Marketin qabağında, adamların girib-çıxdığı üstüörtülü meydançanın tam ortasında dayanmışdı. Sanki sağından-solundan keçənləri görmürmüş kimi gözünü harasa, uzaq bir nöqtəyə dikmişdi. Yeyib-içib dünyadan köçüb elə beləsinə deyirlər. Əlində tutduğu torbanın dibində nələrinsə olduğu torbanın qırışlarından bəlli olurdu. Görünür alış-verişdən bir az qabaq çıxıbmış, nəyə görəsə ayaq saxlamalı olub. Kimisə gözləyə də bilərdi.
Bir ara baxışlarını meydançanın sağ tərəfində səliqə ilə düzülmüş gül dibçəklərinin, bukletlərin üzərində saxladı. Üzündə ani bir təbəssüm görünsə də, dalğın, kədərli sifətində bənd almadı. Qəfil gəldiyi kimi də çəkilib getdi. Sevdiyi qadının doğum günümü? Gülmü almaq istəyir? Bu gül-çiçək dəstələri ona uzaq keçmişdə sevdiyi qıza pulsuzluqdan ala bilmədiyi çiçəklərin acı xatirəsinimi yaşadır? Heç nə anlamaq mümkün deyildi. Sifətində ani görünüb, axan ulduz kimi tez də yaranmamışa dönən təbəssümündən də bir şey oxuya bilməzdin.
Cibindən telefonunu çıxarıb xeyli baxdı. Telefonunun yaddaşından unutduğu bir şeyimi aradığı və ya kimdənsə gələn mesajımı oxuduğu bəlli olmurdu. Kimdənsə zəng gözləyənə də bənzəmirdi. Adam marketin pulsuz internetinəmi qoşulmaq istəyirdi? Onun hərəkətləri o qədər namünasib idi ki, nə etmək istədiyi heç cür anlaşılmırdı. Üzünün ifadəsi sirli işarələrlə yazılmış kitabəyə bənzəyirdi.
Qəfil bir hərəkətlə telefonu cibinə soxdu. Kənardan baxanlar artıq onun çıxıb gedəcəyini düşünə bilərdilər. Ancaq o, yerində var-gəl edərək, baxışlarını marketin önündə düzülmüş maşınları sayırmış kimi gəzdirib yenə çiçəklərə baxdı. Bu dəfə üzündə heç bir ifadə dəyişmədi. Dəyişsə də dalğın, kədər basmış üzündə yarana biləcək yeni ifadəni oxumaq mümkün deyildi.
Baxışlarını çiçəklərdən ayırıb, maşınlardan bir az bəridə, marketin giriş-çıxışı ilə paralel duran səyyar mətbəx-bufetin üzərində saxladı. Onun yeməklərəmi, yoxsa pırtlaşıq saçları aşbaz papağının altından səliqəsiz şəkildə kənara çıxmış qırmızıyanaq qadınamı baxdığını anlamaq olmurdu.
Şişman satıcı-aşbaz növbəyə durmuş müştərilərə xidmət edir, arada elektrik ocaqlarda qızartdığı toyuq, balıq yeməklərinə baxmağı da unutmurdu. Üzərinə mayonez sürtülmüş yeməklərin qızartısı, müxtəlif ədviyyatların ətri, bir az da yanmış ət qoxusu marketdən çıxan istənilən adamın gözünə sataşır, burnunu qıcıqlandırır, ağzını sulandırırdı. Mətbəx-bufetin şüşə vitrinlərinə yapışdırılmış şəkilli menyudan istədiyin yeməyi seçə bilərsən. Yeməklərin qiyməti uzaqdan da nəzərə çarpırdı. Müştəri cibinə gənəşərək, mətbəxə yaxınlaşmaq və ya yaxınlaşmamaq qərarını özü verməli idi.
Marketin qabağında var-gəl edən adam ciblərini eşələyərək nəsə axtarırdı. Deyəsən, axtardığını tapmışdı. Ovcunda tutduğu sikkələr mağazanın işıqları altında aydın seçilirdi. Onun baxışlarıyla ovcundakı sikkələri saydığını diqqət edən hər kəs sezə bilərdi. Gözlərini xeyli müddət ovcundakı sikkələrdən ayırmadan hərəkətsiz qaldı. Sanki ovcundakı metal pulları ilk dəfə görmüş kimi onlara diqqətlə baxır, şəklini yadında saxlamaq istəyirdi. Baxışları yenidən mətbəxə yönəldi. Nə fikirləşdisə əlindəki sikkələri cibində gizləyib, əli ilə bir neçə gün əvvəl təraş olunmuş, tükləri payız qırovuna bənzəyən üzünü qaşıdı, bir az da gicgahını ovuşduraraq, yenə də ətrafa göz gəzdirdi. Tərəddüd etdiyi, qərarsızlığı bilinirdi. Hansı tərəfə üz tutacağını bilməyən qərib yolçuya oxşayırdı.
Yemək almağa pulunun çatıb-çatmadığını və ya yemək çeşidləri arasında onun ürəyinə yatan yeməyin olub-olmadığını bilmək çətin idi.
O, qəfildən mıxlandığı yerdən qoparılmış kimi tələm-tələsik yola düzəldi. Təcili işi çıxmış adam kimi addımlarını yeyinləşdirdi. Elə bil ocaqda yağı daşırdı.
Yeriyə-yeriyə sağ əlini sol əlində tutduğu torbanın içərisinə salıb nəsə axtardı. Torbadan çıxardığı nəyisə kimsənin görə bilməyəcəyi bir tərzdə ağzına apardı. Ağzına atdığı loxmanı başına silah dayanmış adam kimi könülsüz-könülsüz çeynəməyə başladı.
Afiq MUXTAROĞLU
Almaniya
9 noyabr 2020