“Mən doqquz uşaqlı ailənin yeddinci övladıyam, beş bacı, dörd qardaşıq. Atam Məhəmməd Rüstəmoğlu məşhur Mövləvilər nəslindən idi, yazı-pozu bilməsə də, gözəl əkinçi-biçinçi idi. Anam Məsmə xanım Alı qızı Qars-Ərzurum-Sarıqamış, bir yanı Başkeçid ellərində tanınmış Mikayıllılardan olmuşdu. Sərrast atıcı olduğu üçün “Kor Alı” təxəllüsü ilə tanınan “qıyıqgöz” ana babam XX əsrin əvvəllərində türk-rus orduları arasında dilmanc işləmişdi. Mənim ilk poeziya müəllimim anam olmuşdu. Onun yanıqlı bayatıları indi də ruhumdadır”.
Özü və nəsli haqqında dediklərindən (Vaqif Yisifliyə istinadən).
***
Bala Muğanlı kəndi, indi Farisi kəndi Bolnisi rayonuna aiddir. 20 kilometr ondan aralıdır. Amma dədə-baba gediş-gəlişi, əlaqəsi, həftə bazarı Sarvanla, indiki Marneuli ilə olub. Çünki rayonun yaxınlığında, qənşərində yerləşir. Vaxt var idi, arabalar dolardı, becərilən məhsul Sarvan bazarına, Tiflis bazarına aparılardı. Bu əlaqələr, bu gediş-gəliş müstəvisində Nayvəlilər nəslindən Məhəmməd kişinin xalası (o Məhəmməd kişinin ki, oğulları Vəkil, Cümşüd, Abbas, onun oğlu Asif Azərbaycanda elm aləminə yaxşı tanışdır, Məhəmməd kişi sonralar müəyyən səbəblərə görə Hacıyev soyadını götürür) Hüsnü Bala Muğanlı kəndinə ərə gedib, burada Rüstəm kişi ilə ailə qurub. Rüstəm kişi və Hüsnünün Məhəmməd, Hümmət, Fatmanisə, Səlmi, Mələk, Ayna, Salatın, Səkinə adında övladları olub. Hüsnünün və Rüstəm kişinin böyük oğlu Məhəmmədin övladları tanınmış alim, şair və tərcüməçilər Vilayət Rüstəmzadə və İbadət Rüstəmzadədir (İbadət Mövləli).
1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü /ev sayına görə) siyahıyaalmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Bala Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 27 ailə yaşayırdı. Bəlkə elə bu balacalıq, balalıq buradan gəlir. Nə isə, Sarvan qızı Hüsnünün gəlişi ilk növbədə ailəni, sonra eli, obanı şenləndirir. Bu balaca, bala kənd də qız verərək kiçik, böyük elləri şenləndirir. Şen olsun bizim ellərimiz.
Onu da deyim ki, Borçalıda bir neçə Muğanlı kəndi var, eləcə də Azərbaycanda var. Bu kəndin adı elə mən də deyərdim ki, Muğana, Muğan toponiminə bağlıdır. Qaldı onun tarixi qatlarına, burada onu çözməyi məqsədyönlü hesab etmirəm. Nə isə, belə fikirləşirəm ki, Muğanlı çox olduğundan, bu kənd də balaca olduğundan onun da adını bala, yəni balaca Muğanlı qoyurlar. Elə ilk ərəfələrdə kəndin 27 ailəsi olub. Bu ailələr arasında Vilayət Rüstəmzadənin babası Rüstəm kişinin də babaları olub. O Rüstəm kişinin ki, babasının adını öz soyadına yaraşdıran Vilayət Rüstəmzadə indi sözün-söhbətin duzudur, yavanlığıdır. Sözün-söhbətin səmtidir. Ondan danışacağam. Onu anacağam. Çünki avqustun 12-də onun doğum günüdür.
Yaşasaydı bu gün 84 yaşı olardı. Gələrdi Borçalıya, bir şeirində vəsf etdiyi Borçalı bağlarını gəzərdi. Bağların içinə qərq olunan Bala Muğanlıda, Rüstəm kişinin yurdunda bardaş qurub oturardı. Olub keçənlərdən, poeziyadan, tərcümədən söhbət açardı. Tərcümə dedim, Yakob Polonskinin ilk dəfə Tiflisdə “Kafqaz” qəzetində dərc olunan şeirinin tərcüməsi yada düşdü. Necə də gözəl edib, gözəl düzüb-qoşub. Polonskinin ruhunun gözəl tərcümanı olub...
