İnsanın baş geyimi də, digər geyimləri kimi, başlanğıcda insanı təbiətin şıltaqlıqlarından – soyuqdan, istidən, yağışdan, küləkdən, günəş şüalarından qorumağa xidmət etmiş, tarixi inkişafın sonrakı mərhələlərində isə yeni mənalar, yeni keyfiyyətlər qazanmışdır. İnsanın qoruyucusuna çevrilən geyim, o cümlədən də kişi papağı, qadın baş yaylığı zaman keçdikcə mənəvi dəyərlərlə də yüklənmiş, daha geniş anlamlar ifadə etməli olmuşdur.
Papaq kişiliyin, ərliyin, ərənliyin bəlgəsidir. Bəzən papaq kişiliklə, ərliklə, ərənliklə eyniləşdirilir. Biz insanın adıyla özünün bərabər tutulması barədə başqa bir yazımızda söhbət açmışıq. Papağın da əski düşüncədə insanla bərabər tutulması, şəxsin özünü təhqir etməklə papağını təhqir etmək arasında heç bir fərqin qoyulmadığının şahidi oluruq. Şəxsin özünə və ya papağına qarğış edilməsi eyni mənanı ifadə edirdi. El ağzında bu gün də işlədilən bir sıra qarğışlar dediklərimizi təsdiqləyir. “Papağın boş qalsın”, “Papağıyın qəlfi boş qalsın”, “Papağıyın altı boş qalsın”, “Papağın mıxdan asılı qalsın”, “Papağın hərmədə qalsın” kimi qarğışlarda papağın şəxsin özüylə, papaq sahibiylə eyniləşdirildiyi, onların arasında bərabərlik işarəsi qoyulduğu aydın seçilir. Xalq dilindən gətirdiyimiz bu misallarda papaq sahibinə qarğış edilməsi, ona ölüm arzulanması aydın sezilsə də, qarğış papaq vasitəsilə ifadə olunur, papağın sahibsiz qalması qabardılır.
Burada bir haşiyə çıxmamız gərəkdir. Belə ki, ölmüş şəxsin paltarı – sovxası onun il mərasimindən sonra fəqir-füqəraya verilsə də, papağı və ayaqqabısı evdə saxlanılırdı. Ölmüş şəxsin papağı gözəgəlimli bir yerdə, bizim misalımızda hərmədə, yəni taxçada və ya mıxda, yəni asılqanda saxlanılırdı. Görünür bu, papaq sahibinin ruhunu küsdürməmək və ya ata-baba ruhlarına inamlarla bağlı bir adət olmuşdur. Ruhun ölməzliyinə inanan əcdadlarımız papaq yiyəsinin ruhunun hər həftənin cümə axşamları – adna axşamları evə gələcəyinə inanırdılar. Cümə axşamları evdə ölülərin adına qazan asılması, yemək hazırlanması da onun qarşılanmasına, onun razı salınmasına xidmət edirdi. Ailəni ziyarətə gələn ruhun öz papağını taxçada və ya asılqanda görməməsi onu küsdürə və ailəyə bədbəxtliklər gətirə bilərdi. Görünür ölmüş şəxsin papağı ailə üzvlərinin onu hər zaman xatırlaması, ona ehtiram bəsləməsi üçün bu cür saxlanılırdı.
Papaq kişini tanıdan, cəmiyyətdə onun statusunu, kimliyini müəyyən edən bir vasitədir. Ailədə, eldə kişi cinsindən olanları anlatmaq üçün “paşıpapaqlı” deyimindən istifadə olunması geniş yayılmış ənənə idi. Tarixin müəyyən kəsimlərində papaq artıq fərdləri deyil, toplumları, tayfaları və tayfa birliklərini, hətta sonralar bütöv xalqı tanıdan nişana çevrilərək mənaca genişlənmişdır. Rus illikyazılarının XII yüzillikdən “çyornıe klobuki”, yəni “qarabörüklülər”, “qarapapaqlar” kimi bəhs etdiyi türk toplumlarının tərkibinə tork, peçeneq, berendey və kovi (koyi) türk boyları daxil idi. Qaraqalpaq xalqının bu boylarla bağlılığı barədə də fikirlər mövcuddur. Bu gün Gürcüstan, Türkiyə və İranda yaşayan Qarapapaqların da rus salnamələrində adı çəkilən qarabörklülərlə əlaqəsi barədə elmi ədəbiyyatda müəyyən fikirlərə rast gəlmək imkanımız var. Fikrimizcə, Qarapapaq türklərinin adı bir qədər sonra, daha doğrusu XVI yüzillikdən meydana çıxa bilərdi. Belə ki, bəhs olunan dövrdə sünni və şiə məzhəb müsəlmanları bir-birindən fərqləndirmək üçün “qarapapaqlar” və “qızılbaşlar” kimi istilahların yaranması mümkün idi. Həmin coğrafiyada Səfəvi-Osmanlı müharibələri nəticəsində dini kimliyi anlatmaq üçün bu cür istilahlardan istifadə olunması daha ağlabatandır.
