Allah insana çəkə bilməyəcəyi dərdi, qaldıra bilməyəcəyi yükü verməz deyirlər. Dərdin varsa, Allah səni unutmayıb demək ki. Nəzərindəsən, sınağındasan, səni “bişirir”, möhkəmlənməyin üçün, ayaqlarını yerə daha sağlam basmağın üçün. Dəmir ayaqlarını yerə vurduğunda yer titrəsin, göy yarılsın deyə sənə fürsət sunur. “Yaxşı gündə hər kəs yanındadır, ancaq bir balaca başın sıxışsın, dostunu-düşmənini tanı” deyir. Və bunların hamısı üçün sadəcə zaman lazımdır. Elə bir zaman ki, düşdüyün yerdən qalxanda bir daha büdrəməyəsən, büdrəsən də yıxılmayasan.

 

“Pis günün ömrü az olar” deyib babalarımız. Haqq əyilər, amma qırılmaz. Üstündən illər keçsə də, mütləq yerini tapar. Qara gün qaralıb qalmaz, Qarabağın qara bəxti kimi...

 

30 il əzildik, vurulduq, yıxıldıq, amma şükürlər olsun ki, ayağa dura bildik. 30 ildə zaman bizi bişirdi, bərkitdi. Necə deyərlər, küllərindən var olduq. Asanmı oldu? Xeyr.

 

30 ilin dərdini 44 gündə öz çiyinlərinə alıb əbədi aparan igidlərimiz, biz rahat yaşayaq, Vətənimiz var olsun deyə, millətimiz başıuca olsun deyə canlarından, ailələrindən, övladlarından keçən şəhidlərimiz, sizsiz çəkdiyimiz qəhqəhələrə görə bizi bağışlayın. Gecə yuxusundan “ata” deyə diksinib oyanan şəhid balaları, qolumuzu övladlarımızın boynuna sarıb, qoxlaya-qoxlaya isti yatağımızda yatdığımız üçün bizi bağışlayın...

 

Sevinclə qəm qardaşdır. Biz bu gün əkizik bu qardaşlara. Bir gözümüz güldüsə, bir gözümüz ağladı. Azad olunan hər qarış torpağın xəbərinə sevincdən göylərə yüksəldiksə, alınan hər şəhid xəbərinə həmin göylərdən yerə çırpıldıq. Acısını iliklərimizə qədər hiss etdik. Hamımız əsgər anası, hamımız əsgər bacısı olduq bu günlərdə. Ancaq unutmadıq ki, “bayraqları bayraq edən üstündəki qandır”. Bu gün şəhid anası qürurla deyir, “mənim oğlum şəhiddir”, “Vətənim azaddır”, “Vətən sağ olsun”.  Nə qürurlu, nə uca millətik, İlahi! Nə gözəl yaraşır bu millətə azadlıq, birlik! Dünyanın hər yerində yaşayan 50 milyon Azərbaycan türkü özünə qayıtdı artıq. Gözlər, ürəklər Qarabağa dikəldi, “arzulara Qarabağ ana oldu”, “İnşallah”lar  “şükürlər olsun”la bitdi, min şükür. Kəsilən qurbanların qəbul oldu, gözün aydın millətim, gözün aydın, Vətənim!

 

Daşına-torpağına qurban olduğum Azərbaycanım, azadlıq sənə necə də yaraşır. Hər zərrən gülür, Cıdır düzündə yallı gedən əsgərlərimizə göylərdə şəhidlərimiz eşlik edir, hər yerdə Məhəbbətin “Laçın”ı, “Xudayarın təsnifi” duyulur, hər yan Xarı Bülbül qoxur artıq. Rahat uyuyur artıq məzarında Xan qızı Natəvanım, ruhu şaddır Poladımın, Mübarizimin, Fəridimin. Layla deyir “Qarabağ şikəstəsi” Xocalıda şəhid olan günahsız körpələrə. Hər evdə yeddidən yetmişə milyonlarla əsgərin tək ürək olub sənə “can fəda” deyir, Qarabağ! Bəxti qara qalmayan, Qarabağ! “Dəmir yumruq”la düşmənin başını əzən Ulu Türkün şanlı övladları, Allah sizi qorusun! Birliyimiz pozulmasın, əbədi dalğalansın al bayrağımız! Dünya durduqca var olsun, uğruna “minlərlə can qurban olan” ana Vətənimiz, ata yurdumuz!

 

Lətafət KƏRİMOVA