Qəbiristanlıq elə bir yerdir ki, ölümün varlı, kasıb, yaxşı, pis, güclü, zəif, sağlam, xəstə demədən hamı üçün eyni olduğuna bir daha əmin olursan. Ona görə də dəfn mərasimləri, qəbir ziyarətləri insanlarda bədbin əhval yaradır və həyatı sorğulamağa, cavabsız suallarla boğuşmağa zəmin yaradır.

 

Dünyadakı bütün xalqların özlərinə məxsus inancları, dəfn etmə adət-ənənələri var. Məsələn, zərdüştlük dünyanın ən qədim dinlərindən biridir. Qədim zamanlarda zərdüştlərin inancına görə, təbiəti korlamamaq üçün ölüləri yandırmaq, ya da torpağa basdırmaq olmazdı. Onları yalnız təbiətin səssizliyində yırtıcı quşlara əmanət etmək olardı. Həmin ərazi “səssizlik qalası” kimi tanınırdı. Sonradan bu qalanın məzarlıq kimi istifadəsi qadağan olunur.

 

Maraqlı inanclardan biri də boliviyalıların inancıdır. Onlar inanırlar ki, torpaq dəfn olunan şəxsin günahlarını özünə hopdura bilir. Məhz bu səbəbə görə vəfat edən şəxsi öncə qəbiristanlıqdakı sərdabəyə yerləşdirirlər; yeddi ildən sonra sərdabədən çıxarılan cəsəd qəbiristanlığın ərazisində torpağa tapşırılır. Dəfndən iyirmi il keçdikdən sonra cəsəd yenə qəbirdən çıxarılır və qohumlarına təhvil verilir. Onlar da cəsədi başqa qəbiristanlıqda dəfn edirlər.

 

Bizdə isə əvvəlcə üç gün camaat yas evinə gedib-gəlir, ev yiyəsindən qulluq gözləyirlər. Ölünü basdırdıqdan sonra da ehsanından yeyib, süfrənin bolluğundan-azlığından; yas pulunun az yığılıb, çox yığılmasından; kim gəlmişdi, kim gəlməmişdidən danışırlar. Şər qarışana kimi oturub sağ ikən mərhumun arxasınca danışanlar, öləndən sonra xoş sözlər deyir, onu yaxşı insan kimi xatırlamağa çalışırlar. Habil Əliyev demiş, öləndən sonra onu elə tərifləyirlər ki, adamın sağ ikən ölməyi gəlir.

 

Ölüyə bahalı daş qoyulmalıdır deyib imkana, vəziyyətə baxmadan bir yolunu tapıb məzar daşı düzəltdirirlər.

 

Mən və ailəm qəbiristanlıq yaxınlığında yaşayırıq, bunun hekayəsi bir az uzundur. Babamla nənəm  əlli il bundan öncə buranı özlərinə yurd edib, ev tikiblər. İllər keçdikcə burada evlərin sayı artıb, məhlələr salınıb. Məhlənin yuxarısında isə qəbiristanlıq yerləşir. Əsas yola, mərkəzə getmək üçün bu yolu istifadə edirdilər, balaca qapılar var idi. Elə biz də on iki il ötür ki, məktəbə getmək üçün hər gün həmin o balaca cığırdan istifadə etmişik.

 

Bizim qəbiristanlıq yaxınlığında yaşadığımızı öyrənən hər kəs bizdən soruşur ki, bəs qorxmursunuzmu hər gün yüzlərlə ölünün olduğu bir yerdən keçməyə. Burada qorxulacaq bir şey yoxdur. Bizim üçün yad olanlar öz doğmaları üçün çox dəyərlidir, bunu bilərək onlara zərər vermədən sakitcə keçib getməyimizin kimə nə ziyanı vardır. Əksinə, hər gün oradakı insanları görərək hər kəsin son mənzili burası olduğunu xatırladır insana. “Məzar bu gün yaşayanların sabahkı evidir” – bunu unutmamalıyıq, amma təəssüf ki, düşünməyənlər var...

 

Bəzi öz ölüsünə belə hörmət qoymayan şəxslər oradan oğurluq etməyi özlərinə, öz mənliklərinə sığışdırmağı bacarırlar. Gecədən qəbir daşını oğurlayıb, dəyişdirib başqasına məzar daşı olaraq satmağı; güldanları, bahalı heykəlləri yerindən çıxarıb aparmağı bacarırlar. Bunlar azmış kimi, qəbiristanlıqdan otaracaq olaraq istifadə etməyə çalışanlar da var.

 

Bir neçə gün öncə dərsdən qayıdarkən artıq qaranlıq düşmüşdü, qəbir əhlini salamlayıb qəbiristanlığa daxil olanda orada otlayan inəkləri gördüm, bu inəkləri bura ötürən necə düşüncəsiz biridir deyə çox hirsləndim. Heçmi düşünmür ki, mənim də qohumum, yaxınım var bu qəbiristanlıqda, bu ölülərin arasında?.. Doğrudan da başa düşmürəm bu necə hörmətsizlikdir. Sən oradan oğurladığın məzar daşını başqasına satıb pulunun üstünə pul qoymaqla və yaxud otardığın inəyin südünü içməklə nə qazandığını düşünürsənmi? Sultan Süleymana qalmayan dünya sənəmi qalacaq?..

 

“Qoy mənim tabutumu ən yaxşı həkimlər aparsın. Hamı bilsin ki, hətta onlar da ölümün qarşısında acizdirlər. Qəbrə çatana qədər yolda hamıya qızıl paylayın. Qoy başa düşsünlər ki, nə sərvət qazanırsan qazan, bu dünyada qalır. Əllərim tabutdan çöldə qalsın, qoy hamı bilsin ki, Qanuni Sultan Süleyman belə bu dünyadan əliboş getdi”.

 

Aytən Fətullayeva