Aqibətin xeyir, dəyərli “Yeni Yol” sevər. Yenə problemdən danışmaq məcburiyyətində qalaraq başağrısı verəcəyim üçün öncədən əfvini rica edirəm. Fəqət, bu görülməyəcək, dilləndirilməyəcək dərəcədə sadə bir şey deyil, əfsus ki...

 

Bu gün mövzu bəhsim cəmiyyət fərdlərinin nə üçün bir su içimi qədər, bir göz qırpımı qədər asanlıqla istənilən yöndə pozulan olmasıdır. Hər kəsin dilində əzbərə dönən bir sıra ifadələr yəqin ki, sənin də dilindən, qulağından yan keçməmişdir: “Zəmanənin xarabı çıxıb, gənclərin axırı zaydır, nə böyük qanırlar, nə kiçik, internet çıxaranın evi yıxılsın” və s. Bu sıralamanı istənilən uzunluğa uzada bilərik. Bunlarla mən də razıyam. Bəli, tamamilə razıyam, ancaq bütün günahı yalnız oğurlanan əşyanın üstünə yükləyə bilmərik axı. Bu işin oğruları da olduqca çoxdur. Mən deyim, siz barmaq qatlayın.

 

Gənclərin, daha doğrusu, elə cəmiyyətin düzgün gəncliyini uşaq ikən, körpə ikən, lap tumurcuq ikən oğurlayıb, öz istədiyi kimi məhv edən nənə, baba “mədəniyyəti” var bizdə. Düz eşitdiniz, onlar məhv etmə toxumu səpirlər. Əvvəldəncə demək istəyirəm ki, sözüm istisnalardan lap kənardır və o istisnalar da təbii ki, özlərini bu yazıda hiss etməyəcəklər.

 

Məni, səni və bütün gəncliyi, gələcəyimiz dediyimiz gəncliyi narahat edən nənə, baba “mədəniyyəti” gəncliyin kökünə, toxumuna elə GMO-lar qarışdırır ki, onlar soyuducuda saxlasan da iki günə çürüməyə möhtac olan meyvələrə bənzəyirlər. Camaatın (camaat dedikdə, hər millətdən, hər dildən və dindən ola biləcək, oğul-uşağını, nəvə-nəticəsini öz oyuncağı kimi deyil, insan kimi, öz zəmanəsinə və dövrünə uyğunlaşacaq güclü insan kimi yetişdirənləri nəzərdə tuturam) nənəsi, babası nəvələrə şeir öyrədərkən, dünya atlasını izlədərkən, ölkənin, dünyanın florası, faunası ilə tanış edərkən, lap əgər əli bunlara çatmırsa adi etika qaydalarını, sənət növlərini, əl işlərini öyrədərkən bizim nənə-babalar uşağa söyüş söymək, anası ilə mübahisə aparmaq öyrədir. “Qoy fağır olmasın, təpəsinə vurub əppəyini əlindən almasınlar”, - deyə-deyə elə əppək verirlər ki, ömür boyu çeynənir, udulmur, udulsa da həmz edilmir. Bunu heç kəs inkar edə bilməz. Mütləq ki, hamımız uzaq və yaxın ətrafımızda bu cür nənə, baba görmüşük. Onlar dövlətdə dəvələrinə tay olan körpələrin “xımına” bax beləcə zəhər qatırlar.

 

Oğul nəvəsinin söyüş edəcəyi günə, qız nəvəsinin həyasızlıq edərək ilk sözlərini deyəcəyi günə nəzir deyən, qurban bağlayan nənə-babalar var. Bir zaman sonra, bax, hər kəsi azara-bezara salan, zəmanənin suçlandığı o zamandan sonra, onlar öz qurbanlarının mıxa bağlı qalmasını diləyirlər. Beləcə bir qurbanla kökü salınan bəd əməllər, min qurbanla geri dönmür ki, dönmür.

 

İndi sənin də üzündə buruq bir təbəssüm yarandı, dodağın qaçdı bilirəm, dəyərli oxucum. Dediklərimi sən də çox görübsən, görürsən, görəcəksən... Yazıq ki, mən də, sən də gördüklərimizə, duyduqlarımıza ya susuruq, ya da gərəkdiyi kimi dillənə bilmirik. Biz pozduğumuz fərdlərin günahlarından ümuma da böyük bir pay biçirik – məktəbi günahlandırırıq, müəllimi, dövləti, interneti, telefonu, Markı, Bill Qeytsi, qonşunu, uşağın sinif yoldaşını, türk seriallarını, oxumaq həvəsiylə oyan-buyana tüyünənləri, Avropanı, enerji içkilərini, bir sözlə, hərəkət edən və etməyən hər şeyi, özümüzdən və ailəmizdən başqa hər şeyi övladlarımızın pozulan nitqindən, yarımçıq taleyindən, dağınıq psixologiyasından məsul tuturuq. Əslində, sadaladıqlarımın hər biri bizim zəifliyimizin, əskikliyimizin yanında, boş prinsiplərimizin yanında çox məsumdur.

 

Ən pisi də odur ki, peşman olub səhfimizi anladığımız zaman – o da əgər anlasaq haa, səhflərimizi özümüzlə məzara aparmasaq – çox gec olur. Gözümüzdəki pərdəni aralayıb baxanda pozduğumuz canların artıq yeni canları pozmağa başladığını, məhv edən toxumun qollu-budaqlı ağaca çevrildiyini görə bilirik.

 

Afayət AFİQ