Türkiyənin Gürcüstandakı səfiri xanım Fatma Ceren Yazqan bildirir ki, Türkiyə Cənubi Qafqazda daimi sülh olmasını istəyir və Qarabağ münaqişəsinə qoşulmağı planlaşdırmır. Bu müharibədə Gürcüstanın rolunu necə təsəvvür edir və əgər Ermənistan-Azərbaycan konfliktinə Rusiya qoşularsa nə baş verəcək?.. Səfir bu və digər vacib məsələlərlə bağlı “Kviris Palitra”ya eksklüziv müsahibə verib:
– Qarabağda baş verən hadisələr münaqişəyə başqa, güclü aktorların (Aktor – siyasi proseslərin iştirakçısı - RED.) da qoşulması təhlükəsini gücləndirir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və müvafiq olaraq Rusiyaya prosesə daha fəal qoşulmaq imkanı verir. Beynəlxalq ictimaiyyət tərəfləri daim atəşi dayandırmağa, sülh danışıqlarına çağırırdı. Ancaq Türkiyənin ritorikası Azərbaycanınkından təəccüblü idi. Maraqlıdır, Türkiyənin və prezident Ərdoğanın hansı strategiyası var?
– Ermənistan Gəncəni bombalayandan sonra 10 oktyabr müqaviləsi də elə orada başa çatdı. Hərbi fəaliyyətin məqsədi Azərbaycanın itirilmiş torpaqlarını qaytarmasıdır. Münaqişəyə səbəb isə iyulda Ermənistanın Qarabağdan çox uzaqda, Azərbaycan tərəfdə yerləşən Tovuzu bombalaması oldu. Sonra toqquşma artıq sərhəddə davam edib və Azərbaycan qarşı tərəfə cavab vermək məcburiyyətində qalıb.
Türkiyənin mövqeyi aydındır – biz münaqişədə iştirak edən tərəf deyilik, ancaq Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi istəyini və bu işğalın Azərbaycan üçün yaratdığı təhlükəni zərərsizləşdirməsini dəstəkləyirik.
Bizim dəstəyimiz ərazi bütövlüyü və legitim müdafiə prinsipinə söykənir – bu, beynəlxalq hüququn əsas məsələsidir. Türkiyə bu prinsiplə Ukraynanı, eləcə də Gürcüstanı dəstəkləyir. 30 ildir Minsk Qrupu (Türkiyə də bu qrupun üzvüdür) cəhd edir ki, bu münaqişədə sülh razılığına nail olsun, ancaq bu razılaşma sülh demək deyil.
Türkiyə bildirir ki, bu münaqişənin dondurulması regionda stabillik və təhlükəsizliyin mütəmadi pozulmasına, münaqişənin eskalasiyasına səbəb olur. Bundan irəli gələrək, Minsk Qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa fəal diplomatiya yolu ilə problemin kökündən həllinə çalışmalıdırlar. Oxşar toqquşmalar 2016-cı ildə də baş vermişdir. Ondan sonra 4 il ötüb və Minsk Qrupu bu günə qədər atəşkəsə nail olmağa çalışır. Bundan kim fayda əldə etdi? Ermənistan. O işğal edilmiş Qarabağda, eləcə də ətraf ərazilərdə Orta Şərqdən yeni məntəqələr yaratmağa başladı.
Nikol Paşinyanın Ermənistanın baş naziri olmasından sonra danışıqların bərpa olunacağı gözlənildi, ancaq məsələ irəli getmədi. Mən Duşetidə idim, eşitdim ki, Ermənistan bütün energetika və strateji rabitələrin keçdiyi, bizim 30 ildir Azərbaycan, Gürcüstan və Amerika ilə birgə işlədiyimiz layihələrin lokasiyasına – Tovuz rayonuna hücum edib. Mənim belə sualım var: Ermənistanın Tovuza hücum etməkdə məqsədi nə idi?
