənclikdir, amma digər tərəfdən ümumi təhsilin bu cür yolunu konsepsiyada qəbul edirik. Belə bir təhsil ilə rəqabətqabiliyyətli, savadlı məzun yetişdirmək nə dərəcədə mümkündür? Axı proqram on sinif üçün tərtib edilməlidir, on birinci sinifdə isə məktəbdə yalnız qəbul imtahanlarında verəcəyi fənlər üzrə hazırlıq aparılacaq; orada da cəmi 3 və ya 4 fəndən söhbət gedir...
– Bu məsələ barədə danışan zaman bir daha qeyd etməliyik ki, Mikanadzenin yeni konsepsiyasına uyğun milli tədris planını müzakirə etməmişik. Heç nə zaman müzakirə edəcəyimizi də bilmirik. Mənim üçün uzun zaman milli tədris planının inkişafı üzrə koordinator olaraq işləmiş bir insan kimi çətin təsəvvür ediləndir. Tədris planına nəyin və necə salına biləcəyini elə təsəvvür etmək çətindir ki, sənəd həm “öz simasını qoruyub saxlasın”, həm də yeni təşəbbüslərlə ziddiyyətə düşməsin. Konkret olaraq:
• Uşaq seçilən 12-ci sinifdə nə öyrənməlidir? Yaxud burada əldə olunan biliklərə hansı yük və ya əhəmiyyət verilə bilər;
• Necə ola bilər ki, ikiillik təhsil müddətinin azaldılması şəraitində “əsas fənlər” gücləndirilsin;
• Təhsil pillələri (xüsusilə də orta pillə) real funksiyasını necə qoruya bilər – yəni əvvəlki pillədə əldə olunmuş biliklərin dərinləşdirilməsini necə təmin edə bilər.
10+2 formatında kurikulumlar elə düşünülmüşdü ki, uşaq baza pilləsində (7-10-cu siniflər) fənnin bütün konturlarını görürdü, orta pillə mərhələsində isə “inteqrasiya edilmiş fənlərin” formatında həmin bilgini möhkəmləndirirdi.
Bu gün qüvvədə olan 9+3 formatında da eyni yanaşma idi. Sadəcə bütöv konturların göstərilməsi üçillik baza pilləsi çərçivəsində bütün fənlərdə eyni şəkildə alınmırdı, ona görə də orta pillədə özəl fənlərin kurikulumlarının əhəmiyyəti təbii olaraq artırdı.
Yeni formatda heç bir yanaşma dəyişməz qalmayacaq. Fənnin bütöv konturlarını baza və orta pilləyə bölməli olacaqlar. Elə vəziyyət yaranacaq ki, 10-cu sinfin tədris materialı kurikulum deyil, baza pillə proqramının “quyruğu” olacaq və yenidən, artıq orta pillə spesifikasını nəzərə almaqla, əvvəlki dövrdə öyrənilmiş mövzuları və məsələləri daha dərindən əhatə edəcək.
Başqa sözlə desək, ümumi təhsil baxımından orta pillənin spesifik funksiyası olmayacaq. O sadəcə bazada çatdırılmayan hansısa çatışmazlıqları dolduracaq və sonra estafeti repetitoriuma ötürəcək.
Maraqlıdır, bu üslubda tərtib olunmuş fənlərdə təqdimatda Givi Mikanadzenin bu qədər qətiyyətlə müdafiə etdiyi “məzmun bütövlüyü” və “sistemli ardıcıllıq” necə qorunacaq (xatırladaq ki, o, məhz bu iki komponent baxımından mövcud dərslik və proqramları qüsurlu hesab edirdi).
– Təqdim edilmiş konsepsiyada məktəb imtahanından ümumiyyətlə söhbət olmayıb, o zaman “CAT” kimi məktəb qiymətləndirməsinin tətbiq edilmə qərarı hələ Giorgi Amilaxvarinin nazirliyi zamanı qəbul edilmişdi və bu “şagirdin məktəbdən ali təhsilə keçmək vasitəsi” olmalı idi. Nazirin izah etdiyinə görə, əgər bu konsepsiya çərçivəsində imtahan olarsa necə nəticə əldə edə bilərdik?
– Bu tip problemlər “10+2” formatında müzakirə olunurdu. Klassik tipli imtahanların formatı nəzərdən keçirilmirdi; söhbət məktəbin gücləndirilməsi və onun attestatının statusunun yüksəldilməsi mexanizmlərindən gedirdi. Yəni əsas sual belə idi – məktəbi necə inkişaf etdirək; onun potensialından maksimum necə istifadə edək? Sistemli rıçaqlar barədə müzakirələr də məhz bu sualdan qaynaqlanırdı.
Mikanadze administrasiyasının bizə təklif etdiyi tam başqa yanaşmadır. Burada praktiki olaraq məktəbin “atrofiyası” tanınıb və bütün qərarlar bunu nəzərə almaqla qəbul ediləcək: a) Ümumi təhsilin müddəti azalır; b) Nazirliyin resursu da məktəb imicinin gücləndirilməsinə xidmət etmək əvəzinə, xalqdan “məktəbə zidd əhvalın” çıxarılmasına yönəlib. Aydındır ki, bu vəziyyətdə ali təhsilə keçid və başqa bu kimi sistemli problemlərin müzakirəsi yalnız texniki məsələ olaraq qalır (Əvvəllər nəsə müzakirə olunurdusa, bu da artıq aktuallığını itirir).
– Və nəhayət, yekun olaraq desək, əgər məni 11-ci sinifdə yalnız ali məktəbə qəbul üçün lazım olan fənlər üzrə “hazırlayırlarsa”, mən nə dərəcədə deyə bilərəm ki, tamhüquqlu ümumi təhsil almışam?
– Əlbəttə, deyə bilməzsiniz, amma konsepsiya müəlliflərinin demoqoqiyası da buna hesablanıb. Müşahidə edin, belə bölməklə tədris-təhsilin keyfiyyətinin yaxşılaşacağını heç kim təsdiq də etmir (Kiminsə “gözünə kül üfürmək üçün” formal arqumentlər də gətirmirlər). Bütün güc sonrakı narativi aktivləşdirməyə yönəlib:
“Şagird 12-ci sinfə boşuna gedirdi və ali məktəbə daha az vaxta, daha effektiv, yaxud başqa əmək bazarında aktual proqramlar üçün hazırlansa yaxşı olmazmı. Məktəbdə onsuz da hər şey dağılıb və onu qorumaq üçün əlavə heç nə (misal üçün, səsini çıxarmaq və bununla sonda maaşın, ilin sonunda premyanın riskə atılması) lazım deyil”.
Sual yaranır: belə əhvali-ruhiyyənin yaradılmasının adı sənə maaş ödədikləri işə xəyanət etmək deyilmi? Gördüyümüz elə ümumi təhsilin məhv edilməsindən başqa bir şey deyil.
Bunun iştirakçıları yalnız İrakli Kobaxidze, Givi Mikanadze və ümumi təhsilin kurator müavini Tamar Maxaraşvili deyil, həm də bütün məktəbəqədər və ümumi təhsil departamentidir. Bu departament son dövrdlərdə ümumi təhsil profilli departamentdən daha çox notarius kontorunu xatırladır.
Mənbə: edu.aris.ge
Gürcü dilindən tərcümə etdi Aynurə Əliyeva