Burnum uzun olduğuna görə məktəbdə mənə gülürdülər. “Zərdə!” “Pinokyo” “Sifətindən ağac bitib?” – mənə yeni-yeni təhqiredici adlar qoyurdular. Çünki onlarla müqayisədə burnum cəmi bir neçə millimetr uzun idi. Bu bir neçə millimetr demək olar ki, mənim xarakterimi də müəyyən etmişdi, hər halda, özünüqiymətləndirməm dəhşətli dərəcədə azaldı.

 

Sinif yoldaşlarımdan bir oğlan çox acıdil idi. Özünün çəki problemi var idi. Yəqin həmin kompleksini örtmək üçün belə qəddar idi. Fərqli qızlar “yığması” var idi, onlar sinfin ən baxımlı qızları idilər və həmişə onları güldürürdü. Bir dəfə həmin qızlardan nəsə soruşdum və bu oğlan guya ki, mənə yumorla cavab verdi: “Başa düşürəm ki, burnun uzundur, amma bəlkə başqasının işinə burnunu soxmayasan”. Həmişə istəyirdim ki, anam, ya atam mənə “Nə gözəlsən!” desin. Evdə anamın geyim və kosmetikası ilə oynamağı sevirdim. Makiyaj edib bəzənməyə çalışırdım. Anam buna görə mənə hey söylənir: “Təhsilini fikirləş, həmişə görünüşü düşünmə”. Soruşanda ki, “gözələm, yoxsa yox?” anam cavab verdi: “Ancelina Coli deyilsən, amma özünə görə kifayət qədər görünüşün var”.

 

Ondan sonra Ancelina Coli olmaq istəyirdim. İstəyirdim anam qürurlansın. Məktəbdə yaxşı oxuyurdum. Bütün fənlərdən yüksək balım var idi. Anam deyirdi: “Əsas odur ki, təhsilli olasan”. Mən həmişə düşünürdüm ki, anam mənim təhsilli olmağımın dərdini çəkirdi, gözəl olmağımın deyil. Məktəbdə mənə güldüklərini heç vaxt evdə danışmırdım.

 

Nə yaxşı ki, yaxın dostum var idi. O da çox yaxşı oxuyurdu. Həmişə birlikdə idik və bu, sanki bizim kimilərin yeri olmayan, boz rəngli məktəb həyatımızı şənləndirirdi. Biz ayrılmaq istəmirdik, amma belə alınırdı. Bizə pioner adı vermişdilər.

 

Bizim sinifdə bir oğlan oxuyurdu, atası yox idi. Deyirdilər atası “oğru”dur. Özü də atasının yolunu davam etdirmək istəyirdi. Partada əyləşəndə məni sorğuya çəkirdi: “Qarşında hansı kitab durur? Danış, çox maraqlanıram. Axı sən çox ağıllısan, hər şeyi öyrənirsən”. Mən deyəndə ki “məndən əl çək”, o, sakit, ironiya ilə, saqqız çeynəyərək suallar verməyə davam edirdi: “Danış mənə, maraqlanıram!”. Əslində isə sinif yoldaşlarımızı güldürürdü. Həmin an yerin yarılmasını istəyirdim. Məni necə tər basdığını və sinif yoldaşlarımın istehzalı baxışlarının dərimi necə yandırdığını hiss edirdim. Dalaşmağımın, susmağımın heç bir mənası yox idi, o, yenə də inadkarcasına davam edirdi. Müəllimlər isə demək olar ki, heç nə görmürdülər, reaksiyaları yox idi.

 

İndi birinci kursda oxuyuram. Yetkinlik yaşına çatan kimi burun əməliyyatı etdirməyə qərar verdim. Buna nə qədər ehtiyacım olduğunu birbaşa və emosional şəkildə ifadə edəndə valideynlərim məəttəl qaldılar və heç nə demədilər. Elə həmin həftə əməliyyatım üçün kredit götürdülər.

 

Universitetə yarım il uzun burunla getdim və bilərəkdən heç kimlə tanış olmadım. Əməliyyat olana qədər kiminsə məni belə xatırlamasını istəmirdim. İndi güzgüyə baxanda özümü çox bəyənirəm. Həmişə düşünürdüm ki, əməliyyat etdirdikdən sonra sinif yoldaşlarımla xoşbəxt və başı uca görüşəcəm. Bu səhnəni min dəfə təsəvvür etmişəm – necə gedirəm və onların heyrət dolu komplimentlərini dinləyirəm. Amma məlum oldu ki, həmin dövrü xatırlamaqdan o dərəcədə nifrət edirəm ki, hələ də hansısa sinif yoldaşımı görmək istəmirəm.

 

Müəlliflər: Maia Sarişvili, Aleks Çiqvinadze.

“Mənimlə dostluq et! Məktəbdə təkəm!” kitabından.

Gürcü dilindən tərcümə: Aynurə Əliyeva

Kitab məktəb şagirdləri tərəfindən təqdim edilmiş real hekayələrə əsaslanır və İlia Ədalət İnstitutunun “Məktəbdə bulinqə qarşı sistem yaradılması üçün advokatlaşdırma/ “Mənimlə dostluq et! Məktəbdə təkəm!” layihəsi çərçivəsində hazırlanıb. Layihə “Açıq Cəmiyyət – Gürcüstan”ın maliyyə dəstəyi ilə həyata keçirilir.