Atəşkəs xəttində əvvəllər də insidentlər baş vermişdi, ancaq Tovuzdan sonra bu daha intensiv oldu. Vəziyyət təcili diplomatik müdaxiləni tələb etdiyi səbəbindən Türkiyə dəfələrlə Minsk Qrupu üzvləri ilə görüşdü, ancaq onlar heç nə etmədilər və sonra münaqişə başlayanda atəşkəslə bağlı çağırışlar eşidildi, amma heç kim sülh planı təqdim etməyib.
Əgər işğal edilmiş ərazilərini qaytarmaq istəyən Azərbaycanı atəşi dayandırmağa çağırırlarsa, eyni zamanda Ermənistanı da işğala, hücumlara son qoymağa və danışıqlar masasına oturmağa çağırmalıdırlar.
Türkiyənin mövqeyi çox möhkəmdir – bu regionda permanent sülh olmalıdır və bu mövzuda cənab Ərdoğanla bağlı spekulyasiya etmək düzgün deyil.
– Mən Ərdoğan dedikdə Türkiyəni nəzərdə tuturdum.
– Əlbəttə ki, cənab Ərdoğan prezidentdir və o, ölkənin maraqlarını yüksək səviyyədə səsləndirəndir. Ancaq çox təxribatçı məqalələr oxuyuram, guya ki, o, Osmanlı imperiyasının bərpasını düşünür və bu, Türkiyənin geniş siyasətidir. Əlbəttə, bu, ağ yalandır. Türkiyənin böyük bir hissəsi bu gün Azərbaycanın hüquqlarının pozulduğunu görür, bu, yalnız etnik əlaqələrdən qaynaqlanan simpatiya deyil.
– Niyə? “Bir millət iki dövlət” – bu ifadə məhz sizin inkar etdiyiniz əhval-ruhiyyəni təsvir etmirmi?
– Əlbəttə, bu doğrudur, amma Türkiyənin reaksiyasının səbəbi Azərbaycanla bağlı baş verən ədalətsizlikdir.
– Siz Gürcüstan və Ukraynaya dəstəyinizi xatırlatdınız. Həmçinin deyirsiniz ki, Türkiyə hüququ tapdalanana yardım edir (bunu prezident Ərdoğan da bildirib), həm də regionda daimi sülh istəyirsiniz, ancaq mən Türkiyənin müdafiə nazirinin Gürcüstanla bağlı oxşar bəyanatını eşitməmişəm. Gürcüstanın da hüququ tapdalanıb, biz də ərazilərimizi itirmişik və bizim mübarizəmiz də ədalətlidir…
– Əgər xatırlamırsınızsa, indi xatırladaram – 2008-ci il müharibəsindən sonra Türkiyənin o zamankı baş naziri, indi isə ölkənin prezidenti Ərdoğan Gürcüstana gəldi və Gürcüstanın o zamankı prezidenti ilə birgə mətbuat konfransı keçirdi. Həmin dövrdən başlayaraq Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və NATO-ya üzvlüyü haqqında bəyanatları Azərbaycana dəstəyindən zəif deyil…
– Ancaq düşünürəm ki, bu baxımdan Azərbaycana dəstək daha təsirlidir.
– Bu ikitərəflidir. Biz Azərbaycana tələb etdiyi qədər dəstək göstəririk, nə qədər ehtiyac duyarsa o qədər yardım edəcəyik. Məsələn, Azərbaycanın NATO-ya üzv olmaq kimi tələbi yoxdur. Həmçinin Avropa İttifaqına üzv olmaq perspektivi yoxdur.
Əgər müqayisə etsək bir vacib məqamı nəzərə almalıyıq. Məsələn, Türkiyə Ukrayna ilə dronların satışına görə müqavilə bağlayıb. Biz Azərbaycana da dronlar satmışıq. Əgər Gürcüstanın da bu kimi tələbi olarsa Gürcüstana da satacağıq.
Azərbaycanla münasibətlərə gəldikdə, deyim ki, biz eyni dildə danışırıq. Bu, İsveçrə və Danimarkaya oxşar haldır, ancaq buna baxmayaraq prinsiplər dəyişməzdir.
Əgər düşünsək ki, Azərbaycan legitim olmayan münaqişəyə qoşulub, biz onu dəstəkləməyəcəyik, bizim məqsədimiz uzunmüddətli sülhün əsasını qoymaqdır.
