Başlıqdan da məlum olduğu kimi, mövzumuz abituriyentlərdir. Deməli, məni tanıyanlar, əsas da övladları abituriyent olanlar dayanıb mənimlə qısa bir müddət danışmağı özlərinə borc bilirlər. Təbii ki, bunun səbəbi indi övladlarının getdiyi yolları bir il əvvəl mən və mənim kimi abituriyentlərin getməsidir. Onların son zamanlar düşüncələrini zəbt edən tək şey övladlarının universitetə daxil olub ali təhsil almalarıdır. Buna görə çoxdan övladlarını əlavə hazırlıq üçün müəllim yanına qoyublar. Məni görəndə də sual verirlər ki, mən övladımı filan müəllimin yanına qoymuşam və bilmək istəyirəm yaxşı dərs keçirmi, keçdikləri imtahana düşürmü...

 

Əvvəlcə bunu deyim hamı rahat olsun: bütün hazırlıq müəllimləri istiqamətlərini imtahan üzrə götürüb dərs proqramını ona əsasən tərtib ediblər. Qısaca olaraq bəli, demək olar keçdikləri bütün mövzulardan  sual düşür. Amma abituriyentin universitetə qəbul olunması hazırlığa getdiyi müəllimdən daha çox özündən asılıdır. Hazırlıqda keçilən hər bir mövzu məktəbdə geniş bir şəkildə keçilir. Tək fərq məktəbdə sualın cavabını tapmaq üçün həllinin uzun-uzadı, açıq və geniş şəkildə yazılması, hazırlıqda isə vaxt məhdudiyyəti olduğundan düzgün variantın ən tez hansı üsuldan, düsturdan istifadə olunaraq tapılmasındadır. Hazırlıq məktəb dərslərinin təkrarına bərabərdir desək səhv olmaz. Bəziləri elə düşünürlər ki, elə bil müəllim hazırlıqda qeyri-adi nəsə öyrədir. Ona görə də hazırlığa getməyi vacib məsələ sayırlar, zamanlarını yalnız buna sərf edirlər. Halbuki müəllimlər özləri tək onların keçdiyi dərslərin yetərli olmadığını deyirlər. Şəxsən mənim hazırlıq müəllimim hər dərsin sonunda onun verdiyi tapşırıqlarla kifayətlənməməyimizi, evdə özümüzün də əlavə məşğul olmağımızı dəfələrlə dilə gətirirdi.

 

Bir də, bəzi şagirdlərdə belə bir xüsusiyyət var: on iki illik məktəb həyatlarının on bir ilini dərslərə biganə yanaşmaqla keçirirlər, on ikinci sinifə çatanda da düz-əməlli təməli olmadan gedirlər hazırlığa. Yuxarıda da dediyim kimi, hazırlıq sürətli təkrar kimi bir şeydir və əgər sən ən sadə riyazi əməli həll etməyi məktəbdə öyrənməyibsənsə, təməlin yoxdursa, bu, vaxtını boşa xərcləmək deməkdir. Belə vəziyyətdə nəsə öyrənə biləcəyinizə inanmayın. Başdan asan olsa da mövzular sonradan sizə görə çətinləşməyə başlayacaq. Uzun sözün qısası, universitetə qəbul olmaq üçün hazırlığa getmək fikriniz varsa riyaziyyatdan təməliniz olmalıdır, yoxdursa qurmağa başlayın.

 

Bu mövzuya da toxunduqdan sonra keçək yazının “qaymaqlı” hissəsinə.

 

Gürcüstanın imtahan sistemi əksər abituriyentlərə aydındır. Universitetə qəbul olmaq üçün qarşılarında iki seçim var:

 

1. “1+4” proqramı üzrə riyaziyyatdan və verbal hissədən imtahan verib hazırlıq kursuna daxil olmaq.

 

2. Gürcü dilindən, bir xarici dildən (bunlar mütləqdir) və öz seçdiyi fəndən imtahan verərək birinci kursa daxil olmaq.

 

