Məktəbi bitirirsən, qarşında həyatın yeni bir mərhələsi açılır. Universitetə hazırlaşırsan, gələcəyini düşünür, özünə uyğun peşə seçirsən. Universitetə daxil olursan, oxumağa başlayırsan. Zaman keçir, illər ötür və nəhayət, universiteti bitirirsən.
Aha, nə olsun? Elə bu idi? Yox, hələ kino irəlidədir.
Artıq 25 yaşın var. İş axtarırsan, amma nə qədər çalışsan da oxuduğun ixtisasa uyğun iş tapa bilmirsən. Bəs nə etməlisən? Məcbur qalıb bir restoranda ofisiant köməkçisi kimi işə başlayırsan. Səhər tezdən müdir işə gəlir, ilk üz tutduğu yer isə tualet olur. Yoxlayır görsün tualeti təmizləmisənmi, yerləri silmisənmi, hər şey qaydasındadırmı. Sonra başlayır sənin gündəlik iş saatın. İki saat təmizlikdən sonra, gecə saat 2-yə qədər əlində sini bir masadan digərinə yemək daşıyırsan. Boşqabları yığır, masaları təmizləyirsən. Arada mətbəxdə qab yuyan xala da səni bir tərəfdən bezdirir: “Qabların içini təmizlə, elə gətir, belə yuya bilmirəm” (Əslində, bu, qab yuyanın işidir).
Eyni hərəkətlər, eyni sifətlər, eyni yorğunluq, bu, hər gün belə davam edir. Axı sən də insansan. Bir müddət sonra bu robotlaşmış həyat tərzindən bezirsən və işdən ayrılırsan.
Artıq evlənmisən, ailənin məsuliyyəti çiyinlərindədir. İllər keçdikcə ailən böyüyür, övladın dünyaya gəlir. Amma sən hələ də istədiyin işi tapa bilməmisən. Yenidən başlayırsan o tərəfə-bu tərəfə boylanmağa, iş axtarmağa.
Bu dəfə bir sənaye müəssisəsində başlayırsan işləməyə. Burada nə müdirin tualet yoxlaması var, nə də restoranda sini ilə boşqab daşıma. Amma səni başqa bir macəralar gözləyir. “Demir döküm” – hər gün səhər saat 6-da işə getməlisən. Axşam saat 8-ə qədər dəmir əridəcək, türklər ona böyük “pota qazanları” deyir. Dəmirin əridildiyi qazanların temperaturu 900 dərəcəyə qədər yüksəlir. Zavodun içində isə yayda da, qışda da istilik təxminən 45 dərəcə olur. Gün boyu həmin istinin içində işləyirsən, tərləyirsən, yorulursan, bəzən nəfəs almaq belə çətinləşir, bəzən isə istidən burnundan qan gəlir (Bəzi işçilər iki gün daya bilmirdilər). Günlər keçir, aylar ötür. Bir müddət sonra burada da bezirsən.
Artıq bu işdən də ayrılırsan. Və yenə başlanğıc nöqtəsinə qayıdırsan – sən yenə də işsizsən. Yenə iş axtarırsan. Amma sənin ixtisasına uyğun iş hələ də yoxdur. Bu dəfə də bazarda xiyar-pomidor satmağa başlayırsan. Burada məqsədim hansısa alverçini aşağılamaq deyil. Sadəcə, sən özünü bu işdə də tapa bilmirsən. Hətta bu işdə əlində olan mayanı da batırırsan. Çünki ticarət sənin işin deyil. Sən alıcının qarşısında “atamın goru haqqı”, “seyid haqqı”, “peyğəmbər haqqı”, “Allah haqqı” deyib çürük pomidoru təzə məhsul kimi sata bilmirsən. “Elə indicə yeşikdə əzilib” deyib yalandan müştərini inandırmaq da sənin bacardığın iş deyil.
Maşın bazarında da xaricdən gətirilmiş, yarı şaqqası olmayan avtomobili alıcıya “Vallah, maşına bir damcı də “kraska” vurulmayıb” deyərək satacaq adam deyilsən.
Və nəhayət, bir idarədə işə düzəlirsən. Maaşı az olsa da, birtəhər işləməlisən. Çünki arxanda səndən çörək gözləyən bir ailə var. Amma yenə də işin öz ixtisasınla bağlı deyil. Ən azından artıq bazarda soyuqda, qarda-boranda əllərin çat-çat ola-ola pomidor-xiyar, kartof-soğan satmayacaqsan.
Bu dəfə isti bir otaqda, masanın arxasında oturub yazı-pozu işləri ilə məşğul olacaqsan. Sən elə adamsan ki, hər işin öhdəsindən məsuliyyətlə gəlməyi bacarırsan. Amma bu iş də sənlik deyil. Yenə də ümidini itirmirsən. Hələ də gözləyirsən ki, nə vaxtsa öz sahən üzrə bir iş imkanı yaranacaq və sən nəhayət sevdiyin işi görəcəksən.
Bu adam işdən qaçmır. Sadəcə öz işini görmək istəyir. Əgər müəllimsənsə, müəllim işləməlisən; həkimsənsə, həkimlik etməlisən; aktyorsansa, səhnədə olmalısan. Və öz işini görmədiyi müddətcə onun üçün bu axtarış hələ də davam edir. Uzun sözün qısası, insan öz peşəsi üzrə iş tapıb işləmədiyi müddətcə işsizdir.
Binəli İslamoğlu