Ermənistanda rus hərbi bazası yerləşir.
Rusiya hər iki tərəfə – Azərbaycana da, Ermənistana da silah verir. Fərq odur ki, Azərbaycan bu silahı alır, Ermənistana isə qrant şəklində hədiyyə verir. Məsələn, ABŞ Konqresi və Senatı bildirir ki, Gürcüstanın ərazi bütövlüyü pozulub, bununla belə Ermənistana BMT-nin qətnamələrini pozduğunu və öz qüvvələrini işğal edilmiş ərazilərdən çıxarmalı olduğunu xatırlatmırlar. Biz bu vəziyyəti görürük, deyirik ki, biz Azərbaycanı dəstəkləyirik, niyəsə bizim əleyhimizə yönəlmiş reaksianı nə mən, nə də Türkiyə başa düşmür. Biz hamıya aydın şəkildə deyirik ki, beynəlxalq münasibətlərdə, xüsusən də çox sayda münaqişələr baş vermiş və həssas vəziyyətdə olan Qafqaz və Balkanlar kimi regionlarda ikili standart çox təhlükəlidir.
Türkiyə münaqişə iştirakçısı deyil, bizim üçün münaqişənin bitməsi və sülhün əsasının qoyulması ən əsasdır. Bunu istəməsək 2009-cu ildə Ermənistanla Sürix protokolları prosesinə başlamazdıq. Biz regionun bu hissəsində qonşu dövlətlərə, həmçinin Gürcüstana və Türkiyəyə qarşı iddiaları olmayan ölkə istəyirik.
Türkiyənin istəyi belədir ki, Madrid razılaşmasına və Minsq Qrupunun formatına əsasən Ermənistan öz qüvvələrini işğal edilmiş 7 rayondan çıxarsın və danışıqlar davam etdirilsin. Ancaq buna nail olmaq üçün heç nə edilməyib.
Biz Qarabağ münaqişəsində üç təbliğat istiqamətini görürük:
1. Ermənistan bildirir ki, Türkiyə onu məhv etmək istəyir. Ermənistan Birinci Dünya müharibəsi zamanı, 1915-ci ildə aldığı travmanı bu günə qədər sağalda bilmir…
– 1915-ci ilin soyqırımını nəzərdə tutursunuz?
– Biz soyqırımı tanımırıq. Ermənistan ictimaiyyətə bu fikri ötürür ki, işğalı ört-basdır etsin və Türkiyəni bu münaqişənin tərəfi olaraq göstərsin. Türkiyənin Azərbaycana dəstəyi Rusiyanın, Fransanın və ABŞ-ın Ermənistana dəstəyindən fərqlənmir. Bundan əlavə, əgər yüz il əvvəlki faciəni xatırladırıqsa 1992-ci ildə Xocalıda baş vermiş faciəni də xatırlamaq daha düzgün olardı.
– Axı sizin qeyd etdiyiniz ölkələr münaqişəyə qoşulmasını istisna etməyən Türkiyədən fərqli olaraq münaqişə tərəflərini atəşkəsə və sülh danışıqlarına çağırırlar.
– Türkiyə münaqişəyə qoşulacağını heç vaxt bildirməyib!.. Türkiyə münaqişəyə onun ərazisinə hücum olunduğu halda qoşula bilər. Media Türkiyənin münaqişəyə nə zaman qoşulacağı mövzusu ilə bağlı təbliğat aparır, bir növ tələb edirlər ki, Türkiyə müharibəyə qoşulmayacağını elan etsin. O zaman eyni tələbi Almaniya, Fransa üçün də irəli sürməliyik… yoxsa Rusiya müharibəyə qoşulmayacağını bildirdi?! Türkiyəni şübhəli rolunda göstərmək üçün hər şey edilir. Etmədiklərimiz və heç vaxt etməyəcəyimiz məsələlərlə bağlı fərziyyələr irəli sürülür. Bunun səbəbi Ermənistanın öz diasporundan istifadə edərək öz istəklərini həyata keçirmək üçün Aralıq Dənizi, yaxud boğaz ölkələri ilə mövcud olan bütün problemlərdən istifadə etməkdir. Ermənistan Türkiyənin rəqib düşərgəsində razılıq əldə edib. Buna paralel olaraq nə baş verir? Vanda Ağdamar erməni kilsəsinin bərpasını Türkiyə həyata keçirdi və sentyabrda orada dua mərasimi keçirildi. COVID böhranı zamanı Türkiyədə işləyən Ermənistan vətəndaşlarını Gürcüstan vasitəsilə Türkiyə öz vətənlərinə yola saldı. Türkiyədə çox sayda erməni yaşayır, eləcə də çox sayda erməni Türkiyəyə işləmək üçün gedir. Ermənistan hakimiyyəti çalışır ki, reallığa uyğun olmayan, Türkiyənin düşmən olması ilə bağlı stereotip yaratsın.
