Yunanlar gürcücə berzen adlanır. Onun mərkəzində də yunan kilsəsi yerləşirdi. Meydanın cənub-qərbində “Qalanın böyük dayağı” adlanan (Surp Gevorq kilsəsi) yerdə yapıncı və papaqçıların dükanları var idi. Bu tərəfdən meydana dar küçə daxil olurdu. İndi Samğebro (Boyaqçılar) küçəsi adlanır. Həmin yerdə Liləxana yerləşirdi. Alaf dükanlarından başqa burada baqqallar, balıqçılar, qəssablar düzülmüşdü (Meydanın bilavasitə yaxınlığında, Kür qırağında mal-qara, heyvan kəsilən yer var idi). Tatar meydanında alverin maraqlı qaydalarından birini, qədim Tiflisə yaxşı bələd olan, onun vurğunu İosif Qrişaşvili belə qələmə alır: “Şorayeldən, Marneuldan və Durnukdan bura un, taxıl, Qarayazıdan düyü, Ağdaşdan qarpız, Zaqataladan ləzgi armudu, Şıxlıdan pendir, Duşetdən və Qarabağdan qoyun, yun, kərə yağı, Hamamlıdan yumurta, Cəlaloğludan və Məngilisdən kartof, Ləmbəlidən yağ, Culfadan və Kağızmandan duz, Borçalıdan soğan, badımcan və sair gətirilirdi. Tatar meydanının ortasında böyük tərəzi – qapan tərəzisi qoyulmuşdu. Buradan da mal əhaliyə və alverçilərə paylanırdı. Kənddən gətirilən mal ilk növbədə şəhər sakinlərinə, sonra isə alverçilərə satılmalı idi. Qapan tərəzisində bayraq ucaldılan zaman əhali, sonra isə alverçilər almalı idi. Saat 12 tamam olanda bayraq endirilirdi və bu onu göstərirdi ki, bundan sonra alverçilər ilə kəndlilər arasında alış-veriş başlamalı idi”.
A.Şaiq də Şeytanbazar barəsində öz xatirələrində yazır:
“Şeytanbazar o vaxt Tiflisin ən izdihamlı küçələrindən idi. İki-üç yerdə çayxana var idi. Bu çayxanalar səhərdən axşama qədər hey dolub boşalır, hərə qarşısında bir stəkan çay oturur, dərvişlər nağıl söyləyir, ilan oynadır, xanəndələr çalıb-oxuyurdular. Böyük samovar səhərdən gecə yarısınadək qaynayır, onun yanından qızarmış kömür əskik olmur, çayxana xidmətçiləri qəlyan başına maşa ilə od qoyub çəkə-çəkə alışdırır, sonra aparıb müştəriyə verirdilər. Müştəri də bir əli ilə qəlyanın uzun boğazından, bir əli ilə də uzun müştüyündən yapışıb çəkir və tez-tez tüstünü havaya buraxırdı. Samovarların hisi, tənbəkilərin acı tüstüsü çayxananın içini duman kimi bürüyürdü. Mən dayımgilə həmişə bu çayxananın qabağından keçib gedərkən qapı ağzında durub içəridə nağıl söyləyən, ilan oynadan dərvişlərə və qəlyan çəkən müştərilərə tamaşa edirdim. Bu çayxanalar o zaman işsiz-peşəsiz həyat keçirən, ətalət və qəflət azarına tutulmuş adamların məskəni idi. Elə çayxana düşkünləri var idi ki, bütün günlərini orada keçirirdilər”.
Bu gün Meydanın siması tamamilə dəyişdirilib. Bir vaxtlar hər tərəfdən bağlı olan Kür sahili indi tamamilə azad olunub. Köhnə tikililərdən yalnız Qalanın böyük kilsəsi və şimal-şərq tərəfinin bir zolağı qorunub saxlanılıb.
O vaxtlar gündəlik bazarlar içində ən böyük və qalabalıq olan bazar Tatar bazarı idi. O, şəhərin ticarət mərkəzi idi. Bunun digər adı da Rastabazar və yaxud da Uzun bazar idi. II İraklinin meydanı yaxınlığında yerləşirdi. Dar ticarət məhəllələri ilə xarakterizə olunurdu. Rastabazar farsca “bir xətt boyu yerləşdirilmiş ticarət cərgəsi” deməkdir. Ərazi baxımından Siracxana da elə ona məxsus idi. 1679-cu ilin “Nasğidoba” kitabında adı çəkilir. 1800-cü ildə o, Böyük bazar adlanmışdı.
