Ta qədim zamanlardan hər bir yaşayış yerinin öz çayxanası olub. Ərazidəki kişilər həmin çayxanaya gələr, dərdləşər, söhbət edərlər. Amma bu gündən danışsaq, çayxanaya gedənlər işə gedirmiş kimi saatlarını ötürmədən tam vaxtında orada olurlar. Yaşlılar ayrı, orta yaşlılar ayrı, gənclər ayrı saatlarda çayxanaya gedirlər. Çayxanada baş tutan söhbətlər ev tikib, ev yıxacaq səviyyədədir. Dövlət başçılarının ölkə haqqında danışmadıqlarını çayxana əhli, danışmaq oyana dursun, müzakirə edib, həllini tapacaq dərəcədədir...
Gələk gələcəyimiz olan gənclərə, axşam çayxana onlarındır, gecəyarısınadək kart, domino kimi oyunlar oynayıb, vaxtlarını boşa sərf edirlər...
Bəs çayxanaya gedə bilməyənlərin çayxanası haradır? – Bəli, sosial şəbəkələr.
Məsələn, axşamlar evdə nə edirsiniz deyə dostlarıma sual versəm, çoxunun cavabı “telefonda, instaqramda gəzindim”, “bekarçılıq idi, tik-toka baxdım” və s. kimi cavablar olacaq. Digərləri isə “küçəyə çıxmışdım, uşaqlarla çayxanaya düşdük” cavabını verəcəklər. Sonra da, “eşitmisənmi, filankəsin başına belə bir iş gəlib” deyib həmin dəqiqə başqalarının həyatı haqqında danışmağa başlayırlar.
Günümüzün sosial şəbəkələri elə virtual çayxanalardır. Necə ki, səksənlərin sonunda cəbhəçilər çayxanalarda imperiya yıxıb, dövlət qururdular, eləcə də bu gün, virtual çayxanalarda istədiyiniz mövzu danışılır. Bir sözlə, “avtoritar rejim” yıxılıb, yerinə “demokratik qüvvələr” hakimiyyətə gətirilir və s...
Sosial şəbəkələr arasında ən populyar olan instaqram bu gün bəziləri üçün hər cür funksiyanı yerinə yetirir: yediyi yeməyi reklam etmək, getdiyi yerin ən xırda detalına qədər paylaşmaq, başqalarına söz atmaq və s. Şəkil paylaşıb sonra da “qızlar, tez şəklimə çoxlu rəy yazıb, bəyənin” deyə qrupa mesaj yazanlar var. Rəylər də ki, sadəcə “ürəyim”, “qızım”, “bu nə gözəllikdir” kimi suni sözlərdən ibarət olur. Onu da deyim ki, daha çox ingilis dilində yazırlar, belə olanda “cool” olurmuş. Gülməlidir, ingilis dilində iki kəlmə söz bilməyənlər “google translate” vasitəsilə söz tərcümə edib, rəy yazıb “cool” görsənməyə çalışırlar. Paylaşdıqları şəklin üzərində saatlarını itirərək şəkli effektlərlə, xoşuna gəlməyən yerləri kəsib-biçməklə başqa birini ortaya çıxaranlar belə var.
İnstaqramdan tanıdığım bir qız var idi, daha doğrusu, sadəcə paylaşdığı bir şəklini görmüşdüm. Sözün açığı, necə gözəldir deyərək şəklini bəyənmişdim. Sonra bu qızı bir tədbirdə gördüm, oxşatmadım, nə yalan deyim, qızın haqqında düşündüklərimlə gerçəkdə olan məni çox təəccübləndirdi. Qızın şəkillərinə baxanda sanki xarici ölkədə yaşayan 18-19 yaşlı gözəl bir gənc qız görürsən. Di gəl gör ki, həmin qız elə bizim rayonun kəndlərindən birində yaşayan bir yeniyetmə imiş. Şəkildə gördüyüm, gözəlliyinə heyrətlə baxdığım qızla qarşımdakı qız bir-birinin əksi idi...
Sözümün canı budur ki, instaqram sadəcə yalanlardan ibarətdir; suni rəylərdən, suni şəkillərdən ibarətdir, heç kim özünü olduğu kimi paylaşmır.
Mənə gülməli gələn paylaşımlardan biri də kitab paylaşımlarıdır. Kitabın yanına bir-iki şam qoyub paylaşım edirlər, yəni ki, baxın, mən kitab oxuyuram. Halbuki şəklini paylaşdığı kitabda söhbət nədən gedir, xəbəri yoxdur.
Bunları qoyaq bir yana, bəziləri üçün evlilik proqramı halına gəlib sosial şəbəkələr. Bir qızın səhifəsində yad oğlan profili görən kimi başlayırlar dedi-qoduya. Heç altını-üstünü bilmədən danışırlar, düşünmürlər: bəlkə qohumudur, bəlkə sinif yoldaşıdır, bəlkə tanışıdır... təki danışmağa söz olsun.
Bəli, sosial şəbəkələrin həyatımızda böyük rolu var, amma düzgün istifadə qaydası şərtilə. Bəziləri üçün sosial şəbəkələr həyatın mühüm tərkib hissəsinə çevrilibdir.
Vaxt çox dəyərlidir. Yaşadığım həyat necədir deyə heç özünüzə sual vermisinizmi? Başqalarının həyatınımı izləyirik, yoxsa öz həyatımızımı yaşayırıq? Heç tanımadığımız, bilmədiyimiz insanlar haqqında danışırıq, onları izləyirik saatlarla. Dörd saat telefon və ya televizor izləməyin səkkiz saat işləmək qədər insan beynini yorduğunu bilirsinizmi... Başqalarının etdiklərinə baxıb onlara bənzəməyə çalışmaq yerinə, özümüzə daha çox vaxt ayırsaq daha yaxşı olar.
Düzdür, sosial şəbəkələr bəşəriyyət tarixində ən önəmli yeniliklərdən biridir. Sosial şəbəkələr virtual bir dünyadır. Virtual dünya real dünyadan uzaqlaşmağa şərait yaradır. Sosial şəbəkə “sakinlərinin” əksəriyyəti real həyatda müxtəlif problemlərlə üzləşmiş insanlardır. Sosial şəbəkələr isə bu insanlara sanki bir növ sığınacaq yeridir. Biz gənclər, ümumiyyətlə, bu cür sosial şəbəkələrdən istifadə edən hər bir şəxs, özünə məhdudiyyət qoysa daha yaxşı olar. Saatlarla ekranı yuxarı sürüşdürərək vaxtımızı itirmək yerinə, vaxtımızı daha maraqlı şeylərə sərf edə bilərik.
İnternet azaddır, ondan faydalanmağa çalışmalıyıq, mənfi tərəflərindən, zamanımızı alan tərəflərindən uzaqlaşıb, müsbət tərəflərini kəşf etməliyik.
Aytən Fətullayeva