Ana həmişə kənardakı balasını daha çox istəyər deyərdi nənələr. Anadan ayrı düşən balanın nələr çəkdiyini boynubükük qəribdən başqa kimsə duya bilməz.
1918-ci ildə İrəvanın məcburi verilməsi iclasında Rzayev deyibmiş ki, “sizlər burada qalacaqsız, yəqin İrəvana irəvanlılar – mən və Seyidov qayıdacağıq, amma siz də bizi unutmayın, axtarmağı borcunuz bilin”.
Belə kövrək notlarla başladığım üçgünlük səfər manifestimizi bədii çalarlarla sizə çatdırmaq istəyirəm.
ADA Universitetinin elmi mərkəzdən başlayan yolu təqdirəlayiq bir sürətlə irəlilədi. İmici və uğuru yüksək mərtəbələr fəth etdikcə sadəliyi, milliliyi özümüzü təbliğiylə fərqləndi. Onun “Bir müəllimin manifesti” layihəsi özümüzə arxalanıb qitələr keçdi, kökü torpaqda olan sarmaşıq kimi...
Bir gün Gürcüstandakı Azərbaycan məktəblərindən seçilmiş müəllimləri görüşə çağırdılar – Bakıdan nümayəndələr var deyə. Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə ADA Universitetinin iki nümayəndəsi ilə görüşdük. Nümayəndələr Şəfəq Mehrəliyeva və Mahnur Abbasova danışdılar ki, “biz universitetimizin təbliği üçün buradaykən səfirliyimizdə də olduq. Cənab Faiq Quliyevlə görüşərkən bəzi problemlərlə tanış olduq. Qərarlaşdıq ki, sizləri dövlət qrantı ilə universitetimizin magistr pilləsinə dəvət edək”.
Bəli, bu izahatı sadəcə reklam kimi anlayanlar da oldu...
Belə görüşlər soydaşlarımızın kompakt yaşadığı rayonlarda keçirildi. Sonra Azərbaycan səfirliyinin köməyi ilə 5 rayondan 12 ziyalı olmaqla ADA Universitetinə üçgünlük səfərə hazırlandı. Hə, məram, məqsəd və keyfiyyət elə bu səfərdə aydın oldu. Seçilmiş həmin ziyalılar siyahasında bu yazının müəllifi də var idi.
Bizi hava limanında Mahnur xanım qarşıladı. Qalacağımız yerlə tanış etdikdən sonra biz ADA Universitetinə getdik. Rektor cənab Hafiz Paşayev və rektorat üzvləri ilə tanışlıq görüşü oldu. Rektor bizimlə tanış olduqdan sonra təhsilimiz və məktəblərimizlə maraqlandı. “Səfirliyin təklifiylə sizin problemlərlə maraqlandıq. Anladığım qədər sizin məzunlar artıq gürcü bölməsində təhsil alırlar. Bu, çox təqdirəlayiq olan bir işdir. Milli məktəblərinizdə Azərbaycan dili müəllimi çatışmadığına görə bu problemi çözmək barədə düşündük” dedi. Cənab Paşayev problemlərlə yaxından tanış oldu və magistr pilləsində təhsil almaq üçün gürcüstanlı məzunlara şərait yaratmaq qərarına gəldiklərini bildirdi.
“Təhsil üzrə menecment” və “Təlim-tədrisin təşkili və metodikası” üzrə magistr ixtisasları barədə məlumat verdilər. Əlavə olaraq ingilis dili əvəzinə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasi verməklə əvəzləyəcəklər. Bunun bizim milli məktəblərimiz üçün dəyərləndirilməsi əvəzsizdir. Magistratura hibrid formada – semestr ərzində 1 həftə Bakıda, 2 həftə Qazaxda əyani təhsil və təqaüdlə dəyərləndirilir. Müsahibədən keçən tələbələr Əlimərdan bəy Topçubaşov adına təqaüdə layiq görülür. Müsahibədən uğurla keçən tələbələr üçün həmin təqaüd həm təhsil haqqını qaşılayır, həm də Azərbaycanda olduğu müddətdə təqaüd alır. Əlbəttə, yalnız Gürcüstan vətəndaşları üçün, Azərbaycan vətəndaşı olan gürcüstanlılar (mənim kimi) bu töhfədən yararlana bilmirlər.