Səttar! Səttar! Nə yaman qəhərlidir ah-vayın,
O boğuq fəryadında göy kişnər, bulud ağlar!
Kamanın iniltisi, qavalın qəm harayı
Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar.
Oxuduğum sözləri anlaya bilməyirəm –
Başqa ruhda köklənib əzəldən könül sazım.
Səninsə öz komandan hey ucalıb avazın.
Gecədir... Tiflis susur, mən səni dinləyirəm –
Sanki şərqli qardaşım xəstə qəlbimi didir,
Sənin dilinlə məni danlayır, tənbeh edir...
Bilirəm nə deyirsən, nə danışır ilhamın,
Bəlkə qana qan deyə coşursan, çağlayırsan.
Bəlkə mədh eləyirsən qılıncını İslamın –
Önündə zaman-zaman qullar əsən zamanlar...
Sözsüz mənə aydındır bu ahlar, bu amanlar!
Olmadı, neçə illərdir ki, onun ad günü onsuz qeyd edilir. Bu düşüncə ilə yol gedərək işimi yüngülləşdirmək üçün onun qısa avtobioqrafiyasını verirəm. İnternet doludur.
...1937-ci il avqustun 12-də Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndində anadan olmuşdu. Marneuli Dövlət Pedaqoji Məktəbini, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1964) bitirmişdi.
Əmək fəaliyyətinə “Azərnəşr”də tərcüməçi-redaktor kimi başlamışdı. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdu (1968-71). Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyinin aparatında çalışmış, M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatını tədris etmişdi. “Azərbaycan” jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin, “Azərnəşr”də, “Yazıçı” nəşriyyatında bədii tərcümə redaksiyasının müdiri, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı (yeddi dildə nəşr edilən) “Sovet Azərbaycanı” qəzetinin baş redaktoru, “Azərnəşr”də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzinin məsul katibi, “Türk dünyası” jurnalının baş redaktorunun birinci müavini, “Amal” qəzetinin baş redaktorunun birinci müavini vəzifələrində işləmişdi.
Bu qısa tərcümeyi-halın həcmində nə qədər xatirə, nə qədər təəssürat, nələr, nələr yaşayır.
Artıq xeyli vaxtdır ki, Vilayət aramızda yoxdur. Onun yoxluğunu xatirələr yaşadır. Hər avqustun 12-i gələndə bu xatirələr qanadlanır, dil açır.
Görkəmli yazıçı-jurnalist Nahid Hacıyevin onun barəsində yazdığı “Ürəyimdəsən” adlı xatirədən bir parça:
“– Qardaş, bütün həyatın gəlib keçdi xəyalımdan...
– Məncə, kitablarının, eləcə də rus, özbək və gürcü dillərindən elədiyin tərcümələrin də siyahısı tam deyil. Burada “Oxu, bülbülüm, oxu”, “Qəlbimin gözü ilə”, “Ağlama, məhəbbətim, ağlama” kitablarının və 15 tərcümə kitabının adı var.
– Düz deyirsən, qardaş, bioqrafiyam da kasıb verilib, kitablarımın sayı da tam deyil. Keçənə güzəşt deyərlər. Bunun üçün başqalarında günah görmürəm, öz tənbəlliyim, bəlkə də özümə laqeydliyim üzündən belə olub. Neyləyəsən, keçmişi qaytarmaq mümkün deyil, heyifsilənməyin mənası yoxdur.
– Əziz dost, gəl bunları unudaq...
– Nə deyirəm, unudaq...
– Viloş, əzizim, ilk tanışlığımız yadındadır?
– Əlbəttə ki, heç yaddan çıxarmı o günlər?! O zaman mən Moskvada – M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdum. Bakıya – teleradioya təcrübə keçməyə gəlmişdim. Komitənin sədri Teymur Əliyev (şair Teymur Elçin) məni televiziyanın bədii verilişlər baş redaksiyasına məsləhət gördü. Təklif ürəyimdən oldu. Ancaq bu sevinc çox çəkmədi. Orada üzümə soyuq baxdılar. Bir həftə gəldim-getdim. Nə bir tapşırıq verdilər, nə də oturmağa stul. Yenidən Teymur müəllimə müraciət etmək istəyirdim ki, qarşıma sən çıxdın.
