Yəqin çoxunuz xatırlayırsınız, bir vaxtlar sosial şəbəkələrdə “bu videonu 10 nəfərə göndər, 1 saata xoş xəbər alacaqsan” dövrü vardı. O zaman hamı bir-birinə eyni videonu atırdı, heç kəs də nə baş verdiyini bilmirdi. Kontaktında kim var idisə hamıya göndərirdilər. Gündə on dəfə eyni videonu görməkdən bezmişdik, telefona bildiriş səsi gələndə adamı əsəb tuturdu. İndi həmin ssenarinin modern versiyası qayıdıb – “Temu” çarxı çıxıb. Pulsuz hədiyyə üçün caamat bir-birini axtarmağa başlayıb. Telefonlara “sən canın, bunu bir fırlat” mesajı yağır.
İlk öncə “Temu” nədir və niyə bu qədər populyardır, bu haqda danışım.
“Temu” 2022-ci ildə yaradılmış, sürətlə böyüyən beynəlxalq e-ticarət platformasıdır. O, istehlakçıları birbaşa istehsalçılarla birləşdirərək sərfəli qiymətlərdə geniş məhsul çeşidi təklif edir. Qiymətlərin ucuz olması və məhsulların birbaşa istehsalçıdan göndərilməsi platformanı qısa müddətdə məşhur etdi. İnsanlar ona daha çox Çin bazarına birbaşa çıxış kimi baxır: ucuz paltar, ev əşyası, elektronika və sonsuz sayda xırdavatın satışı mövcuddur. İgidi öldür, haqqını yemə deyiblər. Doğrudan da nə tapa bilməsən, orada var, axtar, sifariş et, qapına gəlsin.
Amma platformanın bu qədər sürətlə yüksəlməsinin əsas səbəbi yalnız ucuzluq deyil. “Temu” platformasının ən çox diqqət çəkən cəhətlərindən biri onun geniş reklam strategiyası və “pulsuz hədiyyə” adı ilə yaydığı oyundur. Bu sistemdə istifadəçilərə paltar, aksesuar və arzuladıqları digər məhsullar tam pulsuz vəd edilir, lakin bu hədiyyəni əldə etmək üçün onlardan bir neçə dəfə oyun oynamaq, çarx (spin) fırlatmaq və ən əsası, dostlarını link vasitəsilə dəvət etmək tələb olunur. Məhz bu son mərhələ artıq sosial problemə çevrilib.
Son illərdə istifadəçilərin bir çoxu sosial şəbəkələrdə, mesajlaşma qruplarında və hətta real həyatda bir-birinə təkidli şəkildə “linki fırlatmaq”, “qeydiyyatdan keçmək”, “bir dəfə linkə daxil olmaq” üçün müraciətlər edir. Nəticədə insanlar bir-birini narahat edir, bəzi hallarda isə bu, münasibətlərin korlanmasına, görülən mesajların sayının artmasına gətirib çıxarır. Ekranı sürüşdürüb görürsən “Temu” linkidir, söndürüb boş verirsən.
“Temu”da “pulsuz hədiyyə” kampaniyası ilk baxışdan adi bir oyun kimi görünür. Amma sistem elə qurulub ki, proses getdikcə çətinləşir, hədiyyə sanki əlçatmaz olur və istifadəçi daha çox adam dəvət etməyə məcbur qalır. Nəticədə sosial şəbəkələr, qohum-qonşu qrupları, məktəb, sinif vatsap çatları, hətta iş yerləri belə “mənim üçün bir gir fırlat”, “qazanmağım üçün bir nəfər qalıb” mesajları ilə dolur. Ən əsəb toxunduran yeri də odur ki, bir nəfər link göndərən kimi başqaları da “hamı edir, mən niyə etməyim, bəlkə qazanıram” deyib o linkə daxil olur, başlayır oynamağa. Sonda hamı əliboş qalır, həvəsləri qırılır. İnsanlar hədiyyə qazanmaq istəyən dostunu qırmamaq üçün linkə daxil olur, amma içdən deyinə-deyinə öz narazılıqlarını bildirirlər. Bir müddət sonra isə bu xahişlər əsəblərə toxunmağa başlayır.
Bir az araşdırdım, psixoloqlar bu cür mexanizmi “sosial təzyiq marketinqi” adlandırırlar. Platforma istifadəçiləri motivasiya etmək üçün “demək olar ki, qazanmısan”, “bir nəfər də dəvət eləsən, hədiyyə sənin olacaq” kimi mesajlarla insanı şüuraltı manipulyasiya edir. İstifadəçilər isə real hədiyyə əldə etmək ümidi ilə dostlarını linklərlə boğur, nəticədə böyük bir kütlə kampaniyaya cəlb olunur. Lakin çox vaxt hədiyyə son mərhələdə ya alınmır, ya da proses uzadılır və istifadəçilər məyus olurlar.
“Temu” çox ağıllı şəkildə emosiyaları hədəfləyir – ümid, maraq, rəqabət, qazanmaq hissi... Bir çox oyunlarda olduğu kimi, beyin pulsuz hədiyyə gələcək düşüncəsi ilə hərəkət edir. Bu, insan psixologiyasının təbii mexanizmidir və böyük şirkətlər bunu yaxşı bilirlər.
Artıq sadəcə əsəbiləşmirik, ciddi mənada bezmişik. Biri var “Temu”nun nə olduğunu belə düzgün bilmədən gün ərzində kim gəldi “sən Allah, bir dəfə fırlat da” deyə link atır. Sanki hər kəsin boynuna borc qoyulub ki, kiminsə spinini xilas etsin. Hətta fırlatmayanda mesaj yazıb adamı təhqir edənlər də var: “Nolar ki, əlinmi qopacaq, paxılsanmı” kimi mesajlar yazırlar.
Gün ərzində kifayət qədər yorulursan, əsəblərin gərilib, başın qarışıqdır... Telefon səsi gəlir və içində bir ümid olur ki, bəlkə yaxın dostundu, bəlkə dərdini böləcəyin birinə ehtiyacın var. Mesajı açıb görürsən: “Bir dəfə fırlat, hədiyyəni qazanıram, az adam qalıb”.
Bir sözlə, “Temu” cəmiyyəti bir-birinə “fırlatdıran” platformaya çevrilib.
Aytən FƏTULLAYEVA