2023-2024-cü tədris ilində minlərlə uşaq birinci sinif şagirdi olacaq. Bu, əlbəttə, xüsusilə valideynləri sevindirir. Onlar da uşaqlar kimi səbirsizliklə ilk tədris ilinin ilk gününü gözləyirlər. Ancaq onu da bilirlər ki, il problemsiz ötüşməyəcək. Məhz buna görə yayın sonuncu ayı valideynlər üçün də yüklü olur. 6 yaşlı uşağı məktəbə necə hazırlayaq? Yazı, hesablama, yaxud akademik nitqin öyrədilməsi prosesində valideynin yardımı asan deyil.

 

Tbilisinin 21 saylı ictimai məktəbinin təcrübəli birinci sinif müəllimi və sinif rəhbəri Salome Donadze məhz bu məsələlər barədə danışıb:

 

– İlk növbədə, deyərdiniz, gələcək birinci sinif şagirdlərinin valideynləri övladlarını əvvəlcədən şagirdliyə hazırlamalıdırlarmı?

 

– Əksər hallarda valideynlər hesab edirlər ki, əvvəlcədən əlifbanın öyrədilməsi, uşağın tədris prosesinə qoşulması üçün ilkin oxuma bacarıqlarının inkişaf etdirilməsi mütləqdir. Ancaq bu belə deyil və əsas olan diqqətdən kənarda qalır. Əksinə, psixoloqların əksəriyyəti məktəbə gedənə qədər uşağa yazıb-oxumağı öyrədilməsini düzgün hesab etmirlər. Çünki sonradan təhsil prosesi şagirdə maraqsız və bezdirici ola bilər. Əsas uşağın məktəbə, gələcək sinif rəhbərinə və müəllimlərə qarşı müsbət yanaşması olmalıdır. Valideynlər uşaqda təhsil prosesinə maraq oyatmalı və öz, uşaq dilində ona məktəbə getmək, təhsilə ehtiyac duymağı açıqlamalıdırlar. Onların gücü ilk növbədə məhz bu istiqamətə yönəlməlidir. Valideynin dəstəyi ilə uşaq məktəbdə özünü rahat hiss etməlidir, qalanı isə, əlbəttə, sinif rəhbəri və müəllimin kompetensiyasından asılıdır.

 

– Gələcək birinci sinif şagirdi məktəbə gedənə qədər nəyi bilməlidir?

 

– Gələcək birinci sinif şagirdi haraya və niyə getdiyini mütləq bilməlidir. Həftədə 5 gün belində çanta ilə məktəbə niyə getməlidir, məktəbə getməkdə məqsəd nədir və bu ona hansı firavanlığı verəcək. Böyüklər uşaqlara bu sualların hamısına dolğun və adekvat cavablar verməlidirlər. Bu şəkildə öz övladlarının məktəbə hazırlanmasına dəstək olmalıdırlar. Təhsil müəssisəsinə ilk dəfə gedənə qədər uşaq özünə qulluq etməyi, fərdi gigiyenanı qorumağı, tualetdən istifadə etməyi, əl-üzünü yumağı bacarmalıdır. Bu mərhələ üçün onun dərk etmək və dinləmək bacarıqları da formalaşmış olmalıdır. Diqqətini toplamalı, özünü və emosiyalarını idarə etməli, əməkdaşlıq üçün hazır olmalıdır. Kiçik və böyük motor bacarıqları inkişaf etməlidir. Bu baxımdan xüsusi ehtiyacı olan şagirdlərdə tələblər fərqlidir. Psixoloq və xüsusi müəllimin dəstəyi ilə onların ehtiyacı müəyyən edilir və təhsil prosesində müvafiq şərait yaradılır.

 

– Birinci siniflərə yazını öyrənməkdə kömək edəcək və valideynin də asan şəkildə yararlana biləcəyi aktivlikləri bizimlə bölüşün.

 

– Canlandırılmış əlifba strategiyasından istifadə edirəm. Hər yeni hərflə tanışlıq zamanı şagirdlərə tapşırıram ki, gürcü əlifbasının hərflərini canlı varlıqlar olaraq təsəvvür etsinlər və onların rəsmini çəksinlər. Nəticədə qeyri-adi işlər əldə edirəm. Uşaqların fantaziyasının həddi yoxdur! Siz bizim qalereyada hörümçəyə çevrilmiş “ო”, “მ” görə bilərsiniz. Onların insan kimi əlləri və gözləri də var. Qanadlı “ჩ” , quyruqlu “ძ” , qulaqlı “დ”, taclı “ზ” və s. ilə rastlaşa bilərsiniz. Bəzi hərflər dənizdə qaralır, bəzisi skeytbordla gəzir, bəzisi şagird kimi parta arxasında əyləşib, bəzisi mahnı oxuyur, rəqs edir və sair.

 

Hekayə yazmaq strategiyasını öyrənirik. Hərflərin müəyyən qismini öyrəndikdən sonra onlardan istifadə etməklə mən və şagirdlərim birlikdə kiçik hekayələr yaradırıq və lövhədə yazırıq (valideynlər kağızdan istifadə edə bilər). Bəzən bu aktivliyə tam 35 dəqiqə lazım olur. Növbəti dərsdə lövhədən köçürmə üzərində işləyirik. Başdan, əlbəttə, çox səhvlər olur, ancaq müəllimin düzgün yanaşması və dəstəyi ilə hər şey yaxşılığa doğru dəyişir. Lövhədən köçürülmüş mətni mövzuya uyğun illüstrasiyalarla istəklərinə uyğun yazırlar (nəticədə çox rəngli və təsirli dəftərləri olur). Bəzisi bütün mətni köçürməyə bilər və bu faciə deyil. Hamısından fərdi imkanlarına uyğun şəkildə tələb etməliyik. Zamanla isə nəticə yaxşılaşacaq.

 

Ardıcıl müzakirə strategiyası aktivliyimiz var. Müzakirə üçün məsələləri seçin, məsələn, dostluq, xeyirxahlıq, xoşbəxtlik və s. Uşaq onların hamısının nəyi nəzərdə tutduğunu izah edir, öz təcrübəsi ilə əlaqələndirir və bundan sonra şifahi yolla hazırlanmış məsələni yazılı şəkildə hazırlayır. Yazı prosesində başdan müəyyən çətinliklər yaranır, ancaq bu aktivlikdən əksər hallarda istifadə edəndə müsbət nəticə görəcəyik və övladınızın səmimi, birbaşa və məntiqli yazıları sizi heyrətləndirəcək. Bununla yanaşı isə unutmamalıyıq və daim tələb etməliyik ki, təmiz və gözəl yazsınlar, çünki bizi ilk növbədə kalliqrafiya, sonra isə onların düşüncələri cəlb edir.

 

Mənbə: edu.aris.ge

Gürcü dilindən tərcümə: Aynurə Əliyeva