Bu barədə sosial şəbəkələrdə, qrup və səhifələrdə çox paylaşıldı və maraqlananlar üçün məlumat verə bilərik. Mən istəyirəm ki, yanaşdığım mövzunun bədii dəyərini qiymətləndirim.
Biz Bakıda xüsusi görüşlərdən sonra ADA-nın adına layiq qonaqlamadan sonra Qazağa yola düşdük. Əlbəttə, Borçalının doğma qardaşı, adət-ənənəsiylə eyni olan Qazax da bizi gözəl qarşıladı – Diyarşünaslıq Muzeyindən Damcılı mağarasına, qalereyadan Göyəzən dağına, xamralı çörəyindən camış qatığına qədər, özümüzü xatırladan samovar çaylı süfrəsiylə...
Mənim böyük əmim və bibim Qazax Pedaqoji Texnikumunda təhsil almışdılar. Yadımdadır, onlar məktəbdə bir neçə nəfər idilər. Özlərinə zarafatla seminaristlər deyərdilər. Hətta bir dəfə “Dəli Kür” filminə baxarkən mənə demişdi ki, bax, biz də o seminariyanı oxumuşuq. Düzü, o vaxt mən seminariya doğmalığının nə olduğunu anlamasam da, məktəbin qocaman müəllimlərinin bu seminariya sevdasını Qazax seminariyasında hiss etdim və əmimin və bibimin şəxsində bütün Qazax Pedaqoji Texnikumunda oxumuş onlarla məzunlara rəhmət dilədim.
Sağlığında rəhmət qazanmaq isə bu tarixi yenidən yaşatmaqla oldu. Hamımızın tarixdən maraqla və kövrələrək oxuduğumuz Firidun bəy Köçərlinin mücadiləsini biz Qazaxda film kimi yaşadıq.
Bilməyənlər üçün yazım ki, Qori Müəllimlər Seminariyası 1876-ci ildə Qafqaz Canişinliyinə məxsus Qori şəhərində təsis olunmuşdur. Axundov və Qayıbzadənin yalvarışı xatırladan ibrətamiz məktubu Qafqaz canişinini düşündürməyi bacardı və bir buraxılış təcrübə üçün Azərbaycan-tatar şöbəsini açdılar. Təsadüfi deyil ki, XIX əsrin axırı, XX əsrin əvvəlləri yaşamış əksər ziyalılarımız bu ocağın məzunlarıdır. 1979-cu ildə milli şöbə aydınlarımızın səyi ilə açıldı. Yəqin hamımızın maraqla izlədiyimiz “Dəli Kür” filmi gözünüzün qarşısına gəldi.
Görkəmli maarifpərvər Firidun bəy Köçərli tutarlı səbəbləri qloballaşdıraraq Azərbaycan şöbəsinin köçürülməsi üçün çox cəhdlər etsə də müvəffaq ola bilmirdi. Birinci Dünya müharibəsi və inqilab qarışıqlığından istifadə edən aydınımız sənədləri əməlli-başlı planla vaqona yığaraq Ağdama aparmaq niyyəti ilə “oğurladı”. Bu oğurluq Azərbaycan tarixinin qızıl hərflə yazılası özünü təsdiq möhürü idi. Çünki Qori seminariyasının Azərbaycana verdiyi ziyalılar dəstəsini o zamana qədər heç bir maarif ocağı verməmişdi. Firidun müəllim bu ocağın öz yurdumuzda işıq saçmağını istədi. Qarabağa gedən qatar Qazaxda xarab olanda bizim aydınlar qərarlaşıblar ki, (mənə elə gəlir) Şuşa uzaqdır, Borçalının, Göyçənin də əli Qazağa daha yaxşı çatar, həm də Qoridə Naxçıvandan, Zaqataladan da tələbələr olsa da, ən çox məzun və tələbələr elə Qazaxlılardır; yaxşısı budur, elə filial burada olsun. Məsələ binaya gələndə Firidun müəllimi özünün Qoriyə oxumağa apardığı (filmdəki kimi) Məşədi Müseyib – “təhsilə qurbandır” – deyə Qazağın mərkəzində yerləşən qırmızı kərpicli 18 otaqlı mülkünün açarlarını Firidun müəllimə təhvil verib, özü isə dədə yurdu Kosalar kəndinə dönür. Rəhmətliklərin sayəsində 1918-ci ildə Qazax Müəllimlər Seminariyası fəaliyyətə başladı.