Təbii ki, ikisindən birini seçmək imkanı var, bu, öz yerində. Bizim kimi etnik azlıq təşkil edənlər üçün isə ən sərfəlisi birincini seçməkdir. Çünki belə olduqda imtahanı öz ana dillərində vermiş olurlar. Burada bir il oxuyub gürcü dilində biliyini dərinləşdirdikdən sonra bakalavr oxumağa başlaya bilərlər. Bu da öz yerində. İşin məni maraqlandıran tərəfi niyə bu hazırlıq kursuna daxil olmaq üçün riyaziyyatdan və verbal hissədən imtahan verildiyidir. Olmazmı ki, bizdə də ikinci variant kimi olsun. Demirəm riyaziyyat qaldırılsın, əksinə, başqa fənlər də əlavə olunsun. Hərə öz peşəsinə uyğun imtahan versin. Tibb oxumaq istəyən şəxsin biologiya və kimya kimi fənlərdən imtahan vermək əvəzinə riyaziyyat üzrə pedaqogika oxumaq istəyən abituriyentlər kimi eyni fəndən imtahan verməsi nə dərəcədə düzgündür? Bu hissəni saymasaq “1+4” proqramı çox düzgün seçimdir. Doğrudur, əvvəlki illərlə müqayisədə gürcü dilini bilən azərbaycanlıların sayı daha çoxdur, lakin yenə də bu layihə bir müddət yenə davam etsə yaxşı olar. Çünki hələ də ucqar bölgələrdə yaşayıb gürcü dilini bilməyən şagirdlər çoxdur. Sadəcə imtahan mövzusu bir az genişlənməlidir. Bu da abituriyentlərin əlində deyil. Onların əlindən gələn tək şey mövcud sistem üzrə imtahana hazırlaşmaqdır. Özü də necə hazırlaşmaq. Artıq bəziləri riyaziyyatı həyatlarının tam ortasına yerləşdiriblər. Sosial şəbəkələr bağlanıb, filmlərə baxmırlar, kitab oxumurlar, musiqiyə qulaq asmırlar, heç kimlə əvvəlki kimi ünsiyyət qurmurlar, düz-əməlli yemək yemirlər, yuxu yatmırlar və sairə və ilaxır. Bir sözlə, əvvəlki rejimləri pozulub. Tək məqsədləri qəbul olmaqdır. Axı ondan sonra hər şeyin düzələcəyinə inanırlar. Ən çətini qəbul olmaqdır deyə düşünürlər. İndiki həyatları coşğun çay kimi gəlir onlara, hansı ki, qəbul olduqdan sonra dərəyə dönəcək deyə düşünürlər. Amma görəsən imtahana hazırlaşmaq budurmu? Məncə, xeyr.

 

Əziz abituriyentlər, siz öz məqsədinizə çatmaq üçün öz həyatınızın rəngini soldurmamalısınız. İmtahana hazırlaşmaq gecə-gündüz dərs oxuyub-yazmaq deyil. Artıq məktəb bitir, müstəqil həyat başlayır. Bu həyatda eyni vaxtda bir neçə şeyi etməyi öyrənmək lazımdır. Demirəm hazırlaşmayın, hazırlaşın. Sadəcə özünüzü tək bununla məhdudlaşdırmayın. Kitab da oxuyun, musiqiyə də qulaq asın, filmə də baxın, gəzin, düzgün rejimdə yatın, yemək yeyin. Seçdiyiniz peşə haqqında araşdırmalar edin, əlavə dillər öyrənməyə çalışın. Zamanınızı düzgün bölüb səmərəli istifadə etməyi öyrənin. Əgər siz günün iyirmi dörd saatını düzgün bölə bilməyib yalnız bir şeyə həsr edirsinizsə, imtahanda 3-4 saatı necə düzgün böləcəksiniz? Bir mövzu üzərində çalışıb vaxtınızı itirməyəcəksiniz ki. Ona görə bir şeyə fokuslanmayın. Yoxsa imtahandan sonra həyatınızda boşluq yaranacaq. Allah eləməsin, əgər imtahandan istədiyiniz kimi nəticə almasanız o boşluq qara dəlik olub sizi udacaq. Özünüzü ələ alıb yenidən başlamaq çətin, bəlkə də inamsız olacaq. Heç nəyə həvəsiniz olmayacaq. Buna görə də hobbilərinizi tərgitməyin. Bəli, içi mən qarışıq, qəbul imtahanı hamımızın illərdir xəyalını qurduğumuz həyatın qapısı deməkdir. Bu qapı daha uzun yola açılır və bu yolda yerimək üçün inkişaf etmək və iradə qazanmaq lazımdır. Ona görə ki, qəbul imtahanı son deyil. İmtahanlar hələ yeni başlayır və biz bu dəfə bir çox şeyi eyni vaxtda yerinə yetirməyi bacarmalıyıq. Yəni indidən öyrənməyə başlayın.

 

Hamınızın tələbə adını qazanması diləyi ilə...

 

Müəllif: Çiyalə Osmanova