Bizdə avtoritarizm orta məktəblərdən başlayır. Əbədi iş yeri olan məktəbin – “balaca dövlətin” daimi sakinləri müəllimlər, əbədi prezidenti isə direktorlardır. Bizdə direktorların məktəbin monarxı olduğu hallara da rəst gəlinir. Nə isə...

 

Gürcüstan qanunvericiliyinə görə, məktəb direktorunun müddəti 6 ildir və eyni şəxsin bir məktəbdə direktorluğa yalnız iki dəfə seçilməsi mümkündür. Necə deyərlər, qanunlar pozulmaq üçündür. Hər halda bu, bizim kimi qanunları yalnız kağızda mövcud olan, kağızda varlığını göstərən, qanunun hamı üçün eyni olmadığı məmləkətlərdə belədir.

 

Mən birinci sinfə gedəndən məktəb direktoru olan adamlar tanıyıram. Soruşursan, yadındadırmı o vaxt filankəs filan məktəbdə direktor işləyirdi, görsənmir? Cavab verir ki, sağ olmuş, sən yaşlaşmısan, gözlərin yaxşı görmür deyəsən, arada bir məktəbə get, hal-əhval tut, o filankəs yenə də məktəbdə direktordur. Deyirsən, bəs bu məktəbdir, yoxsa qocalar evi, xeyriyyə cəmiyyəti?.. Deyir, dədə malı, baba mülkü, knyazlıq, əmirlik, krallıq...

 

Axı necə olur ki, aylarla direktor olmaq üçün imtahanlara hazırlaşan enerjili, bilikli, yeniliklərlə ayaqlaşan, perspektivli, kvalifikasiyalı gənclər imtahanı verə bilmirlər, direktor ola bilmirlər, bu ala-yarımçıq rus dilindən başqa xarici dil bilməyənlər, sovet təhsilinin ideoloji çərçivəsindən çıxa bilməyənlər isə bolşeviklərin hakimiyyəti dövründən bu günə kimi məktəbdə direktorluq edirlər...

 

Az qala hər ay təhsil naziri dəyişən bir ölkə üçün orta məktəb direktorunun müddətinin 6 ay olması çoxdur, üstəgəl bunun ikinci dəfə direktor olmaq imkanı da varsa, lap çoxdur, bir igidin ömrüdür. Təsəvvür edin, 6 yaşında birinci sinfə gedirsən, 17-18 yaşında məktəbi bitirirsən, bu müddət ərzində ölkənin siyasi kursu dəyişir, bayrağı dəyişir, himni dəyişir, 6 prezident dəyişir, 20 təhsil naziri dəyişir, təhsil sistemi dəyişir, məktəb direktorları partiyaları köynək kimi dəyişir, amma məktəbin direktoru dəyişmir ki, dəyişmir.

 

Yaxşı ki, hələ nazirlik müəllimlər üçün vakansiyalar elan edir, gənc müəllimlər məktəblərdə işə girə bilirlər. Yoxsa, bu naftalin qoxuyan direktorlara qalsaydı müəllim olmaq istəyən gəncləri məktəb üzünə həsrət qoyardılar. Belələri üçün gənc, yeni, müasir, müstəqil kimi sözlərdən təhlükəli söz yoxdur. İmkan daxilində bu sözlərin idarə etdiyi məktəbə daxil olmasının qarşısını almalı, iyirmi-otuz il idarə etdiyi məktəbin əhliləşdirdiyi müəllimləri arasında fənləri, saatları elə bölüşdürməlidir ki, vakansiyaya – yeni müəllimə ehtiyac olmasın. Məsələn, idman müəllimi təsviri incəsənəti, fransız müəllimi ingilis dilini, ədəbiyyat müəllimi fizikanı və sair “tədris edə” bilər.

 

Beləliklə, bizləri avtoritar rejimə orta məktəbdən öyrədirlər. Birinci sinifdən 11-ci, 12-ci sinfə qədər eyni direktorun diktaturası ilə idarə olunan məktəbin məzunu, məsələn, Şimali Koreyada da yaşasa özünü rahat hiss edəcək.

 

Ümumiyyətlə, hansı müəssisə olursa olsun, eyni adam 3-4 ildən artıq direktor, müdir, rəhbər işləməməlidir. Eyni adamın 20-30 il rəhbərlik, müdirlik, direktorluq etdiyi idarə, müəssisə heç vaxt inkişaf edə bilməz, yenilənə bilməz, irəli gedə bilməz, naftalin iyi verər. Ən acınacaqlısı da odur ki, həmin müəssisənin əməkdaşları, işçiləri kresloya pərçimlənmiş diktator müdirə, rəhbərə, direktora etiraz etməyənə kimi, istefaya göndərməyənə kimi naftalin iyinə öyrəşirlər, bu iy onların da üstünə-başına çökür, vaxt uzandıqca özləri, düşüncələri də naftalin iyi verir.

 

Azər MUSAOĞLU