Bu tarixi mən oxumuşdum, indi isə yaşadım... Seminariyanın qapısından içəri daxil olandan özümü gah filmdə, gah da salnamədə gördüm. Kövrək mən duyğulanmaya bilərdimmi?
Bina qədimliyini saxlamaqla restavrasiya olunub, olduqca möhtəşəm, əlbəttə, mülk sahibi xeyirxah insan Məşədi Müseybin barelyefi ilə, binanın əski maketi olmaqla, maarif korifeylərimizin şəkilləriylə və s.
Bu seminariyada oxumağın fəxrini yaşamaq məni qürurlandırırdı. Magistr tələbələrə qibtəylə baxırdım.
Bakıda, ADA Universitetində olduğu kimi burada da bizi yeniliklərlə maarifləndirdilər. Həmçinin Qazax Diyarşünaslıq Muzeyinə, Qazax Dövlət Rəsm Qalereyasına, Damcılı mağarası açıq muzeyinə, Səməd Vurğunun “Göylərə baş çəkən Göyəzən dağı”na ekskursiya təşkil etdilər.
Seminariyanın qapısı bilirsiniz hara açılır – “Mütəfəkkirlər parkı”na. Bu park məni sarsıtdı deyəcəm, vallah, hə, çünki ərazi baxımdan götürsək generaldan şairə, yazıçıdan ozana, heç harada bu qədər mütəfəkkir ola bilməzdi. Bax elə buna görə bu “oğurluq” Azərbaycana halal olsun. Əlbəttə, bu bir zarafatdır. “Mütəfəkkirlər parkı”na Nərimanovun abidəsi olan qonşu park və həmçinin park yaxınlığında Dədə Şəmşirlə, Dədə Ələsgərin qoşa abidəsi də vardı.
Əmim həmişə deyərdi ki, Qazax Azərbaycan rayonlarının şahıdır – sazıyla, sözüylə, ziyalısıyla... Mən bunu bu gün tamamilə özümçün təsdiqlədim.
Qazax Müəllimlər Seminariyası pedaqoji texnikumu 1922-ci ildən 1959-cu ilə qədər, demək olar ki, Borçalının ziya işığı olub. Məktəblərimizdəki qocaman müəllimlər 90-cı illərə qədər əksəriyyəti seminaristlər idilər.
Bu gün ADA Universitetinin xeyirxahlığı ilə gürcüstanlılara böyük bir şansla açılır bu qapı. Firidun bəyin duhası ilə açılan yol sizləri gözləyir. Açın o qapını, ana dili müəllimimiz, təhsil tədqiqatçısı kimi məzun olun. Necə ki, aydınlarımız aydınlıq gətirdi, siz də aydınladın!
Əziz Gürcüstan azərbaycanlıları, qoymayın dilimiz itsin, ADA-nın köməyi ilə uzanan əldən tutaq ki, yıxılmayaq.
P.S.
Qazax Müəllimlər Seminariyasından mənə çox xoş və unudulmayacaq bir hədiyyə verdilər (daha doğrusu özüm istədim). 1879-cu ildə Kazım bəyin tələbəsi, şamaxılı Çernyayevski tələbələr üçün “Vətən dili” adlanan dərslik yazmışdı. Həmin dərslikdən Cəlil Məmmədquluzadə, Nərimanov, Səməd Vurğun, Üzeyir Hacıbəyov və başqaları oxumuşdular. Bəli, mənim kitabxanam bu kitabla daha da zəngin oldu. Kitab üçün prorektor Vəfa xanım Kazdala təşəkkür edirəm!
Esmira ƏLƏKBƏRLİ