Bir neçə gün öncə vahid milli imtahanlara qeydiyyatdan keçənlərin sayı açıqlandı. 47000 abituriyent universitetə qəbul olmağın xəyalını qurur. Bununla yanaşı, seçim qarşısında qalanlar var. İnsan müəyyən seçimlər qarşısında qaldıqda düzgün qərarı verə bilməsi də bir o qədər çətinləşir. Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Lakin insan hər zaman bu seçimi istədiyi kimi edə bilmir. Bunun əsas səbəblərindən biri insanın özünü qiymətləndirməyi bacarmamağıdır. “Mənim qabiliyyətim bunadır, bu sahədə irəliləməliyəm” kimi qiymət cədvəlini insan özü doldurmalıdır, istedadını kəşf etməlidir.

 

Bu gün ölkəmizdə gənclərimizin azad seçim etmək imkanı var. Buna baxmayaraq, peşəkar olmayan peşə sahiblərinin sayı günü-gündən artır.

 

Bəziləri nəsildən-nəslə ötürülmə prinsipi ilə peşə seçirlər. Valideynlər həkimdirlərsə mütləq övladları da həkim olmalıdır. Hüquqşünasların uşaqları ancaq hüquq oxumalıdır. 

 

Başqa bir prinsip gənclərimizin digərlərinə baxaraq seçim etməsidir. Kimsə hansısa peşədə uğur qazanırsa gənclərimizin ağlına da həmin peşəni seçmək gəlir. Elə düşünürlər ki, onlar da bu işdə müvəffəqiyyət qazanacaqlar. Peşə seçimini düzgün etmədikdə uzun müddət həyatda öz yerlərini tuta bilmirlər. Gənclərin çoxu peşə seçimini təsadüfi edirlər. Onların yığdıqları bal istədikləri peşəni seçməyə çatmadıqa istər-istəməz başqa ixtisasa yiyələnməli olurlar. Bu da gələcək həyatlarında gənclərimizin iş tapmasında çətinlik törədir. 

 

Maraqlı gəldiyi üçün abituriyent və tələbələrdən ibarət olan sosial şəbəkədə anket açdım. Bu şəkildə bir qism şəxslərin seçim edərkən hansı amilə əsasən seçim etdiklərini öyrənməyə çalışdım. Deməli, 100 nəfərdən 30 nəfər ailəsi istədiyi peşəni seçib, 50 nəfər öz azad düşüncəsi ilə, qalan 20 nəfər isə pullu sahə olduğu üçün həmin ixtisas üzrə oxumağa qərar verdiyini qeyd edib. Daha sonra şərhləri oxudum. Şərhlərin hər biri müxtəlif düşüncələrdən ibarət idi. Bir nəfər yazıb ki, “Sevdiyin peşəni seçməyə, xəyalların arxasınca getməyə dövr imkan yaratmır”. Bir xanım da onun cümləsini davam edib: “Çünki indiki dövrdə hər şeyə pul lazımdır. Maaş günləri onsuz da sevinəcən, pulun əlinə gələndə, isdədiyin kimi geyinib, gəzib, xərcləyəndə işini sevəcəksən”. “İşində pul yoxdursa bir zamandan sonra verdiyin qərardan peşman olacaqsan”. “Ən yaxşısı dədə-baba məsəli, ailə tövsiyəsidi” və s. kimi şərhlər yazanlar da var idi.

 

Gənclərin bir qismi valideynlərinin istədiyi peşəni seçdiklərini qeyd etmişdilər. Peşə seçimində əsas problemlərdən biri də məhz valideynlərlə bağlıdır. Onlar övladlarını öz arzuladıqları ixtisasda görmək istəyirlər. Amma övladlarının fikirlərini öyrənmirlər, onların qabiliyyətini nəzərə almırlar. Uşağın öz seçimi olduğu halda valideynin istəyi ilə başqa peşə seçməli olur. Belə olan halda nə deyə bilərik? Bu zaman belə bir şərh yazdılar: “Yanlış seçimlərin səbəbini sadəcə valideynlərə bağlamaq düzgün olmazdı məncə. Valideynlərin rolu böyükdür, ancaq yeniliyə bağlı cəmiyyət faktorunu, aşağı səviyyəli təhsil sistemini, etnik azlıq olaraq əzilmişliyin gətirdiyi özünə oxşar insanlardan qopa bilməmək və ya ekonomik səbəblər olar bilər. Jurnalistika bakalarvını bitirib, sosiologiya magistraturasını yarıda qoyub dönərçi olmağı anam istəmədi, mən istədim”...

 

Düzgün peşənin seçilməməsi bəzən insanların bədbəxt olmasına gətirib çıxarır. Hər bir insanı hansı peşəni seçəcəyi, hansında uğur qazanacağı fikri düşündürməlidir. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meyilliliyi güclənir və hətta öz peşəsinin mütəxəssisinə çevrilə bilir. Bəyənmədiyin, sevmədiyin işi yerinə yetirmək çox çətin və maraqsız olur, adam işdən yorulur, bezir, işinin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir. Peşə təkcə pul qazanmaq, dolanmaq məqsədi ilə yox, həm də özünü ifadə etmək, doğrultmaq üçün seçilməlidir. Peşənin insan həyatında rolu yüksəkdir. Peşə insanın gələcəyini təmin edir. Ona görə də hər kəs peşə seçərkən düzgün seçim etməlidir.

 

Əgər hər birimiz istəyiriksə işimizdə peşəkar olaq bunun üçün özümüzə ən uyğun olan peşəni seçməliyik. Elə bir peşəni seçməliyik ki, həyatımız boyu məşğul olduğumuz sahədən sıxılmayaq.

 

Aytən FƏTULLAYEVA