Biz uşaq olanda küçədən bir cənazə aparılanda böyüklərimiz yolda eşidilməsə belə televizoru söndürməmizi, hay-küy salmamamızı tapşırardılar. Bu davranış cənazəyə və mərhumun yaxınlarına hörmət, onların acısını paylaşmaq məqsədi daşıyırdı. O zamanlar insanın başına gələn bir faciə ətrafındakı hər kəsi narahat edirdi. İnsanlar bir-birinin dərdini soruşar, kömək etməyə çalışar, heç olmasa mənəvi dəstək göstərərdilər.
Bu gün isə informasiya bolluğu içərisində yaşayırıq. Hər gün müxtəlif xəbərlər oxuyur, sosial şəbəkələrdə insanların sevincinə, kədərinə və faciələrinə şahid oluruq. Baxırıq, təəssüflənirik, sonra növbəti paylaşımı izləməyə davam edirik. Bəlkə də dövrümüzün ən böyük problemlərindən biri də budur: Başqasının ağrısını görürük, amma onu hiss etməyə əvvəlki qədər vaxt ayırmırıq.
Bir uşağın ehtiyac içində olması, bir gəncin qəza nəticəsində həyatını itirməsi, bir ailənin evsiz qalması qarşımıza çıxır. Bir neçə saniyə dayanır, baxır və yolumuza davam edirik. Halbuki həmin görüntünün arxasında bir insanın həyatı, bir ailənin ümidi dayanır.
Əlbəttə, hər kəs bütün problemləri həll edə bilməz. Ancaq mərhəmət yalnız maddi yardım göstərməkdən ibarət deyil. Bəzən bir insanı dinləmək, ona təsəlli vermək, çətin anında yanında olmaq da böyük yaxşılıqdır.
Bu gün isə cəmiyyətimizdəki insanlar bəzən bir-birini anlamaq əvəzinə mühakimə etməyə daha çox meyil göstərirlər. Bir insanın çətin vəziyyətə düşməsinin səbəbini bilmədən onu qınayır, bir ailənin problemini araşdırmadan hökm veririk. Halbuki heç kimin yaşamadığı bir ağrını tam anlaması mümkün deyil. Bəlkə də bu gün ən çox ehtiyac duyduğumuz xüsusiyyət başqasının yerinə özümüzü qoya bilməkdir.
Texnologiya insanları bir-birinə yaxınlaşdırsa da, bəzən həqiqi münasibətlərimizi zəiflədir. Sosial şəbəkədə minlərlə insanı izləyir, amma qonşumuzun çətinliyindən xəbərsiz qalırıq. Virtual dəstək göstərmək asanlaşsa da, real həyatda bir insanın qapısını döymək, halını soruşmaq unudulur. Problem texnologiyada deyil, ondan necə istifadə etməyimizdədir.
Qurani-Kərimdə buyurulur: “...Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın!..” (Maidə, 2).
Peyğəmbərimiz (s.ə.s.) isə möminləri bir bədənə bənzədərək buyurmuşdur ki, bədənin bir üzvü ağrıdıqda digər üzvlər də bu ağrıya şərik olarlar (Buxari və Müslim). Bu, bizə başqalarının dərdinə biganə qalmamağın mənəvi məsuliyyət olduğunu xatırladır.
Mərhəmətin azalmasından danışarkən özümüzə də sual verməliyik: Sonuncu dəfə nə vaxt kiminsə halını səmimi şəkildə soruşmuşuq? Nə vaxt qarşılıq gözləmədən yaxşılıq etmişik?
Mərhəmətin yenidən güclənməsi üçün böyük addımlar atmağa ehtiyac yoxdur. Bəzən yaşlı bir insana kömək etmək, ehtiyac sahibini görməzdən gəlməmək, bir insanı mühakimə etmədən dinləmək kifayətdir.
Cəmiyyətin gücü yalnız maddi imkanları və inkişafı ilə deyil, insanların bir-birinə münasibəti ilə də ölçülür. Çünki insanlığın tərəqqisi başqasının ağrısı qarşısında necə davrandığımızdan da asılıdır.
Gəlin mərhəmətin yorulmasına imkan verməyək!
Hacı Bəkiroğlu