Bu il oktyabrın 2-də Aleksandre Tsuladze təxminən bir il əvvəl təyin olunmuş Giorgi Amilaxvarini əvəzləyərək təhsil naziri təyin edilib. Yeni nazir də öz sələfi kimi ixtisasca hüquqşünasdır. Ona görə də keçmiş təhsil nazirlərinin ixtisaslarına nəzər salmaq qərarına gəldik.
Aleksandre (Kaxi) Lomaia 2004-2007-ci illərdə təhsil naziri olub. O, 1985-ci ildə Gürcüstan Politexnik İnstitutunda su elektrik stansiyası tikintisi üzrə mühəndis ixtisasına yiyələnib. 1992-ci ildə isə Moskva İnşaat Mühəndisliyi İnstitutunun aspirantı olub və texniki elmlər namizədidir.
Maia Miminoşvili 2008-ci ildə Gürcüstanın təhsil naziri olub. O, Tbilisi Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və A.Razmadze adına Riyaziyyat İnstitutunun aspiranturasını bitirib.
Giorgi (Giya) Nodiya da 2008-ci ildə təhsil naziri olub. Politoloq, alim, pedaqoq, siyasətçi və filosof olan G.Nodiya Tbilisi Dövlət Universitetini fəlsəfə ixtisası üzrə bitirib. 1982-ci ildə dissertasiya müdafiə edib və fəlsəfə elmləri namizədi olub.
Nika Qvaramiya 2008-2009-cu illərdə Gürcüstanın təhsil naziri olur. N.Qvaramiya Tbilisi Dövlət Universitetinin hüquq fəkültəsini bitirib.
Dimitri Şaşkin də ixtisasca hüquqşünasdır. Əvvəl penitensiar müəssisələrin rəhbəri olmuş D.Şaşkin 2009-2012-ci illərdə Təhsil Nazirliyinə rəhbərlik edir. O, Aristotel adına Gürcü-Yunan Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1993-cü ildə isə Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub.
Xatia Dekanoidze 2012-ci ildə təhsil naziri olub. O, Tbilisi Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib.
Giorgi Marqvelaşvili 2012-2013-cü illərdə Gürcüstanın təhsil və elm naziri olub. O, 1987-1992-ci illərdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində təhsil alıb. Müəllimlik sertifikatı var. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində təhsil alıb. Filosof, psixoloq, sosioloq, pedaqoq kimi fəaliyyət göstərib. Fəlsəfə doktorudur.
Tamar Sanikidze də 2012-2013-cü illərdə təhsil naziri olub. O, Tbilisi Dövlət Universitetində ingilis dili və ədəbiyyatı ixtisasına yiyələnib. Həmçinin Gürcüstan İctimai İşlər İnstitutunda dövlət idarəçiliyi üzrə magist təhsili alıb.
Aleksandre Cecelava 2013-2016-cı illərdə təhsil naziri olub. O, Tbilisi Dövlət Universitetini tətbiqi riyaziyyat, kompüter elmləri ixtisası üzrə bitirib. Ümumi idarəetmə üzrə magist dərəcəsi var. Corc Vaşinqton Universitetində layihələrin idarəedilməsi üzrə magist təhsili alıb.
Mixeil Çxenkeli 2016-1017-ci illərdə təhsil naziri olub. Çxenkeli Tbilisi Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Həmçinin Pensilvaniya Universitetində təhsilini davam etdirib, harada ki, riyaziyyat üzrə doktor elmi dərəcəsi alıb və 20 il ABŞ-nin aparıcı universitetlərində dərs deyib.
Mixeil Batiaşvili 2018-2019-cu illərdə Təhsil Nazirliyinə rəhbərlik edib. O, Tbilisi Dövlət Universitetinin psixologiya fakültəsini bitirib.
2019-cu ildən 2023-cü ilə qədər Təhsil Nazirliyinə yenidən Mixeil Çxenkeli rəhbərlik edib.
Giorgi Amilaxvari 2023-2024-cü illərdə Gürcüstanın təhsil, elm və gənclər naziri olub. Amilaxvari İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Almaniyanın Hamburq şəhərində Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutunda araşdırma üzrə təcrübə keçib və hüquq üzrə assosiativ professordur.
Yeni təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze də İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktorudur.
Gördüyümüz kimi, Gürcüstanın təhsilinə rəhbərlik etmiş bu 13 nəfərin əksəriyyəti hüquqşünasdır, aralarında filosof, siyasətçi, hətta su elektrik stansiyasının tikintisi üzrə mühəndis də var, amma və lakin bir nəfər də olsun təhsil üzrə araşdırmaçı yoxdur.
Mənbə: etaloni.ge