– Hə, yadıma düşdü. Dodağımda siqaret iş otağımdan çıxanda səninlə üz-üzə gəldim. Çəkinə-çəkinə məndən siqaret istədin. Bu, tanışlığımız üçün bir körpü oldu, oradan-buradan danışdıq. Sonra çayxanada oturub xeyli dərdləşdik. O gündən bir-birimizə bağlandıq. Təcrübə günlərində səmimiyyətin, geniş biliyin və xoş, maraqlı söhbətlərinlə teleradio işçilərinin rəğbətini qazandın. Şeirlərin televiziya ekranında, radio dalğalarında səsləndi. Bizim redaksiya üçün də xeyli veriliş hazırladın. Təcrübə müddəti başa çatanda: “Ay eloğlu, – dedin, – sən məni jurnalist elədin”.
Qonorarını hesabladılar – 500 manat. Qol çəkib bu məbləği alanda gözlərinin içinəcən sevinirdin! Əlini çiynimə vurub: “Ay Nahid, – dedin, – indiyəcən heç vaxt əlimə bu qədər pul gəlməyib. Moskvaya çatan kimi sənin sağlığına özümü yaxşıca təzələyib, dostlarımı sevindirəcəyəm. Neçə ildir əynim gözəgəlimli bir kostyum, palto görməyib. İndi isə, əzizim, düş qabağıma. Gedək oturaq Dağüstü parkın kababxanasında. Bir-birimizi yaxşı-yaxşı tərifləyək.
Mən gülümsədim. Sən isə: “Bəs mənə “yaxşı yol” arzulamaq istəmirsən? – deyə ərklə əlini kürəyimə vurdun.
– İstəyirəm, ancaq bir şərtim var.
– Şərtinə quzu kəsərəm.
– Sən mənim qonağım olacaqsan, – dedim, – Mən səndən bir yaş böyüyəm. Elədirmi?
– Elədir.
– Həm də sən tələbəsən.
– Starik, başa düşdüm. Getdik ey, sonrasına baxarıq...”
* * *
Nahid müəllim başqa bir yedə yazır: “Qayınatan, ölməz sənətkarımız, SSRİ xalq artisti İsmayıl Dağıstanlı ilə xoş münasibətimiz var idi. O zaman mən Azərbaycan Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktoru işləyirdim. İsmayıl müəllim tez-tez redaksiyamızın qonağı olurdu. Hər dəfə iş otağının qapısı ağzında görünəndə, bir qayda olaraq özünəməxsus pafos və aktyor ədası ilə ucadan: – Şairin yaxın dostu, əzizim Nahidə atəşin salamlar! – deyirdi.
İsmayıl müəllim çox xeyirxah insan idi. Yaxşılıq eləməkdən, kiminsə işinə yaramaqdan zövq alırdı. Söhbətlərimizin birində ürək ağrısı ilə: – Vilayətin çörəyi daşdan çıxır, – dedi. – Ailəsini ürəyi istəyən kimi dolandıra bilmir. Mənim də hərdən özümə yazığım gəlir. Azərbaycan səhnəsində Leninin obrazını yaradasan, bu qədər titulların, orden-medalın olsun, qızlarına, nəvələrinə ürəyin istəyən köməyi eləyə bilməyəsən. İndi mənim gedib rayonlarda mühazirə oxuyub, monoloq, şeir deyən vaxtımdır? Bunun müqabilində aldığım nədir? On-on beş manat! Vallah, maddi imkan olsa, Vilayəti çox qayğılardan aralayaram. Daha ailəsini dolandırmaq üçün özünü oda-közə vurmaz, oturub şeirini yazar, tərcüməsini eləyər, kitablarını buraxar. O boyda istedad çırpına-çırpına qalıb.
İsmayıl Dağıstanlı həqiqəti deyirdi. Doğrudan da sən yazdıqlarından, elədiklərindən qat-qat çox əsər yazar, iş görə bilərdin. Neyləməli, Tanrı hər birimizə bir cür qismət verir. Ancaq belə bir fikir də var ki, taleyimizi göydə Allah, yerdə isə özümüz yazırıq. Deyən yordum səni, Viloş, çox danışdım.
– Bilsən necə şad eylədin ruhumu... Yaşa, starik, yaşa. Məni məndən yaxşı tanıdığın üçün, unutmadığın üçün yaşa!
– Sən həmişə yaddaşlardasan. Buna əmin ol, rahat yat, Viloş”.
(yazının davamını oxumaq üçün buraya tıkla)
Mirzə MƏMMƏDOĞLU