Qardabanidə baş verən son faciədən sonra çox adam sürətdən, qayda pozuntusundan, yol təhlükəsizliyindən danışdı. Danışılması yaxşıdır. Hətta bu müzakirələr uzun müddət davam etməli və cəmiyyətin müzakirə müstəvisində “pin” olmalıdır. Çünki burada məsələ görünəndən daha dərindir. Çünki burada söhbət təkcə maşından getmir. Maşın sadəcə görünən hissədir. Əsl problem isə insanın içində və cəmiyyətin ruhundadır.

 

Əsl sual budur: Niyə yeniyetmə-gənclər sürəti həyatın mənasına çevirməyə başlayır?

 

İnsan yalnız əylənmək üçün özünü təhlükəyə atmır. İnsan bəzən içindəki boşluğu hiss etməmək üçün təhlükəyə yaxın gedir. Bu gün Qardabanidə maşın bir nəqliyyat vasitəsi deyil. O, psixoloji və sosial simvoldur: güc simvolu, görünmək vasitəsi, kişilik nümayişi, azadlıq illüziyası, qorxmazlıq maskasıdır. Bir çox yeniyetmə-gənc üçün sürət sadəcə sürət deyil. O, “mən varam” demək üsuludur. Çünki insan özünü mənalı hiss etməyəndə, görünməyəndə, təsirli olmadığını düşünəndə riskə yaxınlaşır. Ələlxüsus bizim yeniyetmə oğlanların psixologiyasında bu, daha güclü hiss olunur.

 

Kənddə və ya kiçik şəhərdə, onlar üçün maraqlı olmayan şəhərdə böyüyən bir çox gəncin həyatı dar çərçivədə keçir. Eyni küçələr, eyni insanlar, eyni söhbətlər, gələcəklə bağlı qeyri-müəyyənlik. Belə mühitdə adrenalin təkcə həyəcan yox, varlıq hissinə çevrilir.

 

Həmişə münasibətdə olduğum yeniyetmə-gənclərin söhbətindən belə nəticə çıxardım ki, sürətlə maşın sürəndə onlar özünü güclü, sərbəst, qorxmaz, görünən hiss edirlər. Deməli, bu hiss o qədər güclü olur ki, ölüm təhlükəsi belə ikinci plana keçir. Ən qorxulusu isə budur ki, bu artıq fərdi problem olmaqdan çıxıb keçid dövrünü yaşayan və gəncliyin astanasına yeni qədəm qoymuş kəsim üçün “kollektiv mədəniyyətə” çevrilib.

 

Bir məqam yenə var, həmin yaş kateqoriyası tək olanda etməyəcəyi şeyi dost qrupunda edir. Çünki qrup psixologiyası insanı dəyişir. Ayrı-ayrılıqda sakit görünən uşaqlar birlikdə tamam başqa davranış göstərə bilir.

 

Çünki qrup daxilində: risk qəhrəmanlığa çevrilir, qorxu zəiflik sayılır, ehtiyatlı olmaq utanc kimi görünür. Və bu zaman ağıl yox, kollektiv enerji işə düşür. Əslində, bu, qədim bir instinkti xatırladır: kişi qrup daxilində özünü sübut etmək istəyir. Tarixin müxtəlif dövrlərində bu ehtiyac ovçuluqla, müharibə ilə, fiziki sınaqlarla ifadə olunurdu. Müasir dövrdə isə bəzi yerlərdə bu ehtiyac sürət və risk kultuna çevrilib. Yəni bu tərəfdən baxanda, problem maşın deyil, problem idarə olunmayan kişi enerjisidir. Əgər cəmiyyət o enerjiyə sağlam istiqamət vermirsə, o enerji özünə təhlükəli yol tapır.

 

Müşahidələrimə söykənib dəfələrlə dediyim bir şeyi yenə nəzərinizə yetirim. Ağrılı məsələlərdən ən başlıcası budur ki, bir çox yeniyetmə-gəncimizin daxilində böyük emosional boşluq var. Və bu boşluq hər zaman depressiya kimi görünmür. Bəzən o, həddindən artıq sürət, aqressiya, ölçülməmiş risk, gecə həyatı, özünü sübut etmə ehtiyacı kimi ortaya çıxır. İnsan bəzən sakit dayananda öz daxilini eşitməyə başlayır. Ona görə bəzi gənclər daim səs, sürət və hərəkət axtarır. Çünki sakitlikdə öz boşluğu ilə üz-üzə qalır.

 

Qardabanidə yuxarıda dəfələrlə qeyd etdiyimiz yaş kateqoriyasında təhlükəli bir “kişilik modeli” formalaşmağa başlayıb: sürətli sürən oğlan; qayda pozan oğlan; risk edən oğlan “güclü”, “hörmətli”, “seçilən” hesab olunur. Halbuki məntiqlə bu tam əksinə hesab olunmalı idi.

 

Səbəbi yanlış kollektiv enerjinin içində formalaşmalarıdır. Və müəyyən yaş dövründə insanın beyni riskin nəticəsini tam hiss etmir. “Mənə heç nə olmaz” deyir.

 

Tarix boyu ölümə yaxın davranışlar həmişə olub. Çünki insanın içində həm yaşamaq instinkti, həm də sərhədi aşmaq arzusu var. Mədəniyyətin rolu isə həmin enerjini idarə etməkdir. Əgər cəmiyyətin formalaşdırdığı mədəniyyət bunu idarə etmirsə, başqa qondarma mədəniyyətlərin təsirinə düşür. Bu problemi yalnız polis həll edə bilməz, yalnız məktəb də həll edə bilməz, yalnız ailə də yetərli deyil. Çünki bu artıq kollektiv şüur problemidir.

 

Cəmiyyət kimi biz nəyi alqışlayırıqsa, gənclər ona çevrilmək istəyir. Əgər hörmət – ağıl yox, məsuliyyət yox, xarakter yox, sürət üzərindən qurulursa, güclü əzələ üzərində qurulursa, maskulinlər üzərində və faydasız, ziyanlı, müvəqqəti kollektiv “moda-niyyət” üzərində qurulursa onda faciələr qaçılmaz olur.

 

Həmid Sadıx