Bir kişinin papağını başından çıxarıb yerə vurması, həmin şəxsin daxili həyəcanının ifadəsidir. Onun kiməsə hirslənməsinin, baş vermiş hadisədən qəzəblənməsinin, eləcə də dərin sarsıntı keçirməsinin əlaməti sayılırdı. Papağın başdan çıxarılaraq sahibi tərəfindən yerə çırplması məsələnin ciddiliyindən, hətta qan davasına qədər gedib çıxacağından xəbər verirdi. Mübahisə və ya münaqişə zamanı kişinin papağını çıxarıb yerə vurması onun güzəştə getməyəcəyi, münaqişəni axıra qədər çürütməyə hazır olması anlamına gəlirdi. Kişi papağını yerə vurmaqla şəxsinə qarşı yönəlmiş həqarətə görə qisas alacağını, bunu etməsə papaq geyinməyin ona haram olmasını, intiqam almadan başına papaq qoymayacağını anlatmaq istəyirdi. Papaqsızlıq isə şəxsin yarımçıqlığının, natamamlığının, kişi olmamasının bəlirtisi sayıla, onun cəmiyyətdən çıxdaş olunmasına gətirib çıxara bilərdi.
Bir kişinin papağının başından çıxarılması da ona qarşı həqarət sayılırdı. Əgər kişi papağını çıxarıb bir yerə qoyardısa, kimsənin ona toxunmaq haqqı yox idi. Obrazlı desək, əski dönəmlərdən yaxın keçmişimizədək geyim dəsti içərisində toxunulmazlıq hüququ qazanmış yeganə nəsnə papaqdır.
Xalq danışıq dilində “papağımı/papağımızı yerə soxdu və ya soxdular” kimi bir deyimin varlığı nədən xəbər verir? Ailə üzvlərindən biri tərbiyəsizlik, əxlaqsızlıq və ya elin ümumi qayda-qanunundan kənar bir hərəkət edərkən, ailə ağsaqqalı və ya evin ağbirçəyi həyəcanla bu cümləni işlədərək, ailəcə el qarşısında biabır olduqlarını, baş vermiş hadisəyə görə el içinə çıxmağın, baş qaldırıb gəzməyin mümkünsüzlüyünü bəyan edir. İfadəni dilinə gətirən ailə başçısının təəssüf və nifrət qarışıq söylədiyi bu bir neçə söz onun keçirdiyi psixoloji sarsıntını nümayiş etdirmək üçün yetərli idi. Elin adətini pozmuş ailə üzvü evin böyüyünün daxili dünyasını viran etmiş hərəkətinin bağışlanmaz olduğunu anlayır, evdə, şenlikdə onu gözləyən cəzanın ədaləti bərpa etmək üçün haqq olduğuna inanır, bəzən eldən-obadan çıxaraq, başını götürüb qürbət ellərə gedir, ömrünün qalan hissəsini qəriblikdə keçirir, bəzənsə veriləcək cəzanı gözləmədən özünə əl qatıb, intihar edir, özü öz cəzasını kəsə bilirdi.
Çərkəzlərdə “Danışacaq kimsən yoxsa papağınla danış” kimi atalar sözü papağın bir kişi üçün əhəmiyyətini və məsuliyyətliyini anlatdığı kimi, bizim “papağını qabağına qoy, düşün” deyimimiz də papağın sahibi ilə həmsöhbət olmasını ifadə edir. Papaq dərd yoldaşıdır, onunla dərdləşərək, sahibi qəlbini gəmirən, könlünə dinclik verməyən hər hansı bir müşkülünü çözmək, həyatın çiyinlərinə yüklədiyi ağır yükü az da olsa yüngülləşdirmək istəyir. Təklənmiş, özünə könül həmdəmi tapa bilməyən bir kişi üçün papağı həmsöhbətə çevrilir. Başqa halda isə, kişi məsuliyyətli bir işə başlamazdan əvvəl papağını qabağına qoyub onunla məsləhətləşməli, yüz ölçüb, bir biçməli olur.
Papaq kişinin kimliyini, şəxsiyyətini təsdiq edən sənəd yerində çıxış edir. Belə demək mümkünsə, papağını göstər, sənin kim olduğunu söyləyim. Papaq güzgüdür, onun vasitəsilə sahibinin kimliyini ortaya çıxarmaq mümkündür. Tez-tez şikayətlənən, ağlayıb-sıtqayan, yoxsulluğun, dolanışığın çətinliyini hər addımda vurğulayan adama “Get, papağını qabağına qoy dilən” deməklə bu sadə gerçəkliyi ona anlatmaq istəyirdilər. Xalq düşüncəsinə görə kişiliyin göstəricilərindən biri də hər çətinlik barədə yerli-yersiz danışmamaq, şikayət etməməkdir.
Afiq MUXTAROĞLU