2. Təbliğat kampaniyası bu qarşıdurmanı xristianlarla müsəlmanlar arasında müharibə kimi qələmə verməyə çalışır. Bu yöndə daha uzağa gediblər – guya Türkiyə Suriyadan cihadçıları gətirib.
– Bunu ilk dəfə Fransa prezidenti Emmanuel Makron dedi. Mən bu sualı qəsdən sizə vermədim, çünki Azərbaycan şiə dövlətidir və sünni cihadçıların şiələrə yardım etmək üçün gəlməsi inanılmaz görünür...
– Sizinlə razıyam, görəsən sünni cihadçıları şiələrə yardım etmək üçün gətirməyin mümkün olması fikri kimin beyninə gəlib? Belə bəyanatların yalnız bir məqsədi var – Qərb “cihadçılar” sözünə çox ağrılı reaksiya verir və ona görə də kəskin reaksiyası var.
3. Propaqandadan o yana diaspora siyasəti mövcuddur və bu, Gürcüstana da təsir edəcək. Erməni diasporası çalışır ki, Azərbaycan və türk icmaları ilə qarşıdurma yaratsın. İyul ayında biz bunu Amerika və Avropada gördük.
Gürcüstanda da ermənilər və azərbaycanlılar yaşayır və biz burada da bir-birinə qarşı təşviq siyasəti gördük. Türkiyənin qiymətləndirməsinə görə, bu, olduqca təhlükəlidir - müharibə və müharibə hüquqlarına əsasən aparılan hərbi fəaliyyətlər başqa, müharibədən ictimaiyyətin radikallaşdırılması məqsədi ilə istifadə etmək başqadır. Səbəb isə müharibənin sülhlə başa çatmaq perspektivinin aradan qaldırılmasıdır. Biz hamıya xəbərdarlıq etmişdik. Gürcüstan hakimiyyətini bu istiqamtdə atdığı addımlara görə təbrik edirəm. Hələ ki, vəziyyəti yaxşı idarə edir, ancaq xoşagəlməz faktlar da baş verib. Təəssüf ki, Ermənistanın siyasəti üçüncü tərəfin nifaq salma cəhdlərinə yol açır.
Mənim mesajım belədir: Türkiyə Azərbaycana qardaş ölkədir. Bizim ümumi dil əlaqələrimiz var, amma bizim siyasətimiz obyektiv və qərəzsizdir. Bir daha təkrar edirəm – bizə regionda daimi sülh lazımdır. “Biz” deyəndə yalnız Türkiyəni deyil, həm də Gürcüstanı, Azərbaycanı və Ermənistanı da nəzərdə tuturam.
– Ermənistanın baş naziri Paşinyan vəziyyəti Münhen müqaviləsi ilə müqayisə edib. Həmin müqavilə ilə faşist Almaniyasına Çexiyanı zəbt etməyə imkan verilib. Rus siyasətçilər açıq şəkildə bildirirlər ki, Azərbaycanı dəstəkləməklə Türkiyə Cənubi Qafqazda təsirini gücləndirmək istəyini bildirib və bu, Rusiyanın geosiyasi uğursuzluğu da ola bilər. Onların bəyanatına görə, zamanında Osmanlı imperiyasından Cənubi Qafqazı alan Rusiya regionda iki oyunçunun olmasına yol verməyəcək. Əlbəttə, Cənubi Qafqazda maraqları olan İran faktoru da nəzərə alınmalıdır. Bu dövlətlər münaqişəyə qoşularsa Türkiyə nə edəcək?
– Tarixə söykənərək bugünkü siyasəti oxumaq çox yanlışdır. Gürcüstan dövləti, eləcə də Azərbaycan və Ermənistan dövlətləri var. Rus siyasətçiləri neo-Stalinist düşüncələrindən əl çəkməlidirlər. Biz 1992-ci ildən Cənubi Qafqazın bu üç dövləti ilə müasir, tamhüquqlu və bərabərhüquqlu münasibətlər qurmağa çalışırıq. Ermənistanın müstəqilliyini ilk olara Türkiyə tanıdı. Biz Ermənistanla diplomatik münasibətlər qura bilmədik, çünki onlar Azərbaycan torpaqlarını işğal edib. Buna baxmayaraq konsulluq əlaqələrimiz var. Gürcüstan və Azərbaycanla münasibətimiz qarşılıqlı maraq və hörmət əsasında davam edir. Avropalı müttəfiqlərimizin reaksiyası da məni çox maraqlandırır. Avropa İttifaqı Rusiyaya Krıma görə sanksiya tətbiq edib. Paşinyan bildirir ki, “biz Qarabağın müstəqilliyini tanımalıyıq”. Əgər Paşinyan Qarabağın müstəqilliyini tanıyıbsa və onun aneksiyasını həyata keçiribsə, maraqlanıram, Avropa İttifaqı Ermənistana sanksiya təyin edəcəkmi? Sülh üçün yalnız problemin bitməsi deyil, bu halda atəşin dayandırılması da vacibdir. Gələcəkdə münaqişənin bərpa edilməməsi əhəmiyyətlidir.
– Əgər Qafqazda sülhün yaradılması üçün Qarabağ probleminin həlli lazımdırsa, bununla sülh yaranmayacaq ki? Bizim də işğal edilmiş ərazilərimiz var və bizdə də daim münaqişə təxribatına cəhd edilir. Biz əslində Rusiya ilə müharibə aparmalıyıq.
– Düz deyirsiniz!...
– Rusiya münaqişəyə qoşulsa nə baş verəcək?
– Əlbəttə, Rusiyanın Cənubi Qafqazda öz maraqları var. O, Cənubi Qafqazdadır! Cənubi Qafqazda sülh bütün tərəflərin maraqlarını nəzərə alaraq qurulmalıdır – bütün iştirakçı tərəflərin digər tərəflərin maraqlarını tanıması halında.
– Yuxarıda qeyd etdiniz ki, 30 il ərzində bu problem həll olunmadı və ona görə Azərbaycan qərar verdi ki, güc yolu ilə itirdiyi əraziləri qaytarsın. Belə çıxır ki, gecikdirilmiş münaqişənin həllinin yeganə yolu yenə də güc yoludur?
– Belə deyil ki, bir gün Azərbaycan oyandı və bu qərarı qəbul etdi. Bir vacib şeyi nəzərə almalısınız – Ermənistan Azərbaycanın gözləmədiyi vaxtda və gözləmədiyi yerə hücum etdi. Azərbaycan Minsk danışıqlar prosesinin bitdiyini və ya əbəs olduğunu düşünmürdü. Azərbaycanın reaksiyasına yalnız hücum səbəb oldu.
Əgər Dağlıq Qarabağın tarixinə baxsaq, əlbəttə, hər iki tərəfin yol verdiyi səhvlər var. Ancaq indi bugünkü vəziyyətdən söhbət gedir, bu gün tarix və narrativlər düzgün qeydə alınmalıdır. Gürcüstan yaxşı bilir ki, bu gün həqiqətləri düzgün ifadə etməsək, gələcəkdə təhrif oluna bilər və ya ümumiyyətlə dəyişdirilə bilər.
– Cavab ala bilmədim və yenidən soruşuram – əgər Rusiya münaqişəyə qoşularsa və Ermənistana kömək edərsə Türkiyənin ritorikası necə olacaq?
– İlk görəcəyimiz iş müttəfiqlərimizlə danışmağımız olacaq. Əgər bu həqiqətən baş verərsə, o zaman Minsk Qrupunu nə gözləyir? Rusiya həmin qrupun həmsədridir. Əgər o Ermənistana hərbçilər göndərərsə və Azərbaycana qarşı müharibəyə qoşularsa, maraqlıdır, digər həmsədrlər, Minsk Qrupunun üzvü olan ABŞ, Fransa və Almaniya nə edəcək. Əgər bu Kollektiv Təhlükəsizlik Müqaviləsi formatında baş verərsə – siz yəqin ki, bunu nəzərdə tutursunuz, – o zaman Türkiyə NATO-nun üzvüdür. Ermənistan və Azərbaycan da NATO ilə əməkdaşlıq edirlər. “Belə olarsa siz nə edərdiniz” sualı beynəlxalq münasibətlərin olduqca asanlaşdırılmasıdır. Türkiyə Rusiya ilə Suriya və Liviyada münaqişələrin başa çatdırılması ilə bağlı danışıqlar aparır. Siz jurnalistsiniz və məndən konkret cavab tələb edirsiniz, ancaq bu, asan deyil.
– Qarabağ müharibəsində Gürcüstan neytral mövqeyini saxlayır. Türkiyə belə yanaşmanı necə qiymətləndirir və bu münaqişənin həlli üçün bizim vəzifəmiz nədən ibarətdir?
– Gürcüstanın vəziyyəti olduqca çətindir, ancaq sizin mövqeyiniz çox vacibdir. Yaxınlaşan seçkilərdən irəli gələrək, ola bilsin xarici siyasət prioritetli görünmür, amma bu zaman Gürcüstanın iki qonşusunda silahlı münaqişə gedir. Belə vəziyyətdə çox vacibdir ki, münaqişəyə qoşulmuş tərəflərin bir-birinə qarşı istifadə edəcəyi heç nə etməyəsiniz. Mən inanıram ki, Gürcüstanın Xarici İşlər Nazirliyi və digər müvafiq qurumları bütün lazımı ölçüləri götürəcəklər və bu məsələyə təmiz yanaşacaqlar. Gürcüstanın ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyi var və bu prinsiplərin arxasınca getməyimiz vacibdir.
Düşünürəm ki, Gürcüstanın bu məsələdə düzgün siyasəti var: 1. O həmişə prinsipial mövqe bildirir; 2. Münaqişənin dayandırılması və regionda daimi sülhün yaranması üçün beynəlxalq tərəfdaşlarla işləməyə cəhd göstərir. 3. Gürcüstanın öz ərazisindən toplanmış pulla silah alınması və göndərilməsi üçün istifadə etməyə icazə verməməsi ədalətli mövqedir. Bizim Gürcüstanla əla əlaqələrimiz var, çünki Türkiyə Gürcüstanla sərhədlərinin demarkasiya edildiyi yeganə qonşu ölkədir. Bizim bir-birimizlə bu kimi problemlərimiz yoxdur. Gürcüstanda erməni və azərbaycanlılar birgə yaşayır. Ümumi məntəqələri var, birgə yaşamaq mədəniyyəti isə bizim üçün çox vacibdir. Təəssüf ki, Türkiyə-Gürcüstan münasibətləri haqqında üçüncü tərəflərin başlatdığı yanlış və çirkin təbliğat aparılır. Əsas odur ki, bu propaqandanın yayılmasına dəstək olmayaq. Misal üçün, Ermənistanın parlament sədrinin müavini Lena Nazaryan bildirib ki, Türkiyənin Gürcüstanı işğal etməməsi üçün Ermənistan Gürcüstanın zəmanətidir. Bax, belə faktlarla mübarizə aparmalı oluruq. Gürcüstan belə təbliğatlara qarşı çıxmalıdır.
Müəllif: Nino Burçuladze
Gürcü dilindən tərcümə edən: Aynurə Əliyeva