Günümüzün əsas problemlərindən biri insan münasibətləridir. Haraya baxırsan, kimlə danışırsan hamının bir şikayəti var: boşanmalar artıb, ailələr dağılır, dostluqlar əvvəlki kimi uzunömürlü deyil, insanlar tək-tənha qocalmağa başlayıb... Əvvəllər qonşular bir-birinə gedər-gələrdi, dərdini bölüşərdi, indi isə bəzən eyni evdə yaşayan insanlar belə bir-biri ilə düzgün ünsiyyət qura bilmirlər. İnsanlar anlaşmaq üçün yox, dalaşmaq üçün danışırlar. Danışırlar ki, yaralasınlar. Danışırlar ki, qarşısındakını susdursunlar. Hətta bəzən elə sözlər deyilir ki, insan öz-özünə deyir, kaş zamanında sirrimi onunla bölüşməsəydim, kaş ona bu qədər güvənməsəydim...
İndiki dövrdə problem danışmaq və ya danışmamaq deyil, necə danışmaqdır. İnsanlar səsini qaldıraraq, bağıraraq, çığıraraq danışmağı özlərinə haqq bilirlər. Sakit danışanı zəif sayırlar. Kim daha çox qışqırdısa elə bil o haqlıdır. Amma bu, danışıq deyil, bu, hücumdur. Bu, ünsiyyət yox, müharibədir. Sadəcə silahlar dəyişib, güllə əvəzinə söz atırlar.
Ən acısı da odur ki, insanlar qarşısındakını tanıdığı üçün yaralamağı daha yaxşı bacarır. Keçmiş yaralarını bilir, zəif nöqtələrini tanıyır və məhz ora toxunur. Bir vaxtlar sirr kimi paylaşılan sözlər mübahisə zamanı silaha çevrilir. Bu sözlər adama şillədən daha ağır olur.
İnsanlar bir-birini sözlə məğlub etməyə çalışırlar. Məqsəd problemi həll etmək deyil, qarşı tərəfi sındırmaqdır. Daha çox incidən, daha ağır danışan qalib sayılır. Amma belə qalibiyyətlərin sonunda itən hər zaman münasibət olur. Sevgi itir, hörmət itir, etibar itir. Sonra da hər kəs öz küncünə çəkilib “mən haqlı idim” deyir.
Əslində, problem birdən-birə yaranmır. Heç kim bir günün içində dostundan, həyat yoldaşından, ailəsindən uzaqlaşmır. Hər şey xırda-xırda başlayır. Deyilməyən sözlər, içində saxlanan incikliklər, “boş ver, deməyə dəyməz” deyilən narazılıqlar zamanla yığılıb böyük bir divara çevrilir. Sonra da o divarı aşmaq çətin olur.
İnsanlar çox vaxt qarşı tərəfin onları anlamadığından şikayət edirlər. Amma sual versən ki, sən özün nə qədər açıq danışmısan? Nə qədər hisslərini, fikirlərini düzgün şəkildə ifadə etmisən? Sualımız cavabsız qalacaq. Çoxumuz qarşı tərəfin bizi öz-özünə anlamasını gözləyirik. Elə bil fikrimizi oxumalıdır. Oxumayanda da inciyirik, küsdüyümüzü belə demirik, sadəcə uzaqlaşırıq və ya başqa lazımlı-lazımsız bəhanələrlə bağırıb-çığırıb gedirik.
Boşanmaların artmasının səbəbi də çox vaxt sevgisizlik deyil, danışa bilməməkdir. İnsanlar bir-birini sevməyi bacarır, amma bir-birini dinləməyi bacarmır. Hər kəs haqlı olmaq istəyir, amma qarşı tərəfi anlamağa çalışmır. Mübahisələrdə məqsəd problemi həll etmək yox, qalib gəlmək olur. Halbuki münasibətlərdə qalib də, məğlub da eyni olur.
Dost çevrəsinin az olması, hətta bəzən heç olmaması da bununla bağlıdır. İnsanlar tez inciyir, tez qırılır, amma düzəltməyə çalışmır. Bir səhvə görə illərlə qurulan dostluqlar bitir. Bir anlıq əsəb, bir ağır söz illərin dostluğunu silib ata bilir. Halbuki hər insan səhv edə bilər. Əsas olan səhvi danışaraq həll etməkdir. Sonra da “artıq heç kimə güvən yoxdur” deyirik. Amma bəlkə də problem başqalarında yox, bizim danışıq tərzimizdədir. Bəlkə də biz haqqımızı qorumaqla qarşımızdakını yaralamağı səhv salırıq.
Telefon arxasında mesajlar yazırıq, paylaşımlar edirik, amma səmimi ünsiyyət orada yoxdur. Üz-üzə danışmaqdan qaçırıq deyə onu seçirik, çünki üz-üzə danışmaq çətindir. Çətin olanı isə çox vaxt seçmirik. Asanı seçirik – susmağı, görməməzlikdən gəlməyi, həyatımızdan kimisə silməyi... Halbuki bir çox problem sadəcə bir söhbətlə həll oluna bilər. Düzgün zamanda, düzgün tonda, qarşı tərəfi incitmədən danışmaq münasibətləri xilas edə bilər. Danışmaq zəiflik deyil, əksinə, cəsarətdir.
Sonda demək olar ki, insanlar bir-birinə bir az daha anlayışla yanaşsa, dinləməyi öyrənsə, bəlkə də bu qədər ayrılıq, bu qədər tənhalıq olmaz. Çünki söz həm yaraya duz səpə bilər, həm də yaraya məlhəm ola bilər. Seçim isə hər zaman danışanın əlindədir. Axı böyüklər boşuna deməyiblər: “İnsanlar danışa-danışa, heyvanlar dalaşa-dalaşa”.
Aytən Fətullayeva