Sentyabrın 15-də ölkənin bütün məktəblərində ilk zəng çalındı. Minlərlə şagird yeni dərs ilinə başladı. Minlərlə valideyn isə övladının təhsil sevinci ilə yanaşı əlavə xərclərin qayğısını da çəkməyə məcbur oldu. Belə ki, son illərin dəyişməz mənzərəsi hamıya tanışdır. Bütün siniflərdə “valideyn qrupları” yaradılır. Əsas müzakirə mövzusu isə dərslər yox, süpürgə, silgi, kilid, zibil qabı, müəllim stolu üçün masa örtüsü, hətta bəzi məktəblərdə pərdə almaq üçün pul yığımı olur.

 

Bildiyimiz kimi, rəsmi olaraq ölkədə orta təhsil pulsuzdur. Bu məlumatları bəzən hər il məktəb açılarkən bildirirlər ki, şagirdlərdən heç bir halda ödəniş tələb edilməsin. Amma reallıq tam fərqlidir. Məktəbə ayaq basan hər bir valideyn qısa zamanda anlayır ki, övladının təhsili sənədlərdə pulsuzdur. Ancaq reallıqda “gizli xərclər” olur.

 

Bəzi kənd məktəblərində vəziyyət daha da gülünc hal alır. Sinif qapılarının köhnə olduğundan ya kilidi sınır, ya da müəllim açarı itirir. Sonra isə müəllim valideynlər qrupuna mesaj yazır: “Açar itib, yeni qıfıl alınmalıdır. Yığılan puldan qalsa alarsınız”. Yəni dövlətin saxlamalı olduğu məktəb qapısının açarı belə valideynlərin cibindən asılı vəziyyətə düşür. Bu sadəcə kiçik bir nümunə olsa da böyük həqiqəti göstərir. Təhsil sistemi öz əsas vəzifəsini valideynlərin üzərinə yıxır. Ən çox çətinlik sosial baxımdan zəif ailələrin üzərinə düşür. Qrup çatında yazılan “Hər bir uşaq üçün 15-20 lari yığılır. Valideynlər, sabah uşaqlarınızdan pulu göndərin” təklifi bəziləri üçün kiçik məbləğ sayıla bilər, amma imkanı az olan valideyn, bir evdən məktəbə 2-3 uşaq gedən ailələr üçün bu böyük yükdür. Maraqlısı odur ki, bu ödənişlər “könüllü” kimi göstərilsə də, əslində, hamıya məcburi tətbiq olunur. İmkanı olmayan valideyn ya susur, ya da övladının müəllim və uşaqlar qarşısında utanmaması üçün borc alaraq pul verir. Nəticədə həm sosial bərabərsizlik dərinləşir, həm də uşaqlar arasında “kimin valideyni pulu verdi, kiminki vermədi” kimi xoşagəlməz söhbətlər yayılır.

 

Pul yığımı ilə bağlı başqa ciddi problem şəffaflığın olmamasıdır. Valideynlərdən toplanan məbləğin necə xərcləndiyi çox vaxt məlum olmur. Süpürgə adı ilə yığılan pul başqa məqsədlərə də istifadə oluna bilər. Halbuki məktəbin real ehtiyacı varsa bu, dövlət büdcəsi vasitəsilə qarşılanmalı və hər xərclənən pul şəffaf şəkildə açıqlanmalıdır.

 

Bütün bunlardan daha acısı isə cəmiyyət olaraq yanlış prioritetlər seçməyimizdir. Küçələrdə addımbaşı gözəllik salonu, maşın yuma yerləri açılır. Sanki ölkədə çatışmayan əsas şey bunlardır. Təhsil – gələcəyin qurulacağı ən vacib sahə isə diqqətdən kənarda qalır. Bir ölkənin inkişafı gözəl saç düzümləri, təmiz və parıldayan avtomobillərlə ölçülməməlidir. Əsl inkişaf güclü məktəblər, təminatlı siniflər və dəstəklənmiş müəllimlərlə mümkündür. Təəssüf ki, biz çox zaman gözəlliyə, dəbdəbəyə yatırım edirik. Amma təhsilin boşluqları böyüyür və bunu görsək də özümüzü görməməzliyə vururuq.

 

Valideyn qruplarında müzakirə olunan əsas mövzu dərslərin keyfiyyəti, uşaqların inkişafı və ya psixoloji dəstəyi olmalı ikən əksər hallarda “pulu kim verdi, kim vermədi” ətrafında söhbətlər gedir. Müəllim-valideyn münasibəti də maddi məsələlər üzərində qurulur. Bu isə həm müəllimin nüfuzuna zərbə vurur, həm də təhsilin mahiyyətini zəiflədir. Məktəbin əsas vəzifəsi uşaqlara bilik verməkdir, yoxsa süpürgə və silgi üçün pul toplamaq? Çıxış yolu isə dövlətin məsuliyyəti artırılmalı, məktəblərin əsas xərcləri, təmizlik ləvazimatları, kiçik texniki avadanlıqlar büdcədən təmin edilməlidir. Bunların hamısı şəffaf olmalıdır ki, hər kəs öz borcunu düzgün yerinə yetirə bilsin.

 

Nəticə olaraq hər yeni dərs ilində valideynlərin ən çox müzakirə etdiyi mövzu kitabların məzmunu, dərslərin keyfiyyəti və müəllimlərin hazırlığı olmalıdır. Amma bu gün valideynlər süpürgə, kilid pulu, bir sözlə sinfin nəyə ehtiyacı var onunla məşğuldur. Əgər dövlət pulsuz təhsil vəd edirsə bu, yalnız kağız üzərində yox, real həyatda da hiss olunmalıdır. Təhsil bir ölkənin gələcəyidir. Bu gələcəyi valideynlərin cibinə yükləmək yox, dövlətin üzərinə məsuliyyət kimi qoymaq lazımdır. Əks halda məktəbdə sinif otaqlarında bilikdən çox boşluq, elmdən çox maddi mübahisələr böyüyəcək.

 

Validə FƏTULLAYEVA