Səyyah Jan Şarden qeyd edir: “Tiflis hamamlarının suyu kükürdlüdür, çox isti və yaxşı olmasına görə burada çimirlər, eləcə də xəstəlikləri də müalicə etmişdir...”.
Səyyah Jak Fransua Qamba yazırdı:
“Sövdəgərlər Parisdən, kuryerlər Peterburqdan, tacirlər Konstantinopoldan, ingilislər Kəlküttə və Mədrəsdən, ermənilər Smirna və Yəzddən, özbəklər Buxaradan eyni bir gündə gəlirlər. Belə ki, bu şəhəri Avropa və Asiya arasında şəbəkə bir yer kimi hesab etmək olar”.
Xristianlığın intişar tapdığı dövrlərdə Tiflis Gürcüstanın paytaxtı Msxetanın yalnız bir kəndi idi. 469-cu ildə çar Vaxtanq Qorqasal (Qurdaslan) yeni Tiflisin əsasını qoymuşdur. Yenidən salınmış şəhər xəzərlər tərəfindən boşaldılmış, əmir Aqaryan tərəfindən isə bərpa edilmişdi. Msxeta indiki Baqrationilərin əcdadları olan Baqratitlərin qərargahı olub.
Tiflisin əsas meydanı İrəvan meydanı olub. Bu meydanın əsr yarımdan çox tarixi var. Meydan yaxın keçmişdə şəhərin qala barısının kənarında boş bir biyabanlıq idi. İndiki Kote Abxazi (əvvəllər Leselidze) küçəsinin Azadlıq meydanına birləşdiyi yerdə şəhərin əsas darvazalarından (Kocor) biri dururdu. Buradan iki yol başlayırdı. Onlardan biri şimala doğru, indiki Rustaveli prospekti istiqamətində, o biri isə indiki Georgi Leonidze küçəsi istiqamətində Kocora doğru gedirdi. Sololak dərəsindən gələn yağış, qar suları buradan keçərək Kürə tökülürdü.
1825-ci ildə Yakov Zubalaşvili Türküstanisşvilidən aldığı torpaq sahəsində, meydanın şimal tərəfində mehmanxana tikir. Sonralar, 1838-ci ildə binanı patriarxlıq dini seminariyanı və sinodu yerləşdirmək üçün almışdı. İndi bu binada İncəsənət Muzeyi yerləşir.
1829-cu ildə rus qoşunları tərəfindən Osmanlı ilə müharibədə İrəvan qalası yaxınlığında qələbənin qeyd edilməsi münasibətilə qoşun sərdarı A.Paskeviç “İrəvan qrafı” rütbəsi ilə təltif olunmuşdu. Tiflis meydanı isə A.Paskeviç-İrəvanski adını almışdı. Sonralar qısaldılmış formada İrəvanski və ya İrəvan adı ilə qalmışdı. Bundan sonra da onun adı dəfələrlə dəyişdirilmişdi.
İndiki Azadlıq meydanında ticarət yeri Karvansara adlanıb. II İraklinin qızı Təklənin karvansarası da olub. Daha öncə çar İrakliyə məxsus idi və çar karvansarası adlanırdı. Qədimlərdə Sion yaxınlığında mal anbarı və ticarət yeri olub. XVII əsrdə Sionun qarşı tərəfində çarın funduku, istirahət evi tikilmişdi. Ağa Məhəmməd şah Qacarın hücumu nəticəsində dağıdılmış binanın təməli üzərində Təklə Batonişvilinin karvansarası tikilir.
Müqəddəs David dağı (Şeyx Sənan dağı) – Mtasminda dağının ətəyində yerləşən kilsə və onun həndəvərləri belə adlanır. Gürcülər arasında yayılan əfsanəyə görə, VI əsrdə Suriyadan gələn 13 nəfər keşişdən biri olan David dinə qulluq etmək məqsədi ilə bu yeri seçir. Belə ki, onlar Gürcüstanda sonralar xristianlığı yaymaq missiyasını öz üzərlərinə götürürlər. David burada ziyarətgah tikir. Müqəddəs bir rahib kimi tanınan David sonralar Tiflisdən Qareci düzənliyinə gedir və orada qayalarda oyulmuş monastırın əsasını qoyur. Platon İoselianinin verdiyi məlumata görə, Davidin ziyarətgahı olduğu yerdə 9-cu əsrdə Müqəddəs Məryəm kilsəsi tikilir. 1542-ci ildə bu yerdə rahib olan qardaşlar David və Nikolay Qabaşvililər “Müqəddəs David” adına yeni kilsə tikirlər. 16-cı əsrin sonunda Afinadan gələn rahiblər müqəddəs Afina dağı adı ilə onu yenidən tikirlər. Bu kilsə sonralar uzun müddət bərbad halda qalır. 1810-cu ildə II Anton burada yeni kilsə inşa edir. Bizim vaxtımıza kimi gəlib çatan kilsə ötən əsrin 70-ci illərində tikilmişdi. Azərbaycanlılar arasında isə onunla bağlı belə bir əsatir mövcuddur:
Sənan Turanda anadan olmuşdu. Bir müddət İranda yaşamış, sonra Ərəbistana getmiş, dini təhsil almışdı. Müəllimi şeyx Kəbir öldükdən sonra bir müddət onu əvəz edir. Sonra qırx yaşında ikən uzun bir səfərə çıxır. İran və Qafqazı gəzərkən şeyx Sənan başqa şeyx yoldaşları ilə birlikdə Tiflisə gəlir. Xəyalında arzuladığı qızı burada tapır. Bu qız gürcü knyazının qızı Xumardır. O, müridləri Ərəbistana qaytarır. Xumarın atası ondan müsəlmanlıqdan çıxmağı, boynuna xaç taxmağı, şərab içməyi tələb edir. O, iki ildən sonra Xumara qovuşmaq şərti ilə onun donuzlarını otarır. Lakin o, xristian keşişinin təhriki ilə Sənana verdiyi vədindən dönür. Nəhayət, Xumar hər şeyi atıb Sənanın dalınca gedir, hər ikisi özünü Kürə atır. Şeyx Sənan müqəddəs David dağında dəfn olunur. Azərbaycanın görkəmli şairi Hüseyn Cavid həmin əsatir əsasında “Şeyx Sənan” pyesini və “Şeyx Sənan” şerini yazmışdır.
Mirzə Cəlil öz xatirələrində bu barədə yazır:
“Bunu lazım bilirəm deyəm ki, o vaxtlar mən Tiflisdə gürcü məhəlləsində Şeyx Sənan küçəsində olurdum. Rusca həmin küçənin adı David küçəsi (idi). Çün xaçpərəstlər istilahında müqəddəs Davud – Şeyx Sənan deməkdir. Bizim məhəllə dağ ətəyində idi. Və bizdən yuxarı, dağın şəhərə enən tərəfində müqəddəs Davudun məbədgahı da vardır. Şeyx Sənan gürcü qızına aşiq olduğu yer haman yerdir”.
XIX əsrin 30-cu illərində Kürün sol sahilində böyük bağın adı Müştəhid bağıdır. İrandan Gürcüstana mühacirət edən, şiə məzhəbinin başçısı Mir Fəttah Ağa Seyid Müştəhidə məxsus idi. O kim idi? Qeneral A.Paskeviçin komandanlığı altında rus ordusu 1827-ci ildə İrana hücuma keçərək Abbasabad, Sərdarabad, Naxçıvan, İrəvan qalalarını və digər qalaları almışdı. Sonra isə Təbrizə doğru hərəkət etmişdi. Təbriz o vaxtlar Cənubi Azərbaycanın siyası və inzibati mərkəzi idi. Şahın varisi Abbas Mirzənin iqamətgahı da burada yerləşirdi. Təbriz qalası İranın ən güclü istehkamlarından biri idi.
Şah Təbrizin müdafiəsini kürəkəni, birinci vəziri Allahyar xana həvalə edir. Belə ki, ona kifayət qədər qoşun ayrılır. Qeneral Eristavi başda olmaqla rus qoşununun Təbrizə hücum etməsi barəsində Allahyar xanın etibarlı mənbələrdən məlumatı var idi. Odur ki, o şəhər əhalisini də silahlandırmaq istəyir. Elə bu zaman şiə məzhəbinin başçısı Mir Fəttah Ağa Seyid Müştəhid Təbrizli tamamilə gözlənilmədən İran hökumətinə qarşı çıxır. O deyir: “Əgər İran qoşunu Sərdarabadda və İrəvanda olduğu kimi düzənlikdə, qala arxasından ruslara qarşı çıxa bilmirlərsə, onda dinc əhaliyə əlinə silah götürməsi lazım gəlmir”.
(davamı var)
Mirzə Məmmədoğlu