Mənim üçün müəllim haqqında yazmaq çox məsuliyyətli və qürurverici bir haldır. Bəlkə ona görə ki, ziyalı ailəsində doğulmuşam və bu müqəddəs peşənin nə qədər çətin, məsuliyyətli və şərəfli olduğunu daha yaxından görmüşəm, duymuşam.
Müəllim gələcəyi quran varlıqdır, xalqın mənəvi, intellektual, mədəni dəyərlərinin qoruyucusu və daşıyıcısıdır. Müəllimlik peşəsi cəmiyyətin təməlində durandır. Keçmişdən gələn bilikləri gənc nəslə ötürən, onu şəxsiyyət kimi formalaşdıran, onun bilik və bacarıqlarını üzə çıxaran və düzgün istiqamətə yönəldəndir müəllim. Cəmiyyət ağacının kökündə duran təhsildirsə, onun aparıcı qüvvəsi müəllimdir. Müəllim tədris etdiyi fənni mükəmməl bilməli, şagirdin bilik və bacarıqlarını üzərə çıxarmalı və düzgün istiqamətə yönləndirməlidir. Ən başlıca meyar isə müəllimin dərs dediyi şagirdlərini sevməsidir. Məncə, bu əsas təməl müəllimlə şagird arasında körpüdür. Müəllim qurucudur, yaradıcıdır və cəmiyyətin düzgün formalaşmasının memarıdır. Əsrlərdən bəri ən hörmətli peşə müəllimlik peşəsi olub və olmaqdadır. Dəyişən isə zamanın tələbləridir.
Mənim yaşadığım bölgədə çox sayda ailələr var ki, müəllimlik peşəsi nəsildən-nəslə ötürülüb. Mənim qəhrəmanım da belə ailədə göz açıb və babasının yolunu davam etdirmək kimi şərəfli yolu seçib.
Fidan Rəhimovanın babası Kərim Rəhimov Bolnisi rayonunun ən dəyərli, savadlı riyaziyyat müəllimi olub. Uzun illər riyaziyyat fənnini yüksək səviyyədə tədris edən Kərim müəllim eyni zamanda şagirdlərini ali təhsil müəssisələrinə qəbula hazırlayıb, onların tələbə adını qazanmaqlarında mənəvi dəstək olub. Dövrünün ən dəyərli ziyalılarından olan Kərim Rəhimov ömrünü gənc nəslin təhsil və inkişafına sərf edib.
Fidan Rəhimova babasının yolunu şərəflə və layiqincə davam etdirir. O, Muxrana və Naxiduri ümumtəhsil məktəblərində pedaqoq kimi çalışır, ingilis dili fənnini uğurla tədris edir. Gənc müəllimimiz Fidan Rəhimova 2015-ci ildə 603 balla Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinə daxil olmuşdur. Qeyd etmək istəyirəm ki, 603 bal Bakıda yüksək bal hesab olunur, həmin ilin statistikasına əsasən, respublika üzrə imtahan verən 45000 nəfərdən yalnız 1000 nəfəri belə yüksək bal toplaya bilmişdir. Fidan Rəhimova 2019 -cu ildə təhsilini başa vurduqdan sonra Gürcüstana qayıtmış və müəllim kimi çalışmağa başlamışdır. Daha sonra ingilis dili, eyni zamanda Azərbaycan dili və ədəbiyyatı fənlərindən 10 kredit toplayaraq baş müəllim statusu almışdır. Fidan Rəhimova hal-hazırda Azərbaycan Diplomatik Akademiyasında (ADA) təlim və tədrisin metodikası üzrə magistr təhsili almaqdadır. İngilis dilini mükəmməl səviyyədə tədris edən Fidan müəllim şagirdlərin və valideynlərin sevgi və hörmətini qazanmışdır. O, nəinki gözəl müəllim, eyni zamanda şagirdlərinin dostu və etibar etdiyi insandır. İngilis dilini, eyni zamanda ana dilimizi böyük sevgi və yüksək peşəkarlıqla tədris edən gənc müəllimimiz mütəmadi olaraq mükafatlara və diplomlara layiq görülür. Tədris etdiyi fənni zamanın tələblərinə uyğun qurmaqla yanaşı, işinə yaradıcı yanaşma Fidan müəllimin əsas prioritetlərindən biridir. Fidan müəllim çoxsaylı şagirdlərinin sevimli müəllimidir və şübhəsiz ki, belə də davam edəcəkdir. Fidan Rəhimovaya uğurlar arzulayıram və onunla qürur duyuram!
Leyla